04 mart 2024 18:41
428

Üzeyir Hacıbəylinin güllələnmiş heykəlinin əks olunduğu foto beynəlxalq festivalda nümayiş etdirilir FOTO

Azərbaycanlı fotoqraf Cənubi Koreyanın Yeonguol şəhərində keçirilən “DongGang-2023” beynəlxalq fotofestivalında ölkəmizi təmsil edir.

“İki sahil” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, dünyanın müxtəlif ölkələrindən “DongGang-2023” beynəlxalq fotofestivalında iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olsa da, festivalda yalnız xüsusi istedada malik 19 fotoqrafın fotoları sərgilənir. Onların sırasında Türkiyədə yaşayan azərbaycanlı fotoqraf Nurlan Tahirli də var. Soydaşımızın Şuşada lentə aldığı “Natəvanın sarayında panoramik pəncərələrdən mənzərə” və “Üzeyir Hacıbəylinin güllələnmiş heykəli” fotoları sərgidə nümayiş olunur.

Hər il fərqli mövzularda keçirilən festivalın budəfəki mövzusu “Sehrli naməlumlar”dır (The Magical Unknowns). Fotolar “DongGang” Fotoqrafiya Muzeyinin yaxınlığında açıq səma altında sərgilənir.

Festivalın iyunadək davam etməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan şairi Mirzə Ələkbər Sabirin nəticəsi olan Nurlan Tahirli son illər müxtəlif beynəlxalq müsabiqələrdə laureat adını qazanıb, çoxsaylı diplom və mükafatlara layiq görülüb.