26 noyabr 2023 18:05
1056

“Abzas Media"nın sonuncu “abzas”ı: İfşa olunan gizli əməkdaşlıq/VİDEO

Bu, bir faktdır ki, Azərbaycan jurnalistikası bütövlükdə demokratik əsaslar üzərində inkişaf edir. Üstəlik, ölkəmizdə informasiyanın maneəsiz yayılması, obyektiv ictimai rəyin formalaşması təmin olunur, həmçinin hamının öz sözünü demək və yazmaq imkanı gerçəkləşdirilir. Hətta dövlətimiz media qurumlarına vəsait də ayırır. Təəssüf ki, bəzi media qurumu olduğunu iddia edən, amma əslində başqa fəaliyyətlə məşğul olan qurumlar Qərbin “xeyir-dua”sı, pul kisələri ilə fəaliyyət göstərirlər. Bununla da onlar xalqımızın, dövlətimizin maraqlarına  zərbə vuraraq havadarlarının sifarişlərini yerinə yetirirlər. Elə bu günlərdə “Abzas Media" portalı ilə bağlı ortaya çıxan faktlar da bunu təsdiqləyir.  Kokret olaraq xarici donor təşkilatları ilə gizli əməkdaşlığının ifşa olunması bir çox mətləblərə aydınlıq gətirir.

Yeri gəlmişkən qeyd edək ki, külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə “Abzas Media” xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov barələrində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı məlum olub ki, 20-dən çox Qərbə, eyni zamanda ABŞ-a məxsus təşkilatla gizli əməkdaşlıq edən “Abzas Media”nı əməkdaşları “Signal” və “Protonmail” platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları “Aleks” və “Daisy” olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla görüşüblər.

Belə səfərlər zamanı dövlət qeydiyyatına alınmadan bağlanılmış qrant müqavilələri çərçivəsində avro və ABŞ dolları valyutalarında ayrılan qanunsuz pul vəsaitləri Gürcüstanda fəaliyyət göstərən “TBC Bank” və “Bank of Georgia” banklarında Ülvi Həsənovun və Məhəmməd Kekalovun adlarına açılmış bank hesablarına köçürülüb. “Abzas Media”nın “əməkdaşlıq” etdiyi təşkilatlara diqqət edək. Bunlar ABŞ-ın “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası” (American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000”, “German Marşal” Fondu və digərləri.

“Əməkdaşlıq” edilən təşkilatlar arasında ABŞ-ın “Beynəlxalq İnkişaf Agentliyi” (USAID) də vardır. O USİAD ki, onun əsas vəzifəsi digər dövlətlərin daxili işlərini qarışmaq,  həmin ölkələrdəki vəziyyəti öz istəyinə uyğunlaşdırmaqdır. Hətta ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ayrı-ayrı bölgələrdə və ölkələrdə öz planlarını həyata keçirmək üçün USAID-dan istifadə edir. O USAİD ki, ona ermənipərəst Samanta Pauer rəhbərlik edir. O USAİD ki, Azərbaycanda təxribatlar törətmək üçün dəridən-qabıqdan çıxır.

ABŞ demişkən, ölkəmizdə qurduğu təsir agentləri şəbəkəsinin son vaxtlar sarsıdıcı zərbələr alması, "novarçılar"ın, radikal müxalifətdəki "lider"lərin, "müstəqil bloqer"lərin əsl simalarının ifşa olunmasını görən sözügedən ölkənin Azərbaycandakı səfirliyi sabah Bakıdakı "JW Marriott Absheron" hotelində "Məzunlarla görüş" adlı tədbir keçirmək niyyətində idi. Görüşdə ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsinin bir araya gəlməsi gəzlənilirdi. Bu görüşdə təhsil adı altında ABŞ-də olarkən məxfi əməkdaşlığa cəlb edilmiş şəxslərin iştirakı planlaşdırılırdı. Lakin Azərbaycanın müvafiq strukturlarının operativ işi və cəmiyyətin qətiyyətli reaksiyası nəticəsində rəsmi Vaşinqtonun ölkəmizdəki pozucu fəaliyyəti növbəti dəfə uğursuzluğa düçar olub. Belə ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüşü ləğv edilib.

Sual olunur: Qərb və ABŞ-ın təşkilarları 44 günlük Vətən müharibəsindən və 23 saatlıq lokal antiterror tədbirlərindən sonra bölgədə yeni reallıqlar yaradan, müstəqil siyasət yürüdən Azərbaycandan nə istəyirlər?

Şübhəsiz, onların  məqsədi aydındır: Azərbaycan xalqının, həmçinin ölkəmizin rəhbərinin iradəsinə təsir göstərmək, xalqımızın qələbəsinə kölgə salmaq, xalqla dövlət arasında inamsızlıq yaratmaq, cəmiyyəti parçalamaq və ölkəmizi qarşıdurma zonasına çevirmək. Amma həmin təşkilatlar unudurlar ki, Azərbaycan xalqı öz Prezidenti ətrafında dəmir yumruq kimi birləşib. Bu mənada təxribatyönümlü həmin təşkilatların ələ aldıqları qrant şəbəkələri çox uzağa gedə bilmirlər və gedə bilməyəcəklər.  “Abzas Media”nın timsalında bunu görmədikmi?

Bu isə  Qərbin, eyni zamanda ABŞ-ın Azərbaycanda indiyədək reallaşdırmağa çalışdığı növbəti "ssenari"lərinin uğursuzluğa düçar olması deməkdir. Bəli, Azərbaycan hər cür təxribatların qarşısını alır və almaqda davam edəcək. 

Qvami Məhəbbətoğlu, “İki sahil”