21 dekabr 2023 17:33
1555

FHN Naxçıvanda “Heydər Əliyev İli”nə həsr olunan tədbir keçirib

Dekabrın 21-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli və nazirliyin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər.

Sonra Heydər Əliyev Muzeyi ziyarət edilib.

Heydər Əliyev Sarayında keçirilən tədbirdə Dövlət Himninin səsləndirilməsindən sonra nazirliyin İctimaiyyətlə əlaqələr idarəsi tərəfindən hazırlanmış “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi” filmi nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlərlə qeyd olunur, dahi şəxsiyyətin ömür yoluna və çoxşaxəli dövlətçilik fəaliyyətinə hərtərəfli nəzər salınır.

Səlahiyyətli nümayəndə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvanda Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq təşkilatçılara təşəkkür edib.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışıb. 100 illik yubileyinin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu bildirən nazir, varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində xalqın ən gözəl keyfiyyətlərini cəmləşdirən dahi rəhbərin həyatını öz xalqına həsr etdiyini xatırladıb.

Ulu Öndərin müqəddəs yolunu uğurla davam etdirən, ata vəsiyyətini şərəflə yerinə yetirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ardınca “Heydər Əliyev İli”ndə - bu ilin sentyabr ayında cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpa edilməsini qürur hissilə diqqətə çatdırıb. Nazir oktyabrın 15-də, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycanın dövlət bayrağını ucaltmasını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi zəfərin, qələbənin zirvə nöqtəsi adlandırıb.

Qeyd edib ki, dövlətimizin başçısının tarixi zəfərə həsr olunmuş möhtəşəm hərbi paradı noyabrın 8-də Xankəndi şəhərində keçirməsi və paradda qətiyyətli çıxışı Azərbaycan xalqını, Dünya Azərbaycanlılarını, bütün Türk Dünyasını hədsiz dərəcədə qürurlandırıb. Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri, nəhəng infrastruktur layihələri ilə heyrətləndirir. Müstəqil ölkəmizin inkişafı, tərəqqisi naminə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.

Kəmaləddin Heydərov 1969-cu ildə respublika rəhbərliyinə gəldiyi ilk günlərdən etibarən xalqının rifahı və inkişafı yolunda mühüm nailiyyətlərə imza atan Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcək müstəqilliyi yolunda real addımlar atdığını qeyd edib. Sovetlər birliyində yaşadığımız illərdə Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri olduğunu deyən nazir, bununla Dahi Rəhbərin gələcək müstəqil dövlətçiliyimizin milli atributunu məharətlə qoruduğunu vurğulayıb.

Fövqəladə hallar naziri xatırladıb ki, ötən əsrin 80-ci illərində yeganə azərbaycanlı olaraq yüksək vəzifələrdə çalışan Ulu Öndər SSRİ rəhbərliyinin yol verdiyi ciddi qüsurlara, şovinizmə, millətçiliyə, separatizmi dəstəkləməklə millətlərarası münaqişələrin qızışdırılmasına, açıq antiazərbaycan siyasətinə qarşı çıxıb, prinsipial mövqe nümayiş etdirib. Vəzifədə olmadığı vaxtda bir xilaskar kimi 20 Yanvar faciəsinin törədildiyi günün səhərisi bütün təzyiqlərə baxmayaraq Moskvada Azərbaycan həqiqətlərini beynəlxalq aləmə bəyan edən, doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Ulu Öndər əvvəl Bakıya, sonra isə Naxçıvana gələrək Qurtuluş missiyasını davam etdirib.

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı 1991-93-cü illəri muxtar respublikanın sosial-iqtisadi inkişafının çətin, eyni zamanda əlamətdar dövrü kimi xarakterizə edən Kəmaləddin Heydərovun sözlərinə görə, bu dövrdə Ulu Öndər Naxçıvanda bir tərəfdən erməni işğalçıları ilə mübarizəyə şəxsən rəhbərlik edir, digər tərəfdən ağır blokada şəraitində olan muxtar respublikanın iqtisadi durumunun, əhalinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində vacib tədbirlər həyata keçirirdi. Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlükdə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin edən Heydər Əliyev burada Azərbaycan ordusunun güclü birləşmələrini formalaşdırıb və ermənilərin hücumlarına qətiyyətlə cavab verilib. Ulu Öndərin bilavasitə təşəbbüsü ilə Ali Məclis muxtar respublikanın adından “sovet, sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərarlar qəbul edib, 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi əbədiləşdirib.

“1990-cı illərin əvvəli ölkəmizin müasir tarixində hərc-mərclik, qeyri-peşəkar idarəetmə, xaos və anarxiya dövrü kimi xatırlanır”, - deyə sözünə davam edən nazir bildirib ki, xalq ən ağır günlərini yaşadığı bir zamanda öz Xilaskarını – sevimli oğlu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə təkidlə çağırdı. Ulu Öndərin bu qayıdışı ilə Azərbaycan dövlətçiliyinin mövcudluğuna, müstəqilliyinə böyük təhlükə olan dövlət çevrilişi cəhdlərinə son qoyulub, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırılıb, cəbhədə atəşkəsə nail olunub, ölkəmizin sivil formada dövlətlərarası əlaqələr sisteminə qoşulması istiqamətində uğurlu addımlar atılıb. Qısa zamanda ölkəmizdə müstəqil dövlət təsisatları yaradılıb, demokratik prinsiplər bərqərar olub, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasətə əsaslanan xətlə inkişaf etməyə başlayıb. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Bu illər ərzində ictimai-siyasi sabitlik və təhlükəsizlik təmin olunub, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılıb, genişmiqyaslı islahatlar həyata keçirilib, ölkəyə xarici sərmayələr cəlb edilib və ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm, zəngin siyasi təcrübə, möhkəm iradə və ən əsası, hədsiz Vətən sevgisi sayəsində reallaşdırdığı nəhəng işlər Azərbaycan tarixinə silinməz qızıl hərflərlə yazılıb.

Fövqəladə hallar naziri Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə son 20 il ərzində həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət nəticəsində müstəqil və suveren Azərbaycan Respublikasının hazırda müasir dünyanın aparıcı dövlətləri ilə bir sırada inamla irəlilədiyini, özünün iqtisadi, siyasi və hərbi qüdrəti ilə qarşıya çıxan istənilən problemin həllinə nail olduğunu iftixar hissi ilə dilə gətirib: “Möhtərəm Prezidentimizin titanik fəaliyyəti və milli maraqlara söykənən siyasəti nəticəsində Vətən müharibəsində qazanılan möhtəşəm zəfər bu uğurların məntiqi nəticəsidir. Əminliklə demək olar ki, xalqımız 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərində yenidən qalib Prezidentinə, müzəffər Ali Baş Komandanına yekdilliklə səs verməklə daha böyük hədəflərə nail olacaqdır”.

Kəmaləddin Heydərov vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcək.

Tədbirdə digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışıb, müasir Azərbaycan dövlətinin Heydər Əliyevin şah əsəri olduğunu iftixar hissi ilə dilə gətiriblər.

Tədbir bədii hissə ilə davam edib.