09 dekabr 2023 16:56
362

Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli irsi tükənməz milli sərvətdir

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə keçmiş Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyətə başlayanda respublikamızın vəziyyəti heç də ürəkaçan deyildi.Ana dilimiz sıxışdırılırdı. Belə bir şəraitdə respublika rəhbəri təyin olunan Heydər Əliyev vaxt itirmədən Azərbaycanın hərtərəfli inkişafı üçün genişmiqyaslı işlərə başladı. Şəxsi təşəbbüsləri və qətiyyəti sayəsində respublikada çoxsaylı sənaye müəssisələrinin tikintisi üçün mərkəzdən vəsaitlər ayırılmasına nail oldu. İqtisadiyyatı inkişaf etdirmək üçün böyük işlər görüldü. Milli kadrların hazırlanması və yerləşdirilməsi, mənəvi cəhətdən təmiz, istedadlı kadrların vəzifədə irəli çəkilməsi xüsusi diqqətdə saxlanılır, eyni zamanda, korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılırdı.

Ulu Öndər respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atmış, Moskvadakı bəzi qüvvələrin etirazına baxmayaraq Azərbaycanda hərbi məktəbin açılmasına nail olmuşdu. Ancaq bu, işin bir tərəfi idi. Ümummilli Lider Heydər Əliyev təkcə Azərbaycanda hərbi təhsil alan gənclərin deyil, eləcə də SSRİ-nin ali hərbi məktəblərinə respublikamızdan göndərilən gənclərin böyük əksəriyyətinin məhz azərbaycanlı yeniyetmələr olmasını xüsusi diqqət mərkəzində saxlayırdı.Qısa bir vaxtda Azərbaycan durğunluqdan, iqtisadi tənəzzüldən qurtularaq, inkişaf etmiş sənayeyə malik qabaqcıl sovet respublikalarından birinə çevrildi. Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrün ən böyük nəticələri ondan ibarət idi ki, respublikamızda sənayeləşmə siyasəti uğurla həyata keçirilərək, güclü iqtisadi potensial yaradıldı.

1969-1982-ci illər ərzində 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verildi. Bakı ilə yanaşı, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri istifadəyə verildi. 14 ildə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin dövrdə on  mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edir.

İntibah və milli şüurun oyanışı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Xüsusilə də, xalqın təkidi ilə Ulu Öndərin 1993-cü il 15 iyunda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Həmin ərəfədə Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Dahi lider az qala siyasi xəritədən silinəcək  ölkəmizi siyasi fırtınaların cəngindən alaraq, onun strateji mövqelərini bərpa etdi, sabit ölkə imici qazandırdı.
1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Heydər Əliyev milli dövlətçiliyimizin inkişaf konsepsiyasını yaratdı. Ulu Öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlmişdir.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı