07 fevral 2024 12:54
992

Səsvermə prosesi şəffaf və bayram əhval-ruhiyyəsində keçir - Beynəlxalq müşahidəçi Tengiz Dumbadze

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Digər seçki məntəqələrində olduğu kimi, 19 saylı Nərimanov I seçki dairəsinin 7 saylı seçki məntəqəsində seçki prosesi qanunda müəyyən olunmuş vaxtda, yəni səhər saat 8:00-da Dövlət Himnimizin səsləndirilməsi ilə başladı. İlk səs verən Zöhrabova İradə Həsənağa qızı öz ürəyinin istəyinə əsasən layiqli namizədə səs verdiyini bildirdi. Vurğuladı ki, ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilən seçkilər yaddaşımdan  heç zaman silinməyəcək. Həmsöhbət olduğumuz digər vətəndaşlar, o cümlədən Nərimanov  Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətov seçki prosesinin şəffaf keçirildiyini söylədi. Onun sözlərinə görə, biz artıq qalib xalqıq: “Açıq deyirəm, şəxsən mən ürəyimin hökmü ilə səs verdim. Bu seçimimlə də fəxr edirəm. Şübhə etmirəm ki, mənim namizədim Azərbaycanı daha yüksək zirvələrdə qərarlaşması üçün əlindən gələni əsirgəməyəcək”.

Aktivliyin yüksək səviyyədə olduğu 19 saylı Nərimanov I seçki dairəsinin 7 saylı seçki məntəqəsində ATƏT-in iki nümayəndəsi – Kadir Kasırğa və Simona de Ciuntis də müşahidəçilərin arasında idilər. Lakin onlar nədənsə seçkiyə hazırlıq və seçki prosesi ilə bağlı bizim suallarımızı cavablandırmaqdan imtina etdilər. Sadəcə bildirdilər ki, onların müşahidələri ümumi heyət tərəfindən hazırlanacaq sənəddə öz əksini tapacaq. Qeyd edək ki, bu müşahidəçilər hələ səsvermə  prosesinin başlanmasına 15-20 dəqiqə qalmış məntəqəyə təşrif buyurmuşdular. Yerli müşahidəçi Sevil Qəribova isə seçki prosesinin tam şəkildə qanunlar çərçivəsində davam etdiyini bildirdi.

19 saylı Nərimanov I seçki dairəsinin 7 saylı seçki məntəqəsinins sədri Zeynəb Qasımovanın sözlərinə görə, bu məntəqədə 1286 nəfər seçici səs verəcək: “Bu məntəqədə prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Məntəqə, həmçinin lazımi texniki vasitələrlə təmin edilib. Səsvermənin gedişini izləmək üçün məntəqədə veb-kamera da quraşdırılıb. Seçicilər azad, sərbəst və demokratik şəraitdə istədikləri namizədlərə səs verə bilirlər. İndiyədək heç bir qanun pozuntusu və ya neqativ hal qeydə alınmayıb. Seçkilərin keçirilməsində əsas tələblərdən biri şəffaflığın təmin edilməsi məsələsidir ki, buna da ciddi əməl olunur".

Bu məntəqədə Rəy Monitorinq Mərkəzinin nümayəndələri  "exit-poll" keçirirdilər.

19 saylı Nərimanov I seçki dairəsinin 15 saylı seçki məntəqəsində də qələbəlik vardı. Hamının üzündən sevinc, yağırdı.  Onlar layiqli namizədə səs vermək qürurunu bir-biri ilə bölüşürdülər. Burada həmsöhbət olduğumuz beynəlxalq müşahidəçi -  Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatı Tengiz Dumbadze səsvermənin gedişatı ilə bağlı fikirlərini bölüşdü: “Bu gün hər bir Azərbaycan vətəndaşı öz gələcəyinə - sabitliyə, iqtisadi və sosial tərəqqiyə səs verir. Müşahidələrimə əsasən deyə bilərəm ki, vətəndaşlar böyük sayda seçki məntəqələrinə gəlirlər. İnsanlar yaxşı dərk edirlər ki, ölkənin taleyi onların seçimindən çox asılıdır. Bu mənada demək olar ki, səsvermə prosesi şəffaf və bayram əhval-ruhiyyəsində keçir. Bayramınız mübarək! Bəli, yeddi namizəd qeydə alınıb. Bir sözlə, keçirilən seçkilərin nəticələrinin ölkənin gələcək inkişafı üçün uğurlu olacağı şəksizdir”. 

Qvami Məhəbbətoğlu, “İki sahil”