Milli kimlik anlayışı müasir sosial və siyasi nəzəriyyələrdə çoxqatlı və dəyişkən bir kateqoriya kimi qəbul edilir. Bu anlayışın mahiyyətində həm obyektiv göstəricilər - dil, ərazi və etnik mənsubiyyət, həm də subyektiv təcrübələr, kollektiv yaddaş və simvolik mənalar sistemi dayanır. Başqa sözlə, milli kimlik verilmiş bir struktur olmaqla eyni zamanda formalaşan və yenidən qurulan sosial prosesdir. Sosioloji və siyasi nəzəriyyələrdə bu məsələ geniş şəkildə araşdırılmışdır.
Fransız sosioloq, sosiologiyanın klassik nəzəriyyəsinin əsas nümayəndələrindən biri Emile Durkheim təhsili "cəmiyyətin özünü yenidən istehsal etmə mexanizmi" kimi xarakterizə edərək deyib: "Təhsil sistemi hər bir cəmiyyətin özünü yenidən istehsal etmə mexanizmidir, o, cəmiyyətin mövcud dəyərlərini, normalarını və sosial qaydalarını yeni nəsillərə ötürür". Bu yanaşma təhsilin ümumilikdə sosial funksiyasını izah etsə də, fikrimcə, burada əsas boşluq kimliyin passiv şəkildə ötürülməsi ilə aktiv şəkildə yenidən istehsalı arasındakı fərqin zəif vurğulanmasıdır. Başqa bir mühüm nəzəri istiqamət isə müasir sosiologiyanın ən nüfuzlu nümayəndələrindən biri Pyer Burdieu tərəfindən irəli sürülmüşdür. O, təhsil sistemini "mədəni kapitalın ötürülməsi və legitimləşdirilməsi mexanizmi" kimi təhlil edərək belə bir fikir söyləyib: "Təhsil sistemi mədəni kapitalın paylanma strukturunu təkrar istehsal etməklə sosial siniflər arasındakı mədəni fərqləri qoruyur və onları legitimləşdirir". Bu fikrə görə, milli kimlik, təhsil vasitəsilə normallaşdırılan və "təbii" kimi təqdim olunan sosial konstruksiyaya çevrilir.

Milli kimliyin "təsəvvür edilmiş" xarakterini vurğulayan amerikalı politoloq və siyasi antropoloq Benedikt Anderson isə bildirirdi ki, millət üzvləri bir-birini şəxsən tanımasalar belə, özlərini eyni təsəvvür edilmiş siyasi və mədəni birlik daxilində dərk edirlər. Andersonun yanaşmasına görə, təhsil milli zaman və məkan anlayışını standartlaşdıraraq fərdlərin eyni tarixi mənalar daxilində düşünməsini izah edir.
Bu yanaşma göstərir ki, təhsil bilik verməklə, eyni zamanda həmin "təsəvvürün" formalaşdığı əsas sosial mexanizmə çevrilir.
Bu kontekstdə britaniyalı filosof Ernest Qellner (Gellner) də sənayeləşmə dövründə milli kimliyin formalaşmasını təhsilin kütləviləşməsi ilə əlaqələndirərək yazır: "Sənaye cəmiyyəti yalnız standartlaşdırılmış kütləvi təhsil sistemi vasitəsilə vahid mədəni və kommunikativ struktur yarada bilər". Onun fikirlərində təhsil milli kimliyin funksional əsaslarını formalaşdırır.
Tədqiqatlar göstərir ki, təhsil sistemi milli kimliyin formalaşması və inkişafında mühüm rol oynayır. Təhsil vasitəsilə cəmiyyətin tarixi yaddaşı, mənəvi dəyərləri və mədəni ənənələri nəsildən-nəslə ötürülür. Deməli, kimlik təbii yox, idarə olunan və öyrədilən bir strukturdur. Bununla yanaşı, dəyişən sosial və siyasi şərait yeni kimlik təsəvvürlərinin yaranmasına da təsir göstərir. Xüsusilə siyasi dəyişikliklər yaşayan və ya müstəqillikdən sonra yeni dövlətçilik istiqaməti müəyyənləşdirən cəmiyyətlərdə təhsil kimliyin yenidən düşünülməsi və formalaşdırılması prosesində önəmli funksiyaya malik olur. Tarix, ədəbiyyat, incəsənət və digər humanitar sahələr vasitəsilə vətənə bağlılıq, kollektiv yaddaşa hörmət, ortaq keçmişin dərk olunması və milli qürur hissi şagirdlərin düşüncə sisteminə daxil edilərək fərdin özünü müəyyən sosial və mədəni bütövlüyün tərkib hissəsi kimi qəbul etməsinə şərait yaradır.
Müasir qloballaşma dövründə milli kimlik anlayışı əvvəlki mərhələlərlə müqayisədə daha mürəkkəb məzmun daşıyır. İnformasiya texnologiyalarının inkişafı, müxtəlif mədəni təsirlərin sərhədləri aşması və rəqəmsal ünsiyyət imkanlarının genişlənməsi fərqli identiklik formalarının bir-biri ilə daha sıx əlaqəyə girməsinə şərait yaradır. Belə bir mühitdə təhsil sistemi eyni zamanda, iki istiqamətdə funksionallıq nümayiş etdirməlidir: bir tərəfdən, qlobal mühitə inteqrasiyanı təmin etməli, digər tərəfdən isə milli-mədəni dəyərlərin davamlılığını qoruyub saxlamalıdır. Məhz bu balans fərdin beynəlxalq bilik və bacarıqlara yiyələnməsi ilə yanaşı, öz milli-mədəni kimliyini itirmədən inkişaf etməsinə şərait yaradır.
Ümumi yanaşmalar göstərir ki, təhsil fərdi şüuru kollektiv identikliklə əlaqələndirən, tarixi təcrübəni müasir reallıqla uzlaşdıran və milli davamlılığı təmin edən əsas sosial institut kimi çıxış edir.
Bu baxımdan müxtəlif ölkə modelləri üzərindən təhlilə keçmək məqsədəuyğundur.
Alman təhsil modeli
Almaniya təcrübəsi milli kimliyin formalaşmasında təhsilin rolunu ən sistemli şəkildə nümayiş etdirən modellərdən biri kimi dəyərləndirilə bilər. Bu modelin özəlliyi ondadır ki, təhsil yalnız bilik verən institut kimi yox, eyni zamanda sosial şüuru formalaşdıran və kollektiv yaddaşı istiqamətləndirən bir mexanizm kimi çıxış edir. XIX əsrdə Almaniyada milli kimliyin formalaşması prosesi təhsil sisteminin məqsədyönlü şəkildə təşkili ilə sıx bağlı olmuşdur. Alman filosofu Johann Gottlieb Fichte tərəfindən irəli sürülən ideyalar bu prosesin nəzəri əsasını təşkil edirdi. O, millətin gələcəyini yeni nəslin tərbiyə olunması ilə əlaqələndirərək yazıb: "Millətin gələcəyi onun təhsil sistemində formalaşan yeni nəslin mənəvi ruhundan asılıdır". Bununla da onun düşüncəsindəki formula təhsili milli ideyanın sistemli şəkildə formalaşdırıldığı məkan kimi təqdim edir.
Bu nəzəri çərçivə alman dövlətçiliyinin praktik siyasəti ilə uzlaşaraq daha geniş məzmun qazandı. Xüsusi ilə Almaniyanın siyasi birləşməsinin əsas memarı və Almaniya imperiyasının ilk kansleri Otto fon Bismark tərəfindən həyata keçirilən siyasi kurs milli birliyin möhkəmləndirilməsində təhsilin rolunu strateji səviyyəyə yüksəltdi. Bismarkın yanaşmasında dövlətin davamlılığı və gücü vətəndaşların şüur səviyyəsi, intizamı və ortaq dəyərlərə bağlılığı ilə birbaşa əlaqələndirilirdi. Bu baxımdan məktəb sistemi idarəetmə mexanizminin ayrılmaz hissəsi kimi çıxış edərək milli inteqrasiyanı təmin edən əsas vasitələrdən birinə çevrildi.
Eyni istiqamətdə alman filosofu, dilçi və dövlət xadimi Vilhelm fon Humbolt tərəfindən formalaşdırılan təhsil konsepsiyası xüsusi əhəmiyyət kəsb edir. Humboltun fikrincə, təhsilin məqsədi insanın bütün potensialını azad şəkildə inkişaf etdirmək və onu mənəvi bütövlüyə çatdırmaqdır. Onun bu modeli elmi azadlıq və akademik müstəqillik prinsiplərinə əsaslanaraq Almaniyada ali təhsilin keyfiyyətini yüksəltmiş, eyni zamanda milli düşüncənin dərinləşməsinə zəmin yaratmışdır.
Bu ideyalar fonunda Prussiya təhsil sistemi konkret institusional formaya çevrildi. Dövlət nəzarətində olan məktəblər vahid proqram əsasında fəaliyyət göstərdi. Dil, tarix və vətəndaşlıq şüurunu eyni xətt üzrə inkişaf etdirdi. Bu sistemdə müəllim şəxsiyyəti xüsusi əhəmiyyət daşıyırdı. O, bilik verən fərd olmaqla yanaşı, milli dəyərlərin daşıyıcısı kimi çıxış edirdi. Bu yanaşmanın simvolik ifadəsi kimi tarixə düşən fikir məşhurdu. "Sadova döyüşünü Prussiya müəllimi qazandı". Bu fikir Oskar Peşel (Peschel) ilə əlaqələndirilir. O bu ifadə ilə təhsilin milli gücün formalaşmasında oynadığı rolu metaforik şəkildə möhtəşəm ümumiləşdirib.
XX əsrin əvvəllərində Almaniya dərin siyasi və sosial sarsıntılarla üzləşdi. Birinci Dünya müharibəsindən sonra, xüsusilə Versal müqaviləsi nəticəsində formalaşan yeni reallıq cəmiyyət daxilində identiklik böhranını dərinləşdirdi. Bu mərhələdə təhsil sistemi milli ruhun bərpasına yönəldildi. Həmçinin mövcud siyasi mühitin təsiri altında müxtəlif ideoloji istiqamətlər yaranmağa başladı. Elə bu fakt özü göstərir ki, təhsil sisteminin məzmunu və istiqaməti siyasi kontekstlə qarşılıqlı təsir şəraitində formalaşır. Sonrakı dövrdə baş verən proseslər təhsilin təsir gücünü daha aydın şəkildə üzə çıxardı. Totalitar ideologiyanın hakim olduğu mərhələdə məktəblər və universitetlər ideoloji təsirin əsas kanallarından birinə çevrildi. Bu vəziyyət milli kimliyin istiqamətinin təhsil məzmunu ilə sıx bağlı olduğunu açıq şəkildə nümayiş etdirdi.
İkinci Dünya müharibəsindən sonra Almaniya cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biri mənəvi və ideoloji yenilənmə idi. Bu mərhələdə təhsil sistemi cəmiyyətin özünü yenidən dərk etməsində həlledici rol oynadı. Müttəfiq qüvvələrin nəzarəti altında həyata keçirilən islahatlar nəticəsində təhsil proqramları köklü şəkildə dəyişdirildi, müəllim heyəti yenidən formalaşdırıldı və yeni kurikulum demokratik və humanist dəyərlər üzərində quruldu.
Bu prosesin fəlsəfi əsaslandırılması alman filosofu və sosioloqu, Teodor V. Adorno tərəfindən verilmişdir. Onun "Oşvitsdən (Auschwitz) sonra təhsil" mövzusunda çıxışlarında irəli sürdüyü yanaşmaya görə, təhsil tənqidi düşüncəni inkişaf etdirməli, eyni zamanda cəmiyyətin etik məsuliyyət hissini gücləndirməlidir. Bu baxış təhsili bilik sistemi ilə yanaşı, mənəvi şüurun formalaşdırıldığı mühit kimi təqdim edir.
Müharibədən sonrakı dövrdə Almaniyanın iki fərqli siyasi sistem çərçivəsində inkişafı təhsil modellərində də öz əksini tapdı. Qərbi Almaniyada demokratik dəyərlərə əsaslanan, açıq və plüralist təhsil sistemi formalaşdı. Şərqi Almaniyada isə sosialist ideologiyası çərçivəsində qurulan təhsil modeli mövcud idi. Hər iki halda təhsil milli kimliyin yenidən müəyyənləşdirilməsi prosesində əsas alət kimi çıxış etdi. Bu mərhələdə alman kimliyi hüquqi dövlət prinsipləri, insan hüquqları və demokratik dəyərlərlə əlaqələndirilərək yeni məzmun qazandı.
Almaniya təcrübəsində təhsilə milli kimliyin formalaşmasında zamanla dəyişən, lakin əhəmiyyətini qoruyan əsas mexanizm kimi baxmaq olar. Bu modeldə intizamın önə çıxması təsadüfi deyil, dövlətin mərkəzləşmiş tarixi strukturunun təhsilə transferidir. Düşünmək olar ki, alman modelinin əsas məhdudiyyəti milli kimliyi daha çox dövlət intizamı ilə eyniləşdirməsidir və bu fərdin subyektiv kimlik təcrübəsini arxa plana keçirir.
Fransız təhsil modeli
Fransız təhsil modelində isə milli kimliyin formalaşmasına fərqli yanaşılır. Bu sistemdə əsas məqsəd daha çox vətəndaşlıq şüuruna, siyasi birlik ideyasına əsaslanır və ümumi mənsubiyyət hissinin yaradılmasına yönəlir. Fransız milli kimlik konsepsiyasının nəzəri əsaslarını filosof və tarixçi, millətin formalaşmasında ortaq tarixi yaddaşın, kollektiv iradənin və mənəvi həmrəyliyin rolunu üstün tutan nəzəriyyəçi Ernest Renan sistemləşdirmişdir. Onun 1882-ci ildə Sorbonna Universitetində səsləndirdiyi "Millət nədir?" mühazirəsində irəli sürdüyü "Millət gündəlik plebisitdir, o, ortaq yaddaş və birlikdə yaşamaq iradəsi üzərində formalaşır" fikrinə görə, millət ortaq xatirələr və birgə yaşamaq iradəsi üzərində qurulan mənəvi birlikdir. Bu yanaşma təhsil sistemində konkret məzmun kəsb edərək şagirdlərin kollektiv yaddaş çərçivəsində formalaşdırılmasına, eyni zamanda onların vətəndaşlıq məsuliyyətinin inkişafına xidmət etmişdir.
XIX əsrin sonlarında, xüsusilə III Respublika dövründə Fransada həyata keçirilən təhsil islahatları bu ideyaların praktik tətbiqini təmin etdi. Fransız dövlət xadimi Jül Ferri (Ferry) qanunları əsasında qurulan yeni təhsil sistemi pulsuz, icbari və dünyəvi xarakter daşıyırdı. Bu sistemin əsas məqsədi dini təsirləri məhdudlaşdırmaqla yanaşı, respublika dəyərlərinə sadiq vətəndaş formalaşdırmaq idi. Məktəblər dövlətin ideoloji dayaqlarından birinə çevrilərək fərdin siyasi identifikasiyasını formalaşdıran əsas mühit rolunu oynadı. Bu modeldə müəllim fiquru xüsusi əhəmiyyət daşıyan respublika dəyərlərini - azadlıq, bərabərlik və qardaşlıq prinsiplərini şagirdlərin şüuruna inteqrasiya edirdi. Bu baxımdan müəllim institutu milli kimliyin formalaşdırılmasında ideoloji vasitə rolunu oynayırdı.
Fransız təhsil modelində dil siyasəti də mühüm yer tutur. XIX əsrin sonlarında ölkə daxilində müxtəlif regional dillər və dialektlər geniş yayılmışdı. Təhsil sistemi vasitəsilə standart fransız dilinin təşviqi milli kommunikasiya məkanının formalaşmasına səbəb oldu. Bu proses mədəni inteqrasiya ilə yanaşı, vətəndaşlıq şüurunun vahid dil üzərində qurulmasına şərait yaratdı. Bu yanaşmada fərdlər lokal identiklikdən ümummilli identikliyə doğru istiqamətlənmişdir.
Bu istiqamətdə amerikalı tarixçi Eujen Veber (Eugen Weber) tərəfindən aparılan tədqiqatlar da xüsusi əhəmiyyət daşıyır. Onun "Kəndlilərdən fransızlara" əsərində göstərilir ki, XIX əsrin sonlarında Fransa əhalisinin böyük hissəsi özünü milli çərçivədə deyil, regional kimliklər daxilində dərk edirdi. Təhsil sistemi, hərbi xidmət və nəqliyyat infrastrukturu bu vəziyyəti dəyişdirərək fərdlərin milli identifikasiya prosesini sürətləndirmişdir. Bu yanaşma təhsilin milli kimliyin formalaşdırılmasında aktiv və transformativ rolunu empirik şəkildə təsdiq edir.
Fransız modelində tarix tədrisi də xüsusi ideoloji məna daşıyırdı. Məktəblərdə təqdim olunan tarix sistemi Fransa dövlətinin davamlılığı, inqilabi ənənələri və respublika dəyərlərinin inkişafı üzərində qurulurdu. Bu yanaşma kollektiv yaddaşın formalaşdırılması ilə yanaşı, vətəndaşların ortaq keçmişə bağlılıq hissini gücləndirirdi.
XX əsrdə Fransız təhsil modeli müxtəlif siyasi və sosial dəyişikliklərə uyğun olaraq transformasiya olunmuşdur. Xüsusilə dünya müharibələri dövründə və sonrasında təhsil sistemi milli birliyin qorunması və vətəndaşlıq şüurunun möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərmişdir. Bu mərhələdə məktəblər milli həmrəyliyin təmin edildiyi sosial institut kimi çıxış etmişdir.
Müasir dövrdə isə Fransız təhsil modeli yeni çağırışlarla üzləşir. Qloballaşma, miqrasiya və multikulturalizm kimi faktorlar milli kimlik məsələsini daha mürəkkəb hala gətirmişdir. Bu şəraitdə təhsil sistemi həm respublika dəyərlərinin qorunmasını, həm də müxtəlif mədəni kimliklərin inteqrasiyasını təmin etməyə çalışır. Bu balans Fransız modelinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir.
Fransız təhsil modeli milli kimliyin formalaşmasında vətəndaşlıq ideyasını mərkəzə yerləşdirən sistem kimi xarakterizə olunur və bu modeldə fərd dövlətin aktiv və məsuliyyətli vətəndaşı kimi formalaşdırılır. Təhsil bu prosesdə kollektiv yaddaşı, ortaq dəyərləri və siyasi şüuru inteqrasiya edən əsas mexanizm kimi çıxış edir və milli kimliyin davamlılığını təmin edən strateji institut rolunu oynayır. Fransız təhsil modeli göstərir ki, milli kimlik daha çox siyasi birlik, vətəndaşlıq məsuliyyəti və ortaq dəyərlər sistemi üzərində formalaşan institusional mexanizm kimi qurulur. Bu modeldə təhsil konkret olaraq respublika ideyasının daşıyıcısına çevrilən əsas sosial institut kimi çıxış edir.
Müqayisəli baxımdan yanaşdıqda, alman modelində ön plana daha çox intizam, mərkəzləşmiş dövlətçilik və tarixi-mədəni davamlılıq çıxırsa, Fransız modelində isə siyasi birlik, vətəndaşlıq şüuru və respublika dəyərləri üstünlük təşkil edir. Hər iki yanaşma fərqli ideoloji əsaslara söykənsə də, təhsil vasitəsilə fərdin kollektiv kimliyə inteqrasiyasını təmin edir. Bu fərq milli kimliyin formalaşmasında vahid universal yanaşmanın mövcud olmadığını, əksinə, tarixi və siyasi kontekstdən asılı olaraq müxtəlif modellərin formalaşdığını göstərir. Bu fərqliliklərin səbəbləri tarixi-siyasi inkişafın daxili məntiqi ilə izah olunur. Almaniyada milli birliyin formalaşması uzun müddət parçalanmış siyasi struktur daxilində getdiyi üçün təhsil sistemi mədəni və dil vahidliyinin yaradılmasına xidmət edən əsas inteqrasiya vasitəsinə çevrilmişdir. Fransada isə mərkəzləşmiş dövlətin artıq formalaşmış olması təhsilin əsas funksiyasını fərqli istiqamətə yönəltmişdir. Əsas məqsədi mövcud siyasi sistem daxilində vətəndaşlıq şüurunun möhkəmləndirilməsi və sosial-mədəni davranışların vahid normativ çərçivəyə salınması olmuşdur.
Beləliklə, hər iki təcrübə təhsilin cəmiyyətin özünü dərk etmə prosesini formalaşdıran strateji institut olduğunu təsdiqləyir. Bu baxımdan təhsil milli kimliyin davamlılığını təmin edən əsas dayaqlardan biri kimi çıxış edir və fərdin cəmiyyətlə münasibətini müəyyən edən fundamental sosial struktur rolunu oynayır.
(ardı var)
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri