Gənclər ailə quranda nəinki sağlamlıq üçün müayinədən keçməlidirlər, eyni zamanda, cütlüklərin psixoloji durumlarının da diaqnostikası olmalıdır
“Bir insanın şəxsiyyətini alçaltmaq, ona hörmətsizlik etmək, onun bacarıqlarını aşağılamaq şiddətə daxildir. Şiddətə meyil empatiya azlığından yaranır. Empatiya da insanın uşağlığından formalaşan keyfiyyətdir. Ona görə də biz insanları şiddətə meyilli olmalarında müəyyən qədər günahlandıra bilmərik. Çünki hər bir əməlin altında yatan səbəb var. Bu şiddət artıq nəticədir. Buna səbəb olan nədir? Baxın, ailələr bu sual üzərində çalışmır. Əsas problem də budur.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərova söyləyib.
Mütəxəssis diqqətə çatdırıb ki, gənclər ailə quranda nəinki sağlamlıq üçün müayinədən keçməlidirlər, eyni zamanda, cütlüklərin psixoloji durumlarının da diaqnostikası olmalıdır. İnsanlarda şəxsiyyət pozuntuları olur. 2 fərqli şəxsiyyət pozuntusu olan insan ailə qurur və nəticədə ailədə doğulan uşaq müəyyən qədər şəxsiyyət pozuntusu ilə dünyaya gəlir. Böyüyəndə də bu, onu müşayiət edir. Eyni zamanda, valideynlərin onunla münasibətində də problemlər yaranır. Valideynlərdən bir və yaxud hər ikisi şəxsiyyət pozuntusu, yaxud da özünün şiddətə məruz qaldığı kimi durumlar varsa onların sağlam psixologiyada övlad yetişdirməsi inandırıcı faktor deyil. Şiddətlə üzləşən şəxslərdə ağla gələcək bütün psixoloji fəsadlar yarana bilər.
Doğru bilinən yanlışlardan vaz keçmək lazımdır
Psixoloq əlavə edib ki, ailə məfhumuna yenidən baxılması, ailə quran insanların psixoloji durumunun təsbiti çox vacibdir. Çünki bu gün çox ciddi şəkildə şəxsiyyət pozuntusu, psixoloji durumlarda çox gərgin vəziyyətlər müşahidə olunur. Bu, ailələrdə yaşanır.
Ekspertin sözlərinə görə, insanlar "İnstaqram"dan oxuduğu xəbər, müğənninin dediyi fikir, aparıcının gətirdiyi arqumentlərlə, televiziyadan eşitdiyi bayağı ifadələrlə gənclərə öyüd-nəsihət verirlər. Burada artıq bir dayanma olmalıdır. İnsanlar kifayət qədər maariflənməlidirlər. Bu maariflənmədə elm yolu ilə olmalıdır. İnsanların doğru bilinən yanlışlardan vaz keçməsi lazımdır. Çünki onlar hələ də ailələrə, gənclərə müdaxilə edib, onları idarə etməyə çalışırlar. İnsanlar bir-birini dinləməlidir. Bunların hamısı elm bilik və yüksək səviyyəli təhsillə mümkündür. Amma indi o dövr deyil ki biz oturub nəyisə gözləyək. İndi ailə, cəmiyyət, təhsil hamısı paralel inkişaf etməlidir.
Yaqut Ağaşahqızı, “İki sahil”