21 fevral 2024 15:29
586

"Övladımın xətrinə dözüm oturum" düşüncəsi səhvdir - PSİXOLOQDAN AÇIQLAMA/ÖZƏL

Ailədaxili şiddət dedikdə, burada yalnız kişinin qadına deyil, eyni zamanda, qadının kişiyə, valideynin övlada və ya uşaqların biri-birinə şiddətindən söhbət gedir. Şiddət yalnız fiziki deyil, eyni zamanda, psixoloji də olur. Və əfsuslar olsun ki, ikisi də birinə bərabərdir. Əksər hallarda psixoloji şiddət fiziki şiddətdən daha ağır və fəsadlı olur (intihar, bir başqasına ziyan vermə və s. elə psixoloji şiddətdən yaranır).

Bu fikirləri “İki sahil”ə açıqlamasında psixoloq İlhamə Musaqızı söyləyib. 

Psixoloqun sözlərinə görə, uşaqlıqda baş verən travmalar, ana və atanın övladı yanında münaqişələri, övladlar arasında ayrı-seçkilik etmək, uşağın hətta hər istədiyini əməl etmək belə gələcəkdə bir sıra problemlərə yol açır və ailədaxili hətta ailədənkənar da şiddəti yaradır. Çünki fiziki şiddətə məruz qalan uşaq kimisə vurmaq istəyir,münaqişəli ailədə böyüyən uşaq ətrafında daim səs küy və dava dalaş salır, bacı və ya qardaşları ilə arasında ayrı-seçkiliyə məruz qalan  uşaqlar isə qurduqları ailədə də bunları təkrar edirlər. Ümumilikdə necə ki, inkişaf körpəlikdən başlayır, şiddətə meyillilik də uşaqlığdan gələn bir travmadır.

Uşaq ailədə sevgi, qayğı görməyəndə...

Həmsöhbətimiz diqqətə çatdırdı ki, uşaq ailədə istilik, sevgi, qayğı görməyib, bunu digər ailələrdə gördükdə özgüvəni aşağı düşür, sevilmədyini düşünür və bu sevgini gələcəkdə birilərində axtarmaqla məşğul olur. İnkişafı ilə gələcəyinə dair planlar qurmaq yerinə, sevgi axtarışında olur və bir çox zaman səhv addımlar atır, səhv qərarlar verir. Daha sonra nə olur? Artıq özünə, eləcə də ətrafında olan insanlara qarşı həm fiziki, həm də psixoloji şiddət tətbiq edir. 

Uşaqlara sosial şəbəkədən, telefondan düzgün istifadə etməyə öyrətmək zəruridir

Psixoloq qeyd etdi ki, hər hansı bir şiddətin müzakirə edilərək çözüm yolu varsa, mütləq danışılmalı və mütləq şəkildə hər ailənin psixoloqu olmalıdır. Sevindirici haldır ki, artıq insanlar maariflənib və psixoloq dedikdə qorxu keçirmirlər, müraciət edirlər. 
Mütəxəssis bildirdi ki, insanların etdiyi ən böyük səhvlərdən biri də ”övladımın xətrinə dözüm oturum” düşüncəsi ilə yaşamaqdır. Çünki əksər hallarda elə bu cür ailədə böyüyən uşaqlar, cəmiyyətə və özünə yararsız, hətta özgüvən əksikliyi yaşadıqları üçün və həyatda özlərini tapmaqda çətinlik çəkdikləri üçün narkomaniyaya belə qurşana bilirlər.

Bu vəziyyətdə panik atak, qorxu və sosial fobiya qaçılmazdır

Ailədaxili şiddətin yaratdığı psixoloji fəsadlardan söz açan psixoloq İlhamə Musaqızının sözlərinə görə, bu tip insanlar daha çox gərgin, öz dünyalarında bir prosesi analiz edib düzgün şəkildə icra edə bilmirlər. Panik atak, qorxu və sosial fobiya da qaçılmazdır. 

Həmsöhbətimiz sonda bu çağırışı etdi ki, gələcəkdə fəsadların olmaması üçün uşaqlarımızı düzgün təlim-tərbiyə etməli, hər bir valideyn onlara sevgi ötürməlidir. Uşaqlara sosial şəbəkədən, telefondan düzgün istifadə etməyə öyrətmək zəruridir. Bir çox pis xəbərlərin uşaqlara mənfi təsir edəcəyini nəzərə alıb onları bundan yayındırmaq vacibdir.

Ailədaxili zorakılıq qurbanlarına necə kömək etməli? Bu cür insanlara yalnız xüsusi dəstək lazımdır.Və bu dəstək bu gün-sabahla əvəz edilməməlidir. Valideyn "övladımın adı fərqli yerdə hallanmasın" kimi zərərli, kənar fikirlərin təsiri altına düşməməlidir. Əks halda, bu onun özü və ya ailə üzvləri üçün ciddi fəsadlar yarada bilər. 

Yaqut Ağaşahqızı, “İki sahil”