23 fevral 2024 16:14
1002

Qərbi Azərbaycan həqiqətləri: Ağbaba necə Amasiya oldu?

Tacir Səmimi: Ağlım kəsəndən erməni fitnəkarlığının şahidi olmuşam

AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Tacir Səmimi İkisahil.TV-nin qonağı olub.

“İki sahil” xəbər verir ki, Tacir Səmimi müsahibəsində bildirib ki, ağlım kəsəndən gördüyüm, hiss etdiyim o olub ki, erməni fitnəkardır. Bizim rayon o vaxtlar Amasiya adlanırdı. Əslində həmin rayonun, bölgənin, bütövlükdə mahalın adı tarixən Ağbaba olub. Ağbaba iki yerə bölünmüşdü: Qızılqoç və Amasiya. Bunu sovet dövründə ermənilər etdilər. Gəlmə ermənilərə "qaxdağanlar" deyilirdi, Türkiyə ermənilərini isə "axbarlar" adlandırırdılar. Ermənilər haradansa köçərkən vaxtilə "yaşadıqları" yerin adını yeni məskunlaşdıqları yerə verirdilər. Ağbabanın bir hissəsinin sonradan Amasiya adlanması da bununla əlaqədardır. Erməninin xisləti nəticəsində yavaş-yavaş o yerlərdəki toponimlərimiz dəyişdi: “ Ağbaba mahalı vaxtilə Qars vilayətinin tərkibində olub. Amasiya sovet dövründə Türkiyə ilə SSRİ arasında Ermənistanın rayonu kimi mövcud idi. Ta çarizm dövründən başlayaraq bu yerlərin türksüzləşdirilməsi ideyasının zaman-zaman gerçəkləşdirilməsinə başlandı. Həmçinin ermənilər Arpa gölünün ərazisini genişləndirməklə türksüzləşdirmə yönündə daha bir mübarizə metodu tapdılar. 1940-cı illərdə edilən bu cür əməllər sayəsində Arpa gölünün ərazisi xeyli böyüdü, əkin yerləri suyun altında qaldı, əhalinin dolanışığı çətinləşdi. Məqsəd soydaşlarımızın o yerlərdən perikdirilməsi idi. Təsadüfi deyil ki, nə qədər soydaşımız dədə-baba torpaqlarını tərk edib Azərbaycana, eləcə də başqa ərazilərə üz tutdular".

Ağbabadakı toponimlər sübut edir ki, o yerlər qədim türk məskənləridir. 1988-ci ilə kimi bu rayonda 18 min soydaşımız yaşayırdı. Bu rayon sırf Azərbaycan türklərinin yaşadıqları ərazi hesab olunurdu. Ermənilər həmişə o yerlərdə azlıq təşkil edirdilər. Sovet hökumətinin ilk dövrlərində soydaşlarımıza verilmiş pasportların bir neçəsini saxlamışdım, "milliyyət" bölümünün qarşısınla "türk", bəzilərində isə "qarapapaq" yazılmışdı. Qarapapaqlar böyük bir tayfa olublar. Dəfələrlə şahidi olmuşam: biz özümüzə "azərbaycanlı" desək də, ermənilər həmişə bizi "türk" deyə çağırırdılar. Bu, o demək idi ki, düşmənlərimiz həmişə bizi bizdən yaxşı tanıyıblar. Deyirdilər ki, Azərbaycan coğrafi ərazi adıdır. Erməni üçün həmişə türk adlı düşmən olub.

Ağbaba mahalı uzun müddət Osmanlı imperiyası tərkibində yaşayıb. Bizim ləhcəmizdə bu gün də istifadə edilən çoxlu ümumişlək sözlər var ki, hamısı hazırda Şərqi Anadolu ləhcəsində yaşayır, havalarımızda da oxşarlıq var.

Şəmsiyyə Əliqızı, “İki sahil”