08 dekabr 2023 11:26
350

Parisdə Ümummilli Lideri Heydər Əliyevə həsr edilmiş  konsert keçirilib

Fransanın paytaxtı Parisdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının (ADA) təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, diplomatik korpusun nümayəndələri, fransalı siyasət xadimləri, iş adamları, professorlar və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən qonaqlar Ulu Öndərin müdrik siyasətinin Azərbaycanın dövlət quruculuğunda, siyasi, iqtisadi və digər sahələrin inkişafındakı rolundan danışıblar.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bitməkdə olan 2023-cü ilin Azərbaycan xalqı üçün xüsusi əlamətdar olduğunu bildirərək bu il Azərbaycan dövlətinin suverenliyinin bərpa olunduğunu xüsusi qeyd edib. Səfir ADA-nın mühüm roluna toxunaraq Azərbaycanın dostlarını bir araya gətirərək çətin günlərində ölkəmizə möhkəm dayaq, əsl dəstək olduğunu bildirib.

ADA-nın prezidenti, Fransanın fəxri deputatı Jerom Lamber tədbirdə ADA-nın fəaliyyətinə toxunaraq Azərbaycanın dostlarının hər zaman Azərbaycanı, onun sülhməramlı siyasətini dəstəkləyəcəklərini, Azərbaycan xalqının səsinin Fransada eşidilməsi istiqamətindəki fəaliyyətlərini daha da möhkəmləndirəcəklərini bildirib.

Konsertdə əməkdar artist, tarzən, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə və istedadlı pianist Səidə Zülfüqarova Azərbaycan və dünya bəstəkarlarının musiqilərini ifa ediblər. Konsertdə Vasif Adıgözəlovun "Qərənfil", Arif Məlikovun "Komdenin arzuları", Həsən Rzayevin "Çahargah rapsodiyası" və digər musiqilər səsləndirilib.