29 noyabr 2023 14:57
215

Britaniya bankı Milad bayramı ərəfəsində 900 əməkdaşını ixtisar edəcək

Böyük Britaniyanın “Barclays Plc” bankı xərcləri azaltmaq səyləri fonunda bu ölkədə 900 işçini ixtisar etməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə “Unite” həmkarlar ittifaqının bəyanatında deyilir.

Həmkarlar ittifaqı bankın Milad bayramı ərəfəsində işçilərini ixtisar etmək qərarını “rüsvayçılıq” adlandırıb.

Bankın hüquq, İT və risklərin idarə edilməsi departamentləri daxil olmaqla, müxtəlif şöbələrində ixtisarlar həyata keçiriləcək.

Amma BBC-nin məlumatına görə, “Barclays”ın nümayəndələri planlaşdırılan ixtisarların təfərrüatlarını təsdiqləməyiblər, lakin biznes strukturunu sadələşdirmək üçün tədbirlər gördüklərini qeyd ediblər.

Xatırladaq ki, ötən ilin sonunda bankda 22,3 minə yaxın insan çalışıb.

Bu ilin əvvəlindən bankın kapitallaşması 12,5 % azalaraq 21,1 milyard funt-sterlinqə (26,8 milyard ABŞ dolları) təşkil edib.