28 dekabr 2024 01:57
418

Azad Qarabağda və Şərqi Zəngəzurda tarixi idman ənənələri bərpa olunur

Bu gün  ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hazırda idmanla məşğul olmaq üçün  Vətənimizin hər guşəsində gözəl şərait var. Hətta bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bu mənada əminliklə demək olar ki, idman cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilib. Şübhəsiz, bu, ilk növbədə, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi qayğının nəticəsidir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaq. Dövlət başçısının 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə  söylədiyi fikirlər də bunu bir daha təsdiq edir.

 Həmin tədbirdə dövlətimizin başçısı vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə də idmanın inkişafına ciddi fikir verilir. Dövlətimizin başçısı həmin məkanlarda infrastruktur layihələrlə, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturunun da yaradıldığını bildirib: “Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma mən hesab edirəm ki, bu, mütləq olmalıdır. Çünki bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var”.

Yeri gəlmişkən qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə indiyədək həm yerli, həm də beynəlxalq səviyyəli bir neçə idman yarışları təşkil olunub. Onlardan bir neçəsini xatırladaq. İşğaldan azad edilən Suqovuşan qəsəbəsində ilk beynəlxalq yarış -Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunan “Prezident Kuboku-2022” reqatası keçirilib. Azərbaycanla yanaşı Gürcüstan, İran, Moldova, Türkiyə və Özbəkistandan 100-dən artıq avarçəkənin iştirakı ilə keçirilən turnirdə idmançılar Suqovuşan su anbarında avarçəkmənin kayak və kanoe növündə mübarizə aparıblar. Zəngilanın Ağalı kəndində isə “Zəfər yürüşü” devizi altında triatlon üzrə yarış keçirilib.

2023-cü ilin dekabr ayının 21-də isə xalqımız tarixi hadisəyə şahidlik edib. Həmin gün yenidən inşa edilmiş, əsaslı təmir olunmuş Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb. Xatırldaq ki, həmin görüş “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin matçın əsas hissəsinə əlavə olunmuş vaxtın son dəqiqələrində vurduğu qol oyunun taleyini həll edib. Bununla da N.Axundzadə işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra keçirilən ilk futbol matçında fərqlənən hücumçu kimi tarixə düşüb. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən Xankəndi-Bakı ultramarafonu da xüsusilə vurğulanmalıdır. Qeyd edək ki, həmin yarışa Xankəndidə start verilib.

2022-cü ilin iyul ayında “Əziz Şuşa” beynəlxalq velosiped yarışının kinci mərhələsi işğaldan azad olunmuş ərazilərimizdə təşkil olunub.  Füzuli Hava Limanından start götürən yarış Şuşa şəhərindəki “Qarabağ” hotelinin qarşısında yekunlaşıb.  2022-ci ilin sentyabr ayında Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Qarabağ xanlığının sonuncu varisi görkəmli şair və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin açılış mərasimi olub. Bu ilin sentyabrında isə Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialı keçirilib.

Sözügedən tədbirdə Ağdamda İmarət stadionunun inşa edilməsinin çox böyük rəmzi mənası olduğunu vurğulayan dövlətimizin başçısı Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulduğunu, həmçinin Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmiş Xankəndi stadionunun yenidən qurulması prosesinin gələn il başa çatdırılacağını bildirib. Bir məsələni də vurğulayaq ki, 2022-ci il oktyabrın 4-də Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Məlum olduğu kimi, Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdır. Lakin torpaqlarımız işğaldan azad edildikdən sonra kompleksin öz əzəli yerində - Eyvazxanbəyli kəndində yaradılmasına qərar verilmişdir. Prezidentimizin fikrincə, azad edilmiş ərazilərimizdə digər idman qurğularının tikintisi işğaldan azad edilmiş ərarzilərimizdə də idmanın inkişafı üçün təkan olacaq. Yeri gəlmişkən, gələn il Azərbaycan növbəti böyük idman yarışına -III MDB Oyunlarına ev sahibliyi edəcək. Həmin tədbirin oxatma yarışlarının Xankəndi şəhərində təşkili planlaşdırılır.

İşğaldan azad olunmuş Cəbrayılda, Zəngilanda, Ağdamda, Füzulidə, Qubadlıda, Kəlbəcərdə, Şuşada və Laçında əvvəllər mövcud olmuş bütün idman obyektlərinin yenidən qurulması da gündəmdədir.  Bununla da  Qarabağ və Şərqi Zəngəzurun tarixi idman ənənələri bərpa ediləcək. Atılan addımlar bir daha sübut edir ki, 30 il ərzində erməni işğalı altında qalan torpaqlarımızın bərpası və yenidənqurulması prosesi olduqca geniş və hərtərəfli məzmun kəsb edir, o cümlədən müasir idman infrastrukturunun yaradılmasına xidmət edir. Bununla həm də  Azərbaycan regiona davamlı sülh və əmin-amanlıq gətirmək niyyətində qətiyyətli olduğunu bir daha nümayiş etdirir.

Qvami Məhəbbətoğlu, “İki sahil”