23 fevral 2024 17:37
1530

Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq - FOTO

YAP Xətai rayon təşkilatının yaradılmasının 31 ili tamam olub

Fevralın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının  yaradılmasının 31 illiyi qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin YAP Xətai rayon təşkilatının qərargahındakı büstünün önünə qızıl gül dəstələri düzüblər.

Sonra akt zalında davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda  canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə  bu məqamı böyük fəxr hissi və qürurla qeyd edib ki, son üç ildə hər bir əlamətdar günü, bayramlarımızı tamamilə fərqli ovqatda qeyd edirik. Ötən ilin sentyabr ayında  Silahlı Qüvvələrimizin həyata keçirdiyi  lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa  olundu. Cari ildə ölkəmizin həyatında mühüm və qürurverici hadisə yaşandı. Suverenliyimizin tam bərpa olunması fonunda ölkəmizdə prezident seçkiləri keçirildi. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin – seçicilərin 92,12 faizinin səsini qazanaraq inamlı qələbəsi ilə hər birimizi sevindirdi. Bu qələbə xalqımızın qalib Liderinə sonsuz inamının, yüksək etimadının göstəricisi,  son 20 ilin uğurlarına verilən dəyərin təqdimatı oldu.  

 Vüqar Rəhimzadə qeyd edib ki,  Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi YAP  qələbələr partiyası kimi qazandığı imicinə daim  yeni əlavələr edir. Ulu Öndərin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP tarixin bütün sınaqlarından şərəflə çıxaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Prezident İlham Əliyev belə bir əminliyi ifadə edir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Partiyanın ilk yaradılan rayon təşkilatlarından biri  bu gün sıralarında 15 mindən artıq üzvü  birləşdirən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatıdır. Təşkilatın hər bir üzvü Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran Ulu Öndər Heydər Əliyevin  ideyalarının, cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin  təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstərir. Tarixi Zəfərimizin reallıqları fonunda keçirilən partiyanın VII qurultayında yeni qərarların qəbulu, yeni tərkibin formalaşması  qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Yeni Azərbaycan Partiyasının zəngin ənənələrə malik partiya kimi nüfuzu gündən-günə artır.

  Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Yeni Azərbaycan Partiyasının  ölkəmizin hər bir uğurunda payı olduğunu bildirib. Böyük fəxr və qürur hissi ilə qeyd edib ki, müstəqilliyimizin yenidən bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda qazanılan nailiyyətlərin müəllifləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev və Onun  layiqli davamçısı, son 20 ildən artıq dövrdə Azərbaycanı ən yüksək zirvələrə ucaldan qalib  Prezidentimiz cənab İlham Əliyevdir. Ümummilli Liderin ideyaları uğurlarımızın əsası, stimulverici qüvvəsidir. Müasir müstəqil Azərbaycanın uğurlarında Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Onun  dövlətə, xalqa xidmət nümunəsi olan fəaliyyəti ölkəmizin hərtərəfli inkişafına yönələn layihələrin uğurla icra edilməsində özünün aydın ifadəsini tapır.

   Rafiq Quluyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan geniş bəhs edərək bildirib ki, YAP-ın ilk gündən tutduğu yola, əqidəyə sadiqlik nümayiş etdirməsi onun ümumxalq partiyası kimi nüfuz qazanmasını şərtləndirir. Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətdə böyük nüfuza malik olan insanları birləşdirir, xalqın arzu və istəklərinin həyata keçirilməsinə öz töhfələrini verməyə səy göstərir.  YAP, eyni zamanda, qələbələr partiyasıdır. Bu partiya ölkəmizdə keçirilən bütün seçki proseslərində qələbəsi ilə diqqətdədir. Bu, xalqın Heydər Əliyev ideyalarına sadiqliyinin, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətə dəstəyinin nümayişidir. Cənab İlham Əliyev 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi kimi inamlı qələbə qazandı və bununla da suverenliyi, ərazi bütövlüyü tam bərpa edilən Azərbaycanın həyatında yeni dövr başladı. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində qarşıdakı dövrün hədəflərini açıqlayaraq bu əminliyi də ifadə etdi ki, yeni dövrə uğurla başladıq və bu prosesi uğurla davam etdirəcəyik.

  YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü  Arif Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin çətin vəziyyətində yaranıb. Həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalı  Ulu Öndər Heydər Əliyevə belə bir partiyanın yaradılması ilə bağlı  müraciət etdi.  Obyektiv səbəblərə görə Yeni Azərbaycan Partiyasının təsis konfransı  550 nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Yeni Azərbaycan Partiyası ümumxalq  partiyasıdır. Bu gün partiyamız Azərbaycanın həyatında mühüm rol oynayır.  Təsadüfi deyil ki, hazırda  partiya üzvlərinin sayı 800 minə yaxındır.  Bu, xalqımızın Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətinin dəstəklənməsinin göstəricisidir. Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiyamız ötən 32 ilə yaxın dövrdə  çətin və şərəfli yol keçib. İndiyədək Azərbaycan tarixində YAP qədər güclü partiya olmayıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Bu, o dövr idi ki, Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Partiyanın yaranmasından təqribən 7 ay sonra Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bununla da Azərbaycanın həyatında yeni mərhələ başladı. Ulu Öndərin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı daha da gücləndirən, qüdrətləndirən cənab İlham Əliyev xalqa Zəfər sevincini yaşatdı.

YAP üzvu, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rüfət Əsgərovun atası Mürvət Əsgərov bildirib ki, bu gün Azərbaycan uğurları ilə hər kəsi heyrətləndirir. Ümummilli Lider Heydər Əliyevin əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvələri fəth edir. Bu gün tarixi Zəfərimizlə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə qürur duyuruq. Bu qüruru bizlərə yaşatdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza minnətdarıq.  Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

YAP üzvu, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında ölkəmizin, həmçinin Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas oldu, yeni inkişaf yoluna çıxdı.  2003-cü ildən başlayaraq bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı Qarabağa və Şərqi Zəngəzura qovuşdurdu.  

YAP Veteranlar Şurasının üzvü, “91-lər”in üzvü Tahir Məmmədov Yeni Azərbaycan Partiyasının 1992-ci ilin 21 noyabr tarixində xalqın istəyi, zamanın tələbi ilə yarandığını xüsusi vurğulayaraq onu da  bildirib ki, “Yeni Azərbaycan uğrunda!” devizi ilə fəaliyyətə başlayan partiya bu gün “Biz birlikdə güclüyük!” deyir.   Tahir Məmmədov  vurğulayıb ki,  bu ilin mühüm hadisəsi olan 7 fevral prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi Heydər Əliyev siyasətinə etimadın, Yeni Azərbaycan Partiyasına inamın təqdimatıdır.

Çıxışlardan sonra YAP Xətai rayon təşkilatının həyatında fəal iştiraklarına görə bir qrup üzvə Fəxri fərmanlar, partiyaya yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim olunub.