02 mart 2024 01:57
373

“Villa Borsig”də nələr oldu?

Berlin görüşünü sülh prosesinin yeni və önəmli mərhələsi kimi dəyərləndirmək olar, ancaq...

Fevralın 28-29-da Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın başçılıq etdikləri nümayəndə heyətləri arasında keçirilən görüşü əhəmiyyətli edən ən vacub məqamlardan biri uzun fasilədən sonra sülh danışıqlarının bərpa edilməsidir. Daha dəqiqi, xeyli müddət davam etmiş onlayn müzakirələrdən sonra tərəflərin yenidən birbaşa təmaslara başlamaları mövqelərdəki fikir ayrılıqlarının aradan qaldırılmasının mümkünlüyünə inam yaradır. Görüşün heç bir vasitəçinin iştirakı olmadan baş tutması da nəhayət ki, onillər sonra Cənubi Qafqazda dayanıqlı sülhə ümidləri gücləndirir.

Gözlənildiyi kimi, “Villa Borsig”də baş tutmuş ikigünlük görüşün nəticələri barədə ictimaiyyətə geniş məlumat verilmədi. Hər iki ölkənin Xarici İşlər Nazirliyi (XİN) qısa olaraq “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelərin müzakirə edildiyi ilə bağlı açıqlama yaymaqla kifayətləndi. Danışıqlarda tərəfsiz “ev sahibi” rolunu oynayan Almaniyanın XİN rəhbəri Annalena Berbok isə “X” sosial şəbəkəsindəki hesabında görüşü Bakı ilə İrəvan arasında sülhə doğru atılan böyük əhəmiyyətli addım kimi dəyərləndirib, ancaq prosesin asan olmadığını yazıb: “Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, lakin çətin yolla gedir. Biz federal hökumət olaraq, yaraların sağalması və sülhün əldə olunması üçün aparılan sülh danışıqlarını dəstəkləyirik. Bu yolda atılan hər bir addım vacibdir.”

Mütəxəssislərin qənaətincə, görüşündən tezliklə nəticə gözləmək düzgün deyil və hətta hansısa ciddi irəliləyişə nail olunmuş olsa belə, bu barədə ictimaiyyətə təfərrüatlı məlumat bir az gec veriləcək. Çünki əldə edilmiş razılaşmaların sülh müqaviləsi layihəsini imzalanma mərhələsinə çatdırması üçün hələ xeyli iş görülməlidir. Birbaşa təmaslar, xüsusilə görüşlərin vasitəçisiz keçirilməsi onlayn müzakirələr zamanı xeyli vaxt aparan mövqe dəqiqləşdirilmələrinin də yerində müzakirəsinə və hətta ortaq məxrəcə gəlməyə imkan verir. Bu mənada Berlin görüşünü ümumilikdə sülh prosesinin yeni və önəmli mərhələsi kimi dəyərləndirmək olar. Üstəlik, Almaniya digər ölkələrə nisbətən neytral vasitəçi ola biləcəyini göstərdi. Parisdən fərqli olaraq rəsmi Berlin Ermənistanı silahlandırmır, regionda təxribatçı addımlar atmır. Bu isə danışıqlarda real nəticələrin əldə edilməsinə ümidləri artırır. Yeri gəlmişkən, Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan martın 1-də Antalya vilayətində III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib ki, Ermənistan və Azərbaycan sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ biliblər: “Bu, Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması, suverenlik prinsipi əsasında regional kommunikasiyaların açılmasıdır. Əgər biz iki ölkə başçılarının artıq razılaşdırdıqları prinsipləri sazişə daxil edə bilsək, o zaman sülhə tez nail ola bilərik.”

Ancaq həm Ermənistanda, həm də ümumilikdə regionumuzda baş verən son siyasi proseslər göstərir ki, Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə, yeni silahlı toqquşmalar yaratmağa çalışan qüvvələr Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə edilməsində nəinki maraqlı deyillər, üstəlik buna bütün mümkün vasitələrlə mane olmağa çalışırlar. Hazırda sülh gündəmini təhdid edən ən vacib faktor da məhz Fransa tərəfindən Ermənistanın silahlandırılmasıdır. Rusiya ilə ard-arda “körpüləri yandırmaqda olan” Ermənistanın Fransanın hamiliyi altında Qərbə meyillənməsi sülh danışıqlarına öz təsirini birbaşa və ya bilavasitə göstərməkdədir. Türkiyədə Antalya Diplomatiya Forumu çərçivəsində özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşündə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Ermənistanın son davranışlarını sülh prosesinə ciddi maneə kimi qiymətləndirib. Nazir Ermənistan tərəfindən son vaxtlar daha intensiv xarakter alan siyasi və hərbi təxribatların, bu ölkənin sürətlə silahlanaraq aqressiv ritorikasını davam etdirməsinin sülh prosesinə təhdid törətdiyini bildirib.

Göründüyü kimi, əslində Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhə nail olunması, regionda yeni, dinc qonşuluq erasının başladılması üçün imkanlar da mövcuddur, bu imkanların reallaşdırılmasına mane olan amillər də. Azərbaycan sülh gündəminə həmişəki kimi sadiqdir və heç bir xarici qüvvənin təsiri olmadan müstəqil qərarlar vermək iqtidarındadır. Deməli, hadisələrin müsbət məcrada inkişafına nail olmaq üçün çatışmayan yeganə faktor baş nazir Nikol Paşinyanın timsalında Ermənistanın kənar təzyiqlərdən xilas ola, siyasi iradə nümayiş etdirə bilməsidir. Bu, indi Ermənistanın özü üçün hər şeydən daha çox vacibdir...

Mahir Rəsuloğlu, “İki sahil”