Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2013-cü ildən etibarən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə mütəmadi görüşləri keçirilir.
Mayın 20-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.
Görüşdən əvvəl Əbülfəs Qarayev və rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, mərkəzin ekspozisiyası ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm infrastrukturunun inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Ağstafa rayonundan qəbula yazılan vətəndaşlar "Keşikçidağ" qoruğunun ərazisində aşkar edilmiş kurqanların öyrənilməsi və arxeoloji parkın yaradılması, hərbi hissələrin yeni kitablarla təmin edilməsi, kitabxana fondlarına Qarabağ probleminə aid ədəbiyyatın verilməsi, rayonda bir sıra mədəni tədbirlərin keçirilməsi, Heydər Əliyev Mərkəzində yaradılmış xalçaçılıq dərnəyində toxunulması nəzərdə tutulan xalçaların satışına kömək göstərilməsini xahiş ediblər.
Qazax rayonundan qəbula gələnlərin müraciətləri dünya əhəmiyyətli abidə olan "Sınıq körpü”nün təmiri, Kəmərli kənd folklor evində yeni ştatların açılması, «Avey» tarix-mədəniyyət qoruğunun perspektiv inkişaf planının hazırlanması, rayon mərkəzi kitabxanasına aşıq ədəbiyyatı ilə bağlı kitabların verilməsi və digər məsələlər barədə olub.
Tovuz rayonundan olan vətəndaşlar Yanıxlı kəndində yerləşən XVII əsrə aid Şah Abbas məscidinin bərpası, rayon mərkəzləşdirilmiş kitabxana sisteminin yerləşdiyi binanın mədəniyyət və turizm şöbəsinin balansına verilməsi və Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələri ilə birgə tədbirlərin təşkilinə kömək göstərilməsini xahiş ediblər.
Şəmkir və Gədəbəy sakinləri tərəfindən də müxtəlif məsələlər qaldırılıb. Qədim Şəmkir qalasına dövlət qoruğu statusunun verilməsi, tarix-diyarşünaslıq muzeyinin yeni binasında ekspozisiyası qurulması, Gədəbəy rayonda yerləşən musiqi məktəblərində fortepiano alətlərinin köklənməsi üçün mütəxəssislərin cəlb edilməsi ilə bağlı müraciətlər olub.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Nazir jurnalistlərə müsahibəsində bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. “Bugünkü görüşdə 30-dək sakin iştirak edirdi. Bu dəfə də vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürüldü, onların təklif və problemləri dinlənildi" –deyə Əbülfəs Qarayev bildirib.
Qəbulda aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərin yeni ekspozisiyalarla, musiqi və incəsənət məktəblərinin dərs vəsaitləri ilə təmin olunması ilə bağlı faydalı təkliflərin olduğunu deyib: "Avey" və "Keşikçidağ" tarix-mədəniyyət qoruqları, Şəmkir qalası və "Sınıq körpü" ilə bağlı qaldırılan məsələlər insanların tariximizə, mədəniyyətimizə nə qədər həssas yanaşdıqlarını göstərir. Bu tarixi abidələr həm də bölgədə turizmin inkişaf etdirilməsi baxımından önəmlidir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında müvafiq Sərəncamına əsasən nazirliyin 15 regional idarəsi yaradılacaq. Bu idarələrin biri də Ağstafada rayonunda yerləşəcək. Ağstafa Gürcüstanla sərhəddə yerləşir. Bu da bölgənin tranzit olması ilə yanaşı, turizminin inkişafına da öz töhfəsini verəcək".
Regionların turizm imkanlarının təbliğinə dair təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.
Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub