02 mart 2024 02:58
412

Türk dünyası mehriban ailədir

2024-cü il aprelin sonu və ya mayın əvvəlində Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi toplantısının keçirilməsi üçün Şuşa şəhərinin seçilməsi burada təmsil olunan ölkələrin Azərbaycana və onun liderinə bəslədikləri böyük hörmət və inamın ifadəsidir

Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olmuş tarixi, etnik və dini bağlar bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir. Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması türk dövlətlərinin bir təşkilat altında birləşməsini labüd edirdi. Məhz bu səbəbdən türk ölkələrinin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə türkdilli dövlətlərin xalqları arasındakı tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”ni imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı (TDT) olub və səmərəli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir.

Türk Dövlətləri Təşkilatının tarixinə nəzər salsaq görərik ki, yarandığı zaman onun dörd üzv ölkəsi olduğu halda, bu gün artıq təşkilatda beş üzv və üç müşahidəçi ölkə var. Üzv ölkələrə – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, müşahidəçi ölkələrə – Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası (ŞKTR) daxildir. Təkilatın Baş katibi Kubanıçbek Ömüralıyevdir. Türk Dövlətləri Təşkilatının üç mərkəzi vardır. Bunlar İstanbul, Bakı və Astanadır. İstanbul TDT-nin ümumi katibliyinin, Bakı parlamentar assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir. Ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əlavə, üzv ölkələrin xarici işlər nazirləri də il ərzində davamlı olaraq iclaslar keçirirlər. Məclis rəhbərləri və heyətləri də Bakıda toplanır. Bu il Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi toplantısı Şuşada keçiriləcək. Bu barədə ötən il noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə qeyd edilir. “Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçıları Azərbaycanın 2024-cü il aprelin sonu və ya mayın əvvəlində Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısının təşkili təklifini qeyd edirlər”, - deyə sənəddə vurğulanıb. Ənənəyə görə, qeyr-formal görüşlər hər cür rəsmiyyədən uzaq daha səmimi aurada keçir. Belə görüşlərdə iştirakçıların hər biri öz mövqeyini ifadə etməkdə tam sərbəstdir. Bu isə qeyri-formal tədbirlərin rəngarəngliyini artırır. Bununla belə, səsləndirilən fikirlər protokollarda qeydə alınmasa da, cəlbedici ideyalar gələcək əməkdaşlığın yeni perspektivli istiqamətlərinin müəyyənləşməsində nəzərə alınır.

Bəs nə üçün Qazaxıstan paytaxtına toplaşan liderlər qeyri-formal görüş yeri kimi məhz Azərbaycan üçün çox əziz olan Şuşa şəhərini seçiblər? Heç şübhəsiz ki, Astanada TDT-da təmsil olunan dövlətlərin liderlərinin Şuşa seçimi ilk növbədə təşkilat daxilində Azərbaycana və onun Liderinə bəslənilən böyük hörmət və inamın ifadəsidir. Keçilmiş yola nəzər saldıqda Azərbaycanın dövlət başçısının türkdilli ölkələr arasında həmrəyliyin və koordinasiyalı fəaliyyətin artırılmasına böyük səy göstərdiyinin şahidi oluruq. İndiyədək Prezident İlham Əliyevin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə hesablanan bir sıra təşəbbüsləri həyata vəsiqə alıb. TDT-nin Ankara Sammitində iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addım atıldı - Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı. Fondun türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü də Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Fondda ölkəmizin payı 100 milyon dollar təşkil edir.

Türkdilli ölkələr gələcəkdə kosmosda birgə layihələr reallaşdırmaq niyyətindədirlər. Artıq “Türkdilli Dövlətlər vizyon 2040” sənədi imzalanıb.  Bu sənəd türkdilli dövlətlərin kosmosun inkişafına verdikləri dəstəyini ifadə edir. Birgə reallaşdırlması nəzərdə tutulan birinci layihə kosmosla maraqlanan gənclərin bir-birini tanıması layihəsidir. Gənclərimizin tanışlıqları, bir-birlərinin dillərini başa düşmələri çox önəmlidir. Kosmos sahəsində birgə fəaliyyət türkdilli ölkələri və xalqları bir-birlərinə daha yaxından bağlayacaq. Nəzərdə tutulan ikinci layihə isə birgə peyk hazırlanması proqramını əhatə edir. Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinin kosmik agentlikləri və müvafiq qurumlarının birinci işgüzar toplantısı da 2021-ci il 20 dekabr tarixində məhz Azərbaycanda baş tutub. Belə misalların sayı çoxdur. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan TDT daxilində bir nümunə rolunu oynayır. Xüsusilə də ölkəmizin 44 günlük müharibədə qazandığı Qələbə, ötən ildə isə Qarabağda suverenliyini tam təmin etməsi türkdilli ölkələrin qürur hissini daha da artırmış oldu. Postmüharibə dövründə Azərbaycanın hədəflərindən biri Zəngəzur dəhlizinin yaradılması ilə bağlıdır. Burada məqsəd yalnız Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində olan Naxçıvanı birəşdirmək deyil. Zamanında Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə tarixi türk coğrafiyası parçalanıb. Zəngəzur dəhlizinin yaradılması ilə bu tarixi ədalətsizliyə son qoyula bilər. Bütün bu kimi fəaliyyətlər TDT-da bir araya gələn dövlətlərdə ölkəmizə və onun Liderinə inam və etimadı daha da artırıb. Şuşanın dövlət başçılarının qeyri-formal görüş yeri kimi seçilməsi bu inamın növbəti təzahürüdür.

Sevinc Azadi, “İki sahil”