26 noyabr 2023 18:51
1274

Vüqar Rəhimzadə: Mayası qərəzdən, xəyanətdən yoğrulan Əli Kərimovun avtoritar idarəçiliyi AXCP-nin sonunu yaxınlaşdırır

Son günlərdə despot sədrin partiyanın daxilində yaratdığı demokratiyadan uzaq şəraitə, intriqalara qarşı etiraz dalğasının genişlənməsi bunu bir daha sübut edir

Azərbaycanın tarixi Zəfəri ilə son 3 ildə yaratdığı reallıqların beynəlxalq arenada qəbul edilməsi  istiqamətində atılan mühüm addımlar artıq uğurlu nəticələrini verməkdədir. Ermənistanın 30 il davam edən işğalından qurtulan torpaqlarımızda bərpa-quruculuq işlərinin miqyası günbəgün genişlənir, soydaşlarımızın azad Qarabağa və Şərqi Zəngəzura qayıdış ünvanlarının sıralanması artır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev atdığı müdrik addımlarla bəyan etdiyi “Nəyi, necə və nə vaxt etmək lazımdır mən bilirəm” prinsipini bir daha təsdiqləyir və sivil dünyaya sözün əsl mənasında tarix, hüquq dərsini keçir.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra düşünürdük ki, işğalçı Ermənistan aldığı dərsdən nəticə çıxarıb torpaqlarımızdan silahlı birləşmələrini tam şəkildə çıxaracaq. Amma hadisələrin gedişi  bunun əksini  göstərdi. Məkrli düşmən darmadağın edilmiş ordusunun tör-töküntüsünü nəinki Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisindən çıxarmadı, əksinə hər fürsətdə onu silahlandırmaq yolunu tutdu. Nəticədə Azərbaycan Ordusunun bu il  sentyabrın 19-da başladığı bir günlük lokal antiterror tədbirləri artıq rəsmi Bakının yağı düşmənin gündən-günə genişlənən təxribatlarına dözüm limitinin  tükəndiyini təsdiqlədi. Üç ilə yaxın müddətdə Ermənistanın qeyd edilən istiqamətdə heç bir addım atmaması, əksinə təxribatlar törədərək  sülh müqaviləsinin imzlanması prosesinin uzanmasına çalışması diqqətdən kənarda qalmadı.

Bunları təkrarən yada salmağımız səbəbsiz deyil. Məsələ burasındadır ki, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə  siyasi partiyaların  Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin siyasətinə dəstəklərini özündə ehtiva edən bəyanatlarına diqqət yetirsək daim bu prosesdən kənarda qalan, hər zaman dövlətə, dövlətçiliyə və millətə  qarşı xəyanətkar mövqe ortaya qoyan AXCP-ni, eyni zamanda, yarandığı gündən anti-Azərbaycan qüvvələrin layihəsi olduğunu atdığı addımları ilə təsdiqləyən qondarma “Milli Şura”da təmsil olunan şəxslərin antimilli, xəyanətkar əməllərini  görmüş olarıq. Mayası qərəzdən, xəyanətdən, qul psixologiyasından yoğrulan bir partiyanın, yəni AXCP-nin  ölkənin qazandığı uğurlara sevinməsinın heç bir zaman şahidi olmadıq. Ən əsası bu gün AXCP-də mövcud olan avtoritar idarəcilik üsuluna diqqət yetirdikdə 20 ildən çoxdur ki, bu siyasi qurumun başında duran və artıq marginallaşmış sədr Əli Kərimovun şəxsi ambisiyaları naminə rəhbərlik etdiyi partiyanın maraqlarını belə tapdalayıb keçmək üçün  hər cür alçaq vasitələrə əl atmaqdan çəkinmədyi açıq-aşkar nəzərə çarpır. Təbii ki, əqidəsini,  vicdanını xarici anti-Azərbaycan dairələrdən aldıqları qrantlara satan bu ünsürlərdən ölkənin xeyrinə hansısa addım atacaqlarını gözləmək belə sadəlövhlük olar. Hazırda AXCP-nin daxilində baş verən qarşıdurmalar, yaranan yarpaq tökümü özündə bununla bağlı bütün məqamları ehtiva edir.

 Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Əli Kərimov hər zaman gəncləri  Vətənə xəyanət ruhunda tərbiyə etmək yolunu tutduğu, ölkənin uğurlarına qara eynəkdən baxdığı  üçün həm partiya, həm də müxalif düşərgənin daxilində qınaqla üz-üzə olub. Hazırkı dövrün reallıqlarına nəzər salsaq bunu bir daha görə bilərik . Məlum olduğu kimi, 30 illik işğal dövründə Ermənistana dəstək funksiyasını yerinə yetirərək münaqişənin   həlli prosesinin uzanmasına, işğalçı ölkədə bu torpaqların onlara məxsusluğu barədə ümid yaradan  bəzi dünya gücləri  son vaxtlar ölkəmizə qarşı qərəzli təbliğatlarının əhatə dairəsini gündən-günə genişləndirirlər. Bu gün ABŞ-ın, Fransanın Ermənistana dəstəyindən daha da ruhlanan AXCP sədri Əli Kərimov, qondarma “Milli Şura”nın marionet rəhbəri Cəmil Həsənli, eyni zamanda, dağıdıcı müxalifət düşərgəsinin öndə gedənləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı kimi milli satqınlar  xarici himayədarlarından aldıqları qrantların qarşılığında onlara dəstəkləri sayəsində ictimai qınaqla üz-üzə qalıblar. Bu ünsürlər belə ikrah doğuran əməlləri, Azərbaycanın milli maraqlarını şəxsi ambisiyalarına qurban vermələri ilə  özlərinə qarşı nifrəti birə on qat artırırlar. Bu üzdəniraqlar torpaqlarımızın işgalının səbəbkarları olduqlarını unutmaqla bir daha nə dərəcədə simasız, vicdansız olduqlarını nümayiş etdirirlər. Azərbaycanda hər kəs vaxtilə torpaqlarımızı kimlərin satdıqlarını, üç il bundan  əvvəl Qarabağı və Şərqi Zəngəzuru kimin azad etdiyini  çox yaxşı bilir. Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində ermənilərlə işbirliyinə gedib Qarabağı  onlara satan əli kərimovlardan bu gün təbii ki, Vətən, xalq naminə hansısa bir əməli  fəaliyyət gözləmək mümkün deyil. Onlar yalnız xəyanət və satmaq sahəsində peşəkardırlar. Bu gün Əli Kərimovun başı  xarici ağalarına  dəstək verməyə və onun qarşılığında aldığı qrantlara  qarışdığından həmişə olduğu kimi, rəhbərlik etdiyi partiyanın daxilində baş verənlərin fərqində deyil.

 YAP Xətai rayon təşkilatının sədri diqqətə çatdırıb  ki, AXCP-də baş verən yarpaq tökümünün növbəti  iştirakçıları  partiyanın Ali Məclisinin və  Təşkilat şöbəsinin  üzvü Seymur Əhmədzadə, həmçinin partiyanın üzvü Pərvin Hüseynlidir. Onlar istefalarının səbəbi kimi Əli Kərimovun avtoritar idarəçiliyini göstərirlər. O da vurğulanır ki, sonuncu “qurultay” şousunun nəticələrinə etiraz edən  şəxslər partiya sıralarını davamlı şəkildə  tərk etməyə başlayıblar. Partiya daxilindən sızdırılan və sosial şəbəkələrdə  yayılan məlumatlara əsasən proses davamlı  xarakter daşıyacaq.  Bu isə “Siyasi partiyalar haqqında” yeni Qanuna əsasən siyasi   partiyaların reyestrindən  keçmək üçün  Əli Kərimovun verdiyi siyahıdakı  5004 nəfərin azalaraq 5 mindən aşağı düşəcəyi barədə əsaslı fikirlərin səsləndirilməsini şərtləndirir. Göründüyü kimi, AXCP-nin siyasi meydandan uzaqlaşmaqda olan yolu daha da yaxınlaşır. Partiya funksionerləri də açıqlamalarında AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyə qarşı Əli Kərimovun xəyanətlərindən, şəxsi ambisiyaları naminə ikili oyunlarından geniş bəhs edirlər. Təbii ki, bir vaxtlar sədrinə xəyanət yolu tutub o zaman Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərlə birgə AXCP-nin parçalanmasına, müxtəlif adlarda fəaliyyət göstərməsinə səbəb olan Əli Kərimovdan istənilən addımı gözləmək olar.

 Vüqar Rəhimzadə qeyd edib ki, partiyadan istefa verənlərin Əli Kərimovun tapşırığı əsasında sosial şəbəkələrdə təhqir olunması onun cılızlığının təqdimatıdır. Vaxtilə bu partiyada təmsil olunan şəxslərin ardıcıl şəkildə  istefa vermələri Əli Kərimovun yaratdığı dözülməz mühitin göstəricisidir. Əli Kərimovun AXCP-də yaratdığı diktatura rejiminə əsaslanan idarəetmə üsulu partiya üzvləri tərəfindən  ifşa edilir. Ə.Kərimovun bu istefalara yol açan addımlarından biri də xarici ağalarından aldığı qrantlara tək sahib olmaq istəyidir. İstefa verənlərin açıqlamalarında bu məqamlar da xüsusi yer alır ki, AXCP sədri partiya üzvlərindən dövlətə qarşı yalan, şər-böhtan kampaniyası aparmağı tələb edir. Buna riayət etməyənlər isə təzyiqlə üzləşir və sonda  partiyadan istefa verirlər. İllərdir AXCP  daxilində yaratdığı demokratiyadan uzaq şəraitə qarşı etiraz dalğasının genişlənməsinə baxmayaraq Əli Kərimovun bundan nəticə çıxarmaq əvəzinə partiyanı tərk edənlərin ünvanına şər-böhtan  yağdırması, yaşananlarda onları günahlandırması artıq bu şəxsləri keçmiş sədrləri haqqında etik qaydalara sığmayan hansısa bir ifadəni səsləndirməyə vadar edir.