26 yanvar 2024 00:33
1984

Azərbaycan nümunəsi təqdim ediləcək - Yaşıl dünya naminə

Azərbaycan COP29-a ev sahibliyi etməklə təbiəti qorumaq və onunla harmoniyada yaşamaq bacarığını ortaya qoyacaq

Mineral yanacaq növlərindən istifadənin geniş yayılması nəticəsində atmosferə atılan istixana qazlarının həcminin artması dünyada temperaturun yüksəlməsinə səbəb olub. Temperaturun qlobal səviyyədə artması hava şəraitini dəyişib. Belə ki, ekstremal hava hadisələri və təbii fəlakətlər daha tez-tez baş verir. Sürətlə dəyişən iqlim insanlar üçün sağlamlıq problemləri və bir çox heyvan növlərinin nəslinin kəsilməsi təhlükəsi yaradıb. Beynəlxalq ekspertlərin bildirdiklərinə görə, təkcə havanın çirklənməsi hər il təqribən 9 milyon insanın ölümü ilə nə-ticələnir. Mütəxəssislərin fikrincə, gələcəkdə temperatur bir yarım dərəcədən çox artarsa, iqlim sistemində çox ciddi dəyişikliklər baş verəcək. Elə bu kimi səbəblərdən iqlim dəyişmələri planetimizin qlobal ekoloji problemlərindən birinə çevrilib.

Təmiz ətraf mühit və yaşıl artım

Beynəlxalq aləm bu problemin həlli istiqamətində müəyyən addımlar atmaqdadır. Bu məsələdə Azərbaycan ön sıralarda yer alır. Şübhəsiz, bu  il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Bakıda keçirilməsi elə bu zərurətdən irəli gəlib. İndiyə qədər bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, bu sahədə kifayət qədər təcrübə toplamış paytaxtımız 70-80 min xarici qonağın iştirak edəcəyi bu tədbirin  öhdəsindən bacarıqla gələcək və dünya miqaysındakı imicini artıracaq. Həm də sivil dünyanın ayrılmaz hissəsi kimi ölkəmizin bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək.

Məlum olduğu kimi, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin sənədə əsasən ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur. Hazırda ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Qeyd edək ki, ölkəmiz baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını da hədəf kimi götürüb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın da  “yaşıl enerji zonası” elan edilməsi elə bu istiqamətdə atılan addımlardandır. Ölkəmiz, eyni zamanda, erməni vandallarından təmizlənən ərazilərimizdə münaqişə sonrası həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələrinin reallaşdırılması zamanı ekoloji cəhətdən təmiz texnologiyalara, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara üstünlük verir.

Ətraf mühitin qorunmasına töhfələr

Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu göstərici 270 meqavata çatdırılacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək. Azərbaycan uzun illər ekoloji terrora məruz qalıb, Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizdə təbii sərvətlərimiz talan olunub, ərazilər yandırılıb, 60 min hektardan çox meşə məhv edilib, su ehtiyatları çirkləndirilib, təbii bitki örtüyü, torpağın üst qatı məhv edilib.

Prezident İlham Əliyev ötən il dekabrın 25-də “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamı isə bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür. Həmin sənəddə qeyd olunur ki, “yaşıl enerji” növlərinin yaradılması və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Sərəncamda, həmçinin deyilir: ”BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”.

Tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər görüləcək

COP29 konfransının, daha doğrusu, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin təşkili ilə bağlı sənədin imzalanması da bu tarixi hadisəyə verilən dəyərin təsdiqidir. Təşkilat Komitəsinin yanvarın 22-də keçirilən ilk iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev  2023-cü il dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin COP29-la bağlı keçirilmiş müşavirədə hazırlıq işlərinə dərhal başlanılması barədə verdiyi tapşırığa toxunaraq, tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirib. Bu isə o deməkdir ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə təbiəti qorumaq, eyni zamanda təbiətin dəyərini və onunla harmoniyada yaşamaq bacarığını ortaya qoyacaq. Həm də dünyaya bir daha bəyan edəcək ki, Azərbaycan təbiətdən təmiz enerji alır və onun istehsalını genişləndirməkdədir.

Şübhəsiz, bütün bunlar ölkəmizin yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərdir. Bu mənada həmin addımları Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyi kimi dəyərləndirmək olar. Bütün bunları analiz etdikdə belə qənaətə gəlmək olar ki, Azərbaycanın COP29-u ən yüksək səviyyədə keçirəcəyi və iqlim dəyişmələri ilə mübarizədə yeni bir model ortaya qoyacağı şəksizdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”