Ədəbi ictimaiyyət və ədəbiyyata, halal sözə dəyər verməyi bacaranlar arasında daha çox felyeton və satirik şeirləri ilə C. Məmmədquluzadə və M. Ə. Sabir ənənələrini yaşadan qələm sahibi kimi tanınan Qvami Məhəbbətoğlu son bir neçə ildir ki, çiynini daha ağır bir yükün altına verib. Belə ki, o, dünyaya göz açdığı qədim Alpan kəndinin ictimai-siyasi, mədəni fəaliyyət tarixinə ayna tutub. Artıq onun “Alpan etüdləri” kitabı bir neçə il öncə işıq üzü görüb. Bu günlərdə isə müəllifin “Alpanımız” kitabı oxuculara təqdim olunub. Ucqar və dərin tarixi köklərə malik bir kənd haqqında iki hissədən ibarət “Alpan etüdləri” və “Alpanımız” kimi ensiklopedik bir resurs hazırlayıb oxuculara təqdim etmək o qədər də sadə və asan iş deyil.
Saysız-hesabsız arxiv materiallarıdan istifadə etmək, müxtəlif elm sahiblərindən müsahibələr almaq, zaman baxımından keçmişə nisbətən yaxın yaşlı insanlarla gördükləri, eşitdikləri haqqında sətir-sətir məlumat toplayıb sistemləşdirərək tamamlamaq zəhmətsevərliyi ilə qarışqanı belə utandırmağa qadir Q. Məhəbbətoğlu qələminə çox yaraşır.
Bir ərəb atalar sözündə deyilir: Yazacağın və deyəcəyin hər bir söz üç qapıdan keçməlidir: O, doğrudurmu? O lazımdırmı? O xeyirədirmi? AYB üzvü Q. Məhəbbətoğlunun işıq üzü görən sonuncu iki kitabı da bu meyarlarla simmetrikdir, həmahəngdir. Mən canlı şahidiyəm ki, Qvami müəllim topladığı məlumatların doğruluğuna əmin olmaq üçün onları dəfələrlə müxtəlif mənbələrə müraciət edərək yoxlayır, sonra çapa hazırlayırdı. Məsələn, adi bir məlumat barəsində Qvami müəllim mənimlə də dəfələrlə əlaqə saxlayıb. Kitablarda adları keçən əksər insanlar bu barədə müəllifə yaxından kömək ediblər. Bu faktın özü yazılmaqda olan kitabların lazımlı olmasına inamın dərəcəsini əyani şəkildə nümayiş etdirir.
Alpan kəndi haqqında belə böyük həcmli kitablar hazırlamaq doğrudan da lazım idimi? Qısaca desək, bəli. Alpan haqqında çox yazılıb və yazılacaq da. Yazılanlar əsasən bu kəndin tarixi, əhatə dairəsi, adı haqqında müxtəlif elmi mülahizələr, nöqteyi-nəzərlərdən ibarət olub. Q. Məhəbbətoğlu Alpan kəndini daha ətraflı, fakt və dəlillərlə oxucularına təqdim edir. Burada tarixlə yanaşı, bu tarixin fəal iştirakçılarından tutmuş kənd ictimaiyyətinin əxlaqi-mənəvi simasının formalaşmasında xidmətləri olan adi evdar qadınları, kolxozçusu, fəhləsi, müəllimi, çobanı, 1941/1945-ci illər müharibəsi iştirakçıları və arxa cəbhə qəhrəmanları, o cümlədən Birinci və İkinci Qarabağ müharibələri şəhidləri, qazi və veteranları haqqında mükəmməl məlumatlar oxucunu uzun müddət öz cazibəsindən buraxmır. Bütün bunlar belə kitabların yazılmasının əhəmiyyətli və xeyirli bi iş olduğunu göstərir.
Sovet ideologiyasının qatı dumanına bürünmüş əvvəlki nəsillər özləri ilə o qədər əhəmiyyətli məlumatları məchullaşdırıblar ki, saymaqla bitməz. Məsələn, yüz il yaşamış rəhmətlik atam Alpan bəylərindən söz düşəndə deyirdi ki, (adını unutduğum) bəylərdən biri “Türk” müharibəsi üçün at, silah toplananda “kişinin atını başqası minməz, silahını da başqasına etibar etməz” deyib öz atı və silahını verməklə yanaşı oğlunu da döyüşə göndəribmiş. Ürəyin böyüklüyünə baxın!
Ötən əsrin 90-cı illərinin əvvəllərində bir qrup türkiyəli yazar qonağım olmuşdu. Söhbət əsnasında bu məsələyə də toxunduq. Onların dediyinə görə, Çanaqqala savaşında Azərbycanın hər yerindən, o cümlədən Qubadan da Türkiyənin azadlığına canlarını fəda verən xeyli sayda vətəndaşımız olubmuş. Bir yazar hətta bildirdi ki, Çanaqqala məzarlığında ayrıca “Quba” və “Alpan” şəhidlikləri varmış.
Ailə-məişət, böyük-kiçik, qız-gəlin, qardaş-bacı münasibətlərindən bəhs edən o qədər hekayətlər itib-batıb ki... Kolxos-sovxoz təsərrüfatları yaranana qədər kəndimizin ayrı-ayrı sakinlərinin adlarını daşıyan, bir-birindən əsasən köhnə kişilərin dizi dərinliyində (80-90 sm) xəndəklərlə ayrılan cənnətməkan əkin, bağ sahələri vardı. Uşaqlığımızın ilk illəri bu yerlərdə keçib. Yaşlı insanlar o yerlər haqqında nə qədər maraqlı məlumatlar danışırdılar. Onlardan biri haqqında eşitdiyimi yaxşı xatırlayıram: Atam altı qardaş olan bir ailədən danışırdı. O zaman daha çox geniş əraziyə malik Alpan kəndində bağ və əkin sahələrini əl zəhməti, alın təri ilə yaradırdılar. Ahıl ata torpaq sahəsini oğulları arasında bölüşdürmək qərarına gəlir. Oğullar arasında mübahisə yaranır. Püşk atan zaman onlardan birinə bağ deyil, meşə sahəsi düşür. Ata mübahisəni həll edə bilmir. Boy-buxunu, qolunun gücü və ürəyinin mərhəməti ilə fərqlənən Allahverdi: “Qoy meşə sahəsi mənim olsun, orada mən özüm bağ salaram”, - deyib ataya kömək edir. Çöl-bayırda yaşadığım uşaqlıq illərim o bağın çox yetkin, məhsuldar vaxtlarının şahididir. Meşələrin əhatəsində olan “Allahverdi” yeri bu gün də “yaşayır”, ancaq onu kiminsə əmlak payı kimi tanıyırlar, “Allahverdi” yeri olduğunu çox az adam bilir. Sözardı olaraq onu qeyd edim ki, Allahverdi kişini görən atam deyirdi ki, indi kəndimizdə o boyda adam yoxdur. Nəhəngliyınə görə ona elarası “Ayı Allahverdi” deyirmişlər. Demək istədiyim odur ki, keçmişimiz haqqında müəyyən məlumatları vaxtında toplasaydıq, Q. Məhəbbətoğlunun bu diqqətəlayiq işi iki cild deyil, daha çox olardı.
Bu gün Qərbi Azərbaycana qayıdış uğrunda haqlı və tarixi mübarizəmiz, erməni vanadalizminin vəhşilik miqyasının əhatəsinə baxmayarq, məhz yurd yerlərimizin adları ilə sübuta yetirilir.
Qvami müəllimin bu dəyərli kitabları haqqında bir yazı ilə tam təssürat yaratmaq çətindir. Ümidvaram ki, onlar oxunduqca müzakirə olunası və paylaşılası yeni ideyalar yaradacaq, bu da öz növbəsində daha dərin və ətraflı fikirlərin sətirlənməsinə səbəb olacaq. Müəllifə yeni yaradıcılıq uğurları arzulayıram.
Rahib (Alpanlı) Sədullayev,
ADPU-nun Quba filialı, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi,
Qabaqcıl təhsil işçisi