Çağdaş dövrün tələblərinə cavab verən çevik iqtisadi siyasətin həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə çoxşaxəli inkişaf strategiyasının reallaşdırılması, infrastrukturun bütün sahələrdə müasirləşdirilməsi Azərbaycan iqtidarının qarşıya qoyduğu məqsədlər sırasında mühüm yer tutur. Modernləşməyə əsaslanan bu strategiya respublikanın milli inkişaf modelinin əsasını təşkil edən başlıca amilə çevrilmiş, iqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipinin gözlənilməsi səmərəli nəticələrə yol açmışdır.
Bu gün Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində digər sahələrdə olduğu kimi Azərbaycan iqtisadiyyatı da yüksələn xəttlə inkişaf etməkdədir. Bildiyimiz kimi cari ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi, yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi çox mühüm hadisə olmuşdur. Zirvə görüşündə Proqramın üzvü olan Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın prezidentləri iştirak ediblər. Macarıstanın və Gürcüstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi isə cənab Prezidentimizin dəvəti ilə Zirvə görüşünə fəxri qonaq qismində qatıldılar. Bu da təbii ki, keçirilmiş Zirvə görüşünün necə yüksək səviyyədə olmasının bariz nümunəsidir. Məlumdur ki, hələ 25 il öncə 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Görüş çərçivəsində qeyd edilən və xüsusilə diqqət çəkən məsələlərdən biri odur ki, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi uğurlu 20 il ərzində məhz Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Bəli, Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Ölkəmizdə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Bu isə Azərbaycanın hərtərəfli inkişafını təsdiq edən real göstəricilərdir. Eyni zamanda ötən illər ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Bunun da 200 milyard dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Deməli, Azərbaycan iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin dərin tarixi kökləri vardır. Bizim din,dil,mədəniyyət baxımdan ortaq cəhətlərimiz vardır.
Ancaq, xüsusilə vurğulamaq lazımdır ki, həmin ölkələrlə olan münasibətlər bu gün bütün dövrlərdən fərqli olaraq ən yüksək səviyyədədir. Azərbaycan öz coğrafi mövqeyinə görə Asiya ilə Avropa arasında birləşdirici rola malikdir. Məhz bu və digər bir sıra səbəblərdən torpaqlarımız zaman-zaman işğala və parçalanmaya məruz qalmışdır. Bu gün Azərbaycan həm iqtisadi cəhətdən regionun ən güclü dövlətinə çevrilib, həm də torpaqlarımızın bütövlüyü tam şəkildə təmin edilib. Bu isə bir daha sübut edir ki, ölkə Prezidenti,Partiyamızın Sədri İlham Əliyev misilsiz fəaliyyəti ilə ölkəmizin maraqları naminə güclü və bənzərsiz siyasət aparır. O siyasət ki, Azərbaycan bu gün qüdrətli dövlətə, həmçinin beynəlxalq müstəvidə də böyük nüfuz və söz sahibinə çevrilib. Mərkəzi Asiya ölkələri ilə həm iqtisadi, həm də sosial, humanitar sahələrdəki əlaqələrimiz günbəgün güclənməkdədir. Sözü imzası qədər dəyərli olan Prezidentimiz İlham Əliyevin sülh, haqq-ədalət, humanizm prinsiplərinə uyğun olan siyasəti və çağırışları ümumilikdə bütün dünya liderləri üçün əvəzsiz bir nümunədir.
Rafiq Əliyev,
YAP Yevlax rayon təşkilatının sədri