21 fevral 2024 18:00
561

Uşaq valideynin əlində qəzet, kitab yox, smartfon görür - Ekspert AÇIQLADI

Ailədə tərbiyə verə bilmədiyimiz uşaqlara müəllimlər heç tərbiyə verə bilməz

Uşaq məktəbə başladığı dövrə qədər onun tərbiyəsi, təlimi formalaşmış və oturuşmuş olmalıdır. Çünki hər birimiz övladımıza ailədə nəyin olar, nəyin olmaz, nəyin yaxşı, nəyin pis olduğunu danışmağa başlayandan başa salırıq. Üstəlik bizim başa salmağımızdan sonra bağçada uşaqlarımız tərbiyə görür. Biz uşağı məktəbə göndərəndə artıq təlim və tərbiyə görmüş uşaq göndəririk. Həm ailədən, həm bağçadan sonra üçüncü tərbiyə alacağı yer də məktəbdir. Uşaqlar məktəbdə həm təlim, həm tərbiyə, həm də tədris görməlidir. İndi elə bir vəziyyət yaranıb ki, məktəb ən tərbiyəsiz uşağı belə tərbiyə etməyə borclu imiş kimi görünür. Müəllimlərin vəzifəsi təhsil verməkdir. Doğrudur, tərbiyədə rol oynamaları qaçınılmazdır. Amma əsas funksiyaları təhsil verməkdir. Əvvəlcə bunu aydınlaşdırmaq lazımdır ki, ailəmizdə tərbiyə verə bilmədiyimiz uşaqlara müəllimlər heç tərbiyə verə bilməz. Çünki bizdən  ala bilmədiklərini, müəllimlərdən də ala bilməyəcəklər. Tərbiyənin kökündə əvvəlcə ailə, sonra bağça və məktəb tərbiyəsi dayanmalıdır. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında sosioloq Lalə Mehralı bildirdi. 

Ən böyük məsuliyyət valideynin üzərinə düşür

Sosioloqun sözlərinə görə, uşaqların smartfonlara aludəçiliyi, özlərini virtual dünyaya həbs etmələri onların böyüklərdən öyrəndiyi bir şeydir. Əgər valideyn bir gün əlinə qəzet, kitab alıb mütaliə etməyibsə, övlad da bu mənzərəni görmədiyi üçün bunlardan məhrum böyüyəcək. Valideynin əlində smartfon, daim olaraq ekran qarşısındadır, övlad da məhz gördüyü bu mənzərəni təkrarlayacaq. Ona  görə də ən böyük məsuliyyət valideynin üzərinə düşür. Təməl necə qoyulacaqsa, elə də davam edəcək. 

Mütəxəssis diqqətə çatdırdı ki, pandemiyaya qədər bu vəziyyət nisbətən nəzarət altında idi. Amma pandemiya dönəmində distant təhsilin tələblərinə uyğun olaraq şagirdlərin hər biri virtual dərs almaq üçün telefonlarla tanış olmalı oldu. Problemin özülü də bu dönəmdən qoyuldu.  Həmsöhbətimizn sözlərinə görə uşaqlar evdə telefona aludəçiliyə öyrənirlər. Ona görə problemin həlli üçün yenə də valideyinin nəzarəti və qadağaları əsasdır. 

Uşaqlara anlaya biləcəkləri formalarda sosial şəbəkələrdən asılılığın zərərlərini başa salmaq lazımdır

Sosioloq vurğuladı ki, sosial şəbəkələrdə zərərli olan hər şey insanı cəlb edir: “Uşaqlara da nəyi qadağan ediriksə, ona maraqları artır. Uşaqlar fiziki aktivlikdən uzaq həyat tərzi yaşayırlar. Bunun da nəticəsi özünü onların sağlamlığına, psixologiyasına, sosial münasibət qurma bacarığına vurulan ziyanla göstərəcək. Ona görə uşaqlara anlaya biləcəkləri, potensiallarının qəbul edə biləcəyi bütün  mümkün formalarda sosial şəbəkələrdən asılılığın zərərlərini başa salmaq lazımdır. Uşaqlara sosial şəbəkələrdən həddindən artıq istifadənin niyə qadağan olmasının səbəbini açmaq lazımdır ki, onlar anlasın ki, burada məntiq var. Çünki dövrün uşaqları əvvəlki  illərin uşaqları kimi deyil. Onlar əsaslandırılmamış heç bir qadağını qəbul etmək istəmirlər. Ona görə də sosial şəbəkə təcridi mütləqdir. Bununla bağlı məktəblərdə də ciddi metodika tətbiq olunmalıdır. 

Yaqut Ağaşahqızı, “İki sahil”