04 mart 2024 18:05
1270

Keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışı - EKSPERTDƏN TƏKLİF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən il yanvarın 23-dən etibarən keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışına başlanılmışdı. Satış prosesinin ötən ilin iyulun 1-dək sonlandırılması gözlənilirdi. Lakin bu günə qədər  satılmayan mənzillər var. Ümid, Ramana qəsəbəsində və Abşeron rayonundakı yeni yaşayış kompleksində olan mənzilləri misal göstərmək olar.

Bəs bu evlər mənzil bazarına necə təsir edir? Mövcud mənzil bazarında vəziyyət necədir?

Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “İki sahil”ə bildirib ki, mənzil bazarında hazırda nisbi də olsa aktivlik müşahidə olunmağa başlayıb: “Bu əsasən bir neçə həftədir ki, ipoteka kreditlərinin verilməsinə başlanılıb. Bununla əlaqədar olaraq bazara müraciətlərin sayında artım var, bu da tələbin artmasına səbəb olub. Deyərdim ki, bu prosesin içərisində qiymət artımı müşahidə olunmaqdadır.”

Həmin əmlaklar yenidən qiymətləndirilməlidir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçmiş məcburi köçkünlərə verilmiş evlərin satışa çıxarılması məsələsinə gəlincə isə ekspert əlavə etdi ki, bununla bağlı nazirliyin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən həmin mənzillərin qiymətləndirilməsi ilə bağlı tender elan olunub: “Tenderdə daha yuxarı təklif verən xarici şirkəti qalib oldu. Həmin şirkət tərəfindən qeyd olunan mənzillər qiymətləndirildi. Bu gün də həmin mənzillər təklif olunan qiymətlərlə satışa çıxarılıb. Ümumiyyətlə, qiymətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik və standartların tələbinə görə, qiymətləndirmə aktlarında göstərilən qiymətlər maksimum 3 ay müddətinə etibarlı sayılır. Çünki bazar yenilənir, sürətlə dəyişir və qeyd olunan müddətdən sonra əmlakların yenidən qiymətləndirilməsi zərurəti ortaya çıxır. Qiymətləndirmənin üzərindən 1,5 il vaxt keçib. Bu müddət ərzində bazarda 30 faizə yaxın qiymət artımı müşahidə olunmaqdadır. Düşünürəm ki, nazirlik həmin əmlakların yenidən qiymətləndirilməsini həyata keçirməlidir.”

Mənzillər şəhərin mərkəzindən kənarda yerləşdiyi üçün...

Ucuz evlərin bazara təklif olunması nəticəsində qiymət dəyişmələrinə gəlincə isə Ramil Osmanlı bildirdi ki, həmin mənzillər daha çox şəhər mərkəzindən və mərkəzə yaxın ərazilərdən kənarda yerləşir: “Ona görə də həmin evlərin alıcıları mərkəzdə və mərkəzə yaxın ərazilərdə yerləşən mənzillərin alıcısı olmadığı üçün bu istiqamətdə bazarda qiymətlərə hər hansı təsir göstərmir.”

Orxan Vahidoğlu, “İki sahil”