24 fevral 2024 16:27
429

Qarşılıqlı etimad, dəstək və həmrəylik     

Dövlət başçısı İlham Əliyevin böyük inamla qeyd etdiyi kimi, hazırda Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi nümunəvi xarakter daşıyır və özünün ən yüksək zirvəsindədir. Qarşılıqlı etimad, dəstək və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz, eyni zamanda, regional əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir. Belə bir əminlik də ifadə edilir ki, qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan ilə Türkiyə arasında münasibətlər birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcək.

Günümüzün reallıqları cənab İlham Əliyevin bu fikirlərinin təsdiqidir. Dünyaya qardaşlığın, dostluğun nümunəsini göstərən Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. Tarixi Zəfərimizdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyan bu əlaqələr yeni istiqamətlər üzrə inkişaf etməkdədir. Bu birlik öz növbəsində türk dünyaının həmrəyliyi üçün mühüm amilə çevrilib.

Dövlət başçısı İlham Əliyevin fevralın 19-da qardaş Türkiyəyə reallaşdırdığı rəsmi  səfər bu kimi məqamlara bir daha işıq saldı. Bu səfərin cənab İlham Əliyevin seçkilərdə qələbəsindən sonra ilk rəsmi səfəri olduğunu nəzərə alsaq iki qardaş ölkənin münasibətlərinin çox yüksək səviyyədə olduğunu böyük qürur hissi ilə qeyd edə bilərik.

Səfər çərçivəsində Prezidentlərin keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında Azərbaycan və Türkiyə əlaqələrinin ayrı-ayrı sahələrdə inkişafına, yeni imzalanan sənədlərin münasibətlərin gələcəyi ilə bağlı yaratdığı təsəvvürlərə xüsusi diqqət yönəldildi və belə bir əminlik ifadə edildi ki, əlaqələrimiz yüksək zirvələri fəth edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik” fikirlərinin davamı olaraq  dövlət başçısı İlham Əliyev bildirdi ki, prezident seçkilərindən sonra  ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiidir, bu, bir ənənədir: “Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.”

Azərbaycan və Türkiyənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji və nəqliyyat layihələri ölkələr, xalqlar arasında dostluq əlaqələrini daha da möhkəmləndirir. Belə ki, regional çərçivədə qurulan bu əməkdaşlıq zaman-zaman yeni tərəfdaşların bu layihələrə qoşulması ilə coğrafiyasını daha da genişləndirir. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin davamı olaraq bu gün TANAP-dan və onun imkanlarının artırılmasından bəhs edirik. İki ölkə arasında əlaqələrin inkişafının göstəricilərindən olan ticarət dövriyyəsinin artması məsələsi də səfər çərçivəsində keçirilən görüşlərdə geniş müzakirə olundu. Dövlət başçısı İlham Əliyev bildirdi ki,  ticarət dövriyyəsinin  sürətlə artması və rekord həddə çatması bizi çox sevindirir-  7,5 milyard dollar. Beş-altı il əvvəl heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq. Ancaq bu, reallıqdır. Vaxtilə  qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik.

Əməkdaşlığın mühüm istiqamətlərindən olan hərbi sahə də xüsusi qeyd edildi. Dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri Türkiyə modelinə tam uyğundur: “ Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub.”

Münasibətlərin inkişafında qarşılıqlı səfərlərlə yanaşı, bu səfərlər çərçivəsində imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Hər bir sənəd gələcək əlaqələrin inkişafında bir istiqamətdir. Dövlət başçısı İlham Əliyevin budəfəki səfərində Azərbayvan-Türkiyə Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Bu mühüm sənəd hər iki tərəfdən yüksək dəyərləndirildi. Belə ki, ölkə  Prezidenti İlham Əliyev vurğuladı ki, bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki  gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır,  milli-mənəvi dəyərlərimizə sadiq, yad təsirdən uzaq, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu,  birliyimizin növbəti rəmzidir: “Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.”

Göründüyü kimi, birliyimiz, həmrəyliyimiz möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu birlik regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirir. Azərbaycanın və Türkiyənin daim ədaləti və beynəlxalq hüququ dəstəkləməsi beynəlxalq nüfuza öz müsbət təsirini göstərir. Azərbaycanın sözünün imzası qədər dəyərli olması reallıqdır. Qardaş Türkiyə  bu gün dünya çapında söz sahibidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyənin güclü sənaye potensialı,  iqtisadiyyatı, o cümlədən hərbi gücü türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan Türkiyənin  uğurlarına öz uğurları kimi sevinir.

Gülər Kərimova,

YAP Şabran rayon təşkilatının məsləhətçisi