19 mart 2024 11:00
356

Qazana bilmədiklərimizi qazanmaq fürsəti - Ramazan

"Allah sevdiyi qulları üçün Ramazan ayını xüsusi olaraq seçmiş, Ona 11 ayın sultanı statusunu vermişdir. Ramazan ayı illik təmizlənməyə, ruhun, cismin bir il içində tutduğu kirlərdən, paslardan təmizlənməsi üçün bir vəsilədir. İl ərzində qazana bilmədiklərimizi qazanmaq üçün daha bir fürsətdir."

Bu fikirləri "İki sahilSumqayıt Cümə məscidinin imamı, İlahiyyatçı hacı Gülağa İsmayılov deyib.

G.İsmayılov vurğulayıb ki, xüsusi olaraq seçilən Ramazan ayının böyük hörmətə layiq olmasının səbəblərindən biri də yaradılmışlara xoşbəxtliyə yol göstərən, qaranlıqlara aydınlıq gətirən xilaskar, insan ruhunun və cisminin şəfası Qurani – Kərimin məhz bu ayda endirilməsidir. "İslam Peyğəmbəri (s) mübarək Ramazan ayı ərəfəsində insanlara belə xitab edərdi: "Ey insanlar! Allahın bərəkət, mərhəmət və bağışlanma ayı olan Ramazan ayı yaxınlaşır. Allahın nəzərində bu ay ən bərəkətli aydır, gündüzləri gündüzlərin ən yaxşısı, gecələri gecələrin ən yaxşısı, saatları saatların ən yaxşısıdır. Bu ayda sizlər Allahın verdiyi ziyafətə qonaq edilmiş, kəramət və ehtiramına layiq görülmüşsünüz. Bu ayda aldığınız hər nəfəs dua, yuxularınız ibadət hökmündədir. Əməlləriniz qəbul olunur. Allah dualarınızı müstəcab edir."

İlahiyatçı bildirib ki, Ramazan ayı ilk öncə bəndənin öz Rəbbi ilə ünsiyyət ayıdır: "İnsan bu mübarək ayda oruc ağızla qıldığı namazlar, etdiyi zikirlər, verdiyi sədəqələrlə Allahla olan ünsiyyətini daha da möhkəmləndirərək Onun rəhmətinə daha çox yaxınlaşır. Diğər tərəfdən isə bu ay həm də sosial bərabərliyi təmin edir. Rəsuli-Əkrəm bu ayda ehtiyacı olanlara sədəqə paylamağı, böyüklərə ehtiram göstərməyi, kiçiklərə məhəbbətlə yanaşmağı, qohum-qardaşdan xəbər tutmağı, dil, göz və qulağı günahlardan qorumağı, yetimlərə nəvaziş göstərməyi, günahlardan tövbə etməyi, davamlı olaraq dua etməyi (xüsusilə namaz vaxtlarında) təkidlə tövsiyə etdi.  Hədislərdə deyilir ki, Ramazanda zənginlər ehtiyaclı insanların halından xəbərdar olurlar. Çünki dünyanın hər yerində insanların maddi durumu biri-birindən fərqlənir. Bəzi insanlar aclıq hiss eləməklə yoxsulların halını anlayırlar. İftar süfrələri məhz bu məqsədlə təşkil olunur. O süfrələrin arxasında ən müxtəlif təbəqlərdən olan insanlar bir araya gəlirlər, mehriban ünsiyyət qururlar."

Orxan Vahidoğlu, "İki sahil"