12 fevral 2024 14:36
1252

Yeni Azərbaycan, yeni dövr

Müstəqil Azərbaycanın siyasi tarixini xaos, qurtuluş və sabitləşmə, sürətli inkişaf dövrü olaraq üç  dövrə ayırmaq mümkündür. Əslində tarixi dövrlər yüzillikləri əhatə edir. Lakin Azərbaycanın müstəqillik illərində mahiyyət etibarı ilə böyük hadisələr baş verdiyi üçün qeyd olunan dövrləşməni aparmaq mümkündür.

Müstəqilliyin ilk illərini əhatə edən xaos dövründə səriştəsiz, naşı, vəzifəpərəst şəxslərin rəhbərliyi Azərbaycana çox ağır və nəticəsi uzunsürən fəsadlar bahasına başa gəlmişdir.

Qurtuluş və sabitləşmə dövrü isə Ulu Öndər Heydər Əliyevin ölkəmizə prezidentliyi müddətini əhatə edir. Bu dövrdə Azərbaycan çox ağır bəlalardan xilas oldu və ölkədə sabitlik bərqərar edildi.

Sürətli inkişaf dövrü cənab İlham Əliyevin prezidentliyinin 20 illik müddətini əhatə edir. Məhz bu 20 il ərzində həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycanın hərtərəfli inkişafı təmin edilmiş, Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulmuş və 20 faiz torpaqlarımız öz azadlığına qovuşmuşdur. Obrazlı desək Azərbaycanın Zəfər çələngində hər bir element kompleks olaraq bir-birini tamamlamışdır. Ölkədə daxili sabitliyin qorunub saxlanması, müstəqil, dayanıqlı iqtisadiyyatın qurulması, davamlı müasir orduquruculuğu, vətənpərvər gəncliyin yetişdirilməsi, yürüdülən qətiyyətli və milli maraqlarımıza xidmət edən xarici siyasət kursu möhtəşəm Zəfərimizin əsas sütunlarındandır. Əgər Azərbaycan güclü dövlət olmasaydı belə bir tarixi Zəfərə imza ata bilməzdi. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi xronoloji bir dövr sona çatmış oldu. Belə olan halda müstəqil Azərbaycanın həyatında sürətli inkişaf dövrü yeni mərhələyə keçmiş olur və dördüncü dövr başlanır. Bu dövrü isə tərəqqi dövrü  adlandırmaq olar. Tərəqqi dövrünün başlanğıc nöqtəsi isə  heç şübhəsiz ki, 7 fevral 2024-cü il tarixidir. Bu tarixdə bütün dünya Azərbaycanda mövcud olan möhkəm əsaslı xalq-iqtidar birliyinin şahidi oldu. Birlik davamlı inkişafa, davamlı inkişaf isə tərəqqiyə gətirib çıxarır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət kursunu diqqətlə izələdikdə görmək mümkündür ki, bu siyasətin əsasını “Güclü dövlət və xoşbəxt xalq”  formulu təşkil edir. Tərəqqi dövrünün öz hədəfləri var və bu hədəflər cənab İlham Əliyevin növbədənkənar prezident seçkilərindəki platformasında öz əksini tapıb. Prezident İlham Əliyevin sözünün imzası qədər keçərli olduğunu  ölkəmizdə hər kəs çox gözəl bilir. Çünki, xalqımız bunu praktik olaraq görür və yaşayır. Əgər Azərbyacan dünyada bir zamanlar yalnız neft ölkəsi kimi tanınırdısa, Prezident İlham Əliyev Azərbycanı dünyaya idman ölkəsi, güclü orduya malik ölkə, qalib ölkə və etibarlı tərəfdaş olaraq da tanıtdı. Bütün bunlar davamlı, dayanıqlı və sürətli inkişafın göstəriciləridir. Azərbaycanın nə qədər inkişaf etdiyini isə bir misal ilə qeyd etmək olar.

Ulu Öndər Heydər Əliyevin çıraq işığında, əlində qələm olan fotosunu yəqin ki, çox adam görüb. Bir zamanlar Azərbycan çıraq işığına möhtac idi. Ulu Öndər Azərbaycanın inkişaf konsepsiyasını məhz çıraq işığnda yazırdı. İnkişaf konsepsiyası çıraq işığında yazılan Azərbaycanın bu gün gündəliyini “Yaşıl enerji” təşkil edir.  Azərbaycanın nə qədər inkişaf etdiyini ifadə etmək üçün bu cümlələr yetərlidir. Tərəqqi dövründə müstəqil Azərbaycan dünyada həm də  “Yaşıl enerji” ixrac edən ölkə kimi də tanınacaq.

Azərbaycan coğrafi cəhətdən kiçik ölkə ola bilər. Ancaq bu gün Azərbaycan dünyada böyük dövlət və yeni gücdür. Azərbaycan müasir dünyada böyük dövlət və yeni güc olmasaydı qərbdə bir çox köhnə “böyüklərdə” narahatlıq yaranmazdı. Bu gücün  əsasını təşkil edən əsas amillərdən biri isə xalq-iqtidar birliyidir. Bu birliyin  birləşmə nöqtəsi isə heç şübhəsiz Yeni Azərbaycan Partiyasıdır. Əbəs yerə Yeni Azərbaycan Partiyasına ümumxalq partiyası deyilmir. Əsas şüarı “Yeni müstəqil Azərbaycan uğrunda” olan Yeni Azərbaycanın adı özü şüardır, amaldır, hədəfdir. Yeni dövrdə də Yeni Azərbaycan!

Anar Şahmurad,

YAP Ağdaş rayon təşkilatının əməkdaşı