02 dekabr 2025 16:00
137

“SOCAR Fiber” TSKB-dən 10 milyon dollarlıq maliyyə dəstəyi əldə edib

“SOCAR Fiber”in baş direktoru: Türkiyəni qitələrarası etibarlı data marşrutlarının mərkəzinə çevirmək niyyətindəyik

Türkiyə Sənaye İnkişaf Bankı (TSKB) “SOCAR Türkiyə”nin rəqəmsal infrastruktur şirkəti olan “SOCAR Fiber”ə 10 milyon ABŞ dolları məbləğində 4 il müddətli rəqəmsal infrastruktur krediti ayırıb. Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vəsaitləri əsasında həyata keçirilən layihə maliyyələşdirilməsi çərçivəsində təqdim edilən bu kredit “SOCAR Fiber”in Türkiyənin şərqindən qərbinədək uzanan fiber-optik infrastrukturunu gücləndirməyə imkan verəcək.

Fiber-optik şəbəkənin modernləşdirilməsi və dayanıqlığın artırılması

Türkiyəni şərqdən qərbə birləşdirən 1 850 kilometr uzunluğundakı fiber-optik şəbəkə üzərindən xidmət göstərən “SOCAR Fiber” mövcud infrastruktur vasitəsilə yerli və beynəlxalq telekommunikasiya operatorlarına əlaqə xidmətləri təqdim edir. Şirkət əldə etdiyi maliyyə dəstəyi ilə mövcud fiber-optik infrastrukturun əlaqə nöqtələri və məlumat əməliyyat binalarındakı enerji təchizatı sistemlərini yeniləməklə, Türkiyənin rəqəmsal infrastrukturunu daha dayanıqlı hala gətirməyi hədəfləyir. Yeni investisiyalar nəticəsində infrastrukturun davamlılığı artırılacaq, mümkün enerji kəsintiləri zamanı belə xidmətin fasiləsizliyi təmin ediləcək. Bu isə yerli və beynəlxalq operatorlara göstərilən xidmət keyfiyyətinin yüksəlməsinə, eləcə də Türkiyənin rəqəmsal iqtisadiyyatda strateji rolunun güclənməsinə töhfə verəcək.

Kənan Məmmədov: Strateji yatırımlarla Türkiyəni qitələrarası data marşrutlarının mərkəzinə çeviririk

“SOCAR Fiber”in baş direktoru Kənan Məmmədov açıqlamasında bildirib ki, TSKB ilə əməkdaşlığımız çərçivəsində təmin edilən bu maliyyə dəstəyi fiber-optik infrastrukturumuzu daha dayanıqlı, səmərəli və davamlı etmək imkanı yaradır: “Bu yatırım yalnız bu günün rabitə tələblərinə deyil, gələcəyin data trafikinin ehtiyaclarına uyğun infrastruktur qurmağı hədəfləyir. Strateji yatırımlarımızla Türkiyəni Avropa, Asiya və Yaxın Şərq arasında qısa və etibarlı quru data marşrutlarının mərkəzinə çevirmək niyyətindəyik. Bu yeni marşrut ənənəvi sualtı kabel xəttlərinə alternativ təqdim etməklə daha az gecikmə və daha yüksək təhlükəsizlik təmin edəcək. Gücləndirilmiş rəqəmsal infrastruktur ilə telekom operatorlarına və internet xidmət təminatçılarına fasiləsiz bağlantı və yüksək performans göstərməyə davam edəcəyik”.

TSKB: Rəqəmsal infrastruktur davamlı inkişafın əsas sütunlarındandır

Əməkdaşlığa dair açıqlama verən TSKB-nin baş direktoru Ozan Uyar vurğulayıb ki, TSKB olaraq davamlı inkişafın ən mühüm tərkib hissələrindən biri olan rəqəmsal infrastruktur investisiyalarını dəstəkləməkdən məmnunuq: “SOCAR Fiber” ilə əməkdaşlığımız ölkəmizin rəqəmsal transformasiyasını sürətləndirəcək və enerji səmərəliliyi yüksək olan infrastruktur sistemlərinin yayılmasına töhfə verəcək. Rəqəmsal infrastruktur yönümlü bu davamlı maliyyə modeli ölkəmizdə bu cür mexanizmlərin tətbiq oluna biləcəyini göstərməklə yanaşı, özəl sektor yatırımlarının beynəlxalq maliyyə ilə əlaqələndirilməsinin əhəmiyyətini də ortaya qoyur. Bu tip yatırımların maliyyələşdirilməsində beynəlxalq resurslardan səmərəli istifadə edərək Türkiyənin davamlı maliyyə sahəsindəki potensialını artırmağa davam etməyi hədəfləyirik”.

“SOCAR Fiber” haqqında

2013-cü ildə artan IP trafiki və sürətli rabitə tələbatını qarşılamaq məqsədilə yaradılan “SOCAR Fiber” ən müasir texnologiyalardan istifadə etməklə yüksək təhlükəsizlikli elektron rabitə və şəbəkə xidmətləri göstərir. Türkiyəni şərqdən qərbə qət edən 1 850 kilometrlik fiber-optik şəbəkəsi ilə 20 vilayət və 67 rayon ərazisində xidmət göstərən “SOCAR Fiber” operatorlara yüksək tutumlu omurğa şəbəkə infrastrukturu təqdim edir.

“SOCAR Fiber”in təhlükəsizliyi xətt boyunca ikili kanal və ikili fiber-optik kabel sistemi ilə təmin edilir. Şirkət, eyni zamanda, Azərbaycan təbii qazını Türkiyə və Avropaya daşıyan TANAP layihəsinə ehtiyat fiber-optik şəbəkə dəstəyi verir. Telekommunikasiya sektorundakı qlobal potensialı dəyərləndirən “SOCAR Fiber” regional və beynəlxalq operatorlarla əlavə xətt tutumu və marşrut ehtiyat həlləri təqdim etməyi hədəfləyir.

Türkiyə Sənaye İnkişaf Bankı haqqında

TSKB Türkiyənin ilk və yeganə özəl kapitallı inkişaf və investisiya bankı olaraq 1950-ci ildə yaradılıb. Uzun illər ərzində formalaşdırdığı dərin təcrübə və müştərilərinə təqdim etdiyi geniş xidmət portfeli ilə seçilən TSKB korporativ bankçılıq, investisiya bankçılığı və məsləhətçilik sahələrində ölkənin davamlı inkişafına dəstək verir. İqlim dəyişikliyi ilə mübarizə və aşağı karbonlu iqtisadiyyata keçidi hədəfləyən bank modeli, eləcə də davamlılıq yönümlü kreditləri ilə fərqlənən TSKB-nin kredit portfelinin böyük hissəsini bərpaolunan enerji, enerji və resurs səmərəliliyi, ətraf mühit layihələri, qadın və gənclərin məşğulluğu, inklüziv maliyyəyə çıxış kimi ölkənin strateji sahələrində həyata keçirilən yatırımlar təşkil edir.

Orxan Vahidoğlu, “İki sahil”