Bakının 2040-cı ilədək olan dövr üçün Baş planı paytaxtın uzunmüddətli və perspektivli inkişafını təmin edən əsas şəhərsalma sənədi olduğundan tarixi hadisə kimi qiymətləndirilir. Paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə edən Baş plan şəhərin dayanıqlı inkişafı, şəhər və ətraf mühitin bərpası, memarlıq irsinin qorunması və yeni şəhər iqtisadiyyatı formalaşdırılması kimi əsas inkişaf prioritetlərini özündə əks etdirir. Baş planın hazırlanmasında bütün dövlət qurumları və bir çox özəl qurumlar iştirak edib. Qəbul edilmiş sənədə əsasən, vahid mərkəzli aqlomerasiya olan Bakının növbəti inkişaf mərhələsində rahat, ekoloji cəhətdən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevrilməsi hədəflənir. Həmçinin son illərdə paytaxtda avtomobillərin artması ilə əlaqədar tıxacların sayı çoxalmışdır. Bu səbəbdən insanların ictimai nəqliyyatdan rahat istifadə etdiyi şəhərlərdən Vyana bu məsələdə nümunə olaraq götürülüb.
Memar Cahid Həsənov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Bakının 2040-cı ilədək Baş planının təsdiqi yeni dövr üçün başlanğıcdır: “Bu planın təsdiqlənməsində əsas məqam sıxlıq yaranmış paytaxtın mərkəzinin seyrəkləşmə mərhələsinə keçididir. 10-20 il bundan əvvəl, hətta 70-80-ci illərdə Bakının müxtəlif ərazilərindən insanların gəzinti üçün ən çox üz tutduğu məkanlar Fəvvarələr Meydanı və Bakı Bulvarı idi. Lakin yeni Baş plana görə salınacaq yaşıllıqlar, parklar artıq insanların gündəlik gəliş-gediş məkanına çevrilməsi üçün zəmin yaradır. Həmçinin yeni Baş plan paytaxtda yeni turistik istiqamətlərin yaradılması və turistik təkliflərinin şaxələndirilməsi məqsədi daşıyır. Bakının çoxmərkəzli şəhərə çevrilməsi də sıxlığın azalmasında mühüm rol oynayacaq. Eyni zamanda, sıxlığın əsas səbəblərindən olan özəl yaşayış binalarının inşası üçün hazırlanmış qaydalar da bu gün yaranmış faktiki vəziyyətin nizamlanmasına kömək olacaq. Əlavə yeni yolların salınması, köməkçi yolların qoşulması, hətta Xırdalan döngəsində bir neçə yol aşırımlarının olması, nəqliyyat körpülərinin salınması Bakının giriş-çıxışında tıxacların qarşısını alacaq. Bu da öz növbəsində insanların daha rahat, stressiz istədikləri məkana çatmasına kömək olacaq. Baş planın təsdiqi təkcə şəhərin memarlığı və quruluşuna yox, iqtisadi dinamikasına da töhfəsini verəcək. Bütün bunlar Bakının simasını yenidən özünə qaytaracaq”.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov isə qeyd etdi ki, Bakının Baş planı hər bir azərbaycanlı üçün önəmli məsələdir: “Bu, paytaxtın uzunmüddətli inkişafını nəzərdə tutur. Burada çoxşaxəli və həllini gözləyən bir çox məsələlər əksini tapıb. Şəhərimizi böyük və inkişaf etmiş görmək hər bir azərbaycanlının arzusudur”.
Sayalı Abasova, “İki sahil”