22 mart 2024 13:20
1248

İldırım Məmmədov: Sevincimi sözlə ifadə etməyə çətinlik çəkirəm

Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunmuşdu. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı  təsis edilmişdi. Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyev irsinin tədqiqindəki, azərbaycançılıq ideyasının həyata keçirilməsindəki, sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsindəki, dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafındakı, həmçinin ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafındakı,  dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədəki səmərəli fəaliyyətlərinə görə fərqlənən şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)”  yubiley medalı ilə təltif olunublar. Mən də "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilənlərdən biriyəm. Sözün düzü, sevincimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Mənə Ulu Öndər Heydər Əliyevin müqəddəs adı ilə bağlı olan təltiflə belə bir sevinci yaşadan Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirirəm. 

Bu sözləri “İki sahil”ə açıqlamasında Quba rayon Ağsaqqallar Şurasının sədri, “Tərəqqi” medallı İldırım Məmmədov söyləyib. O bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Ümummilli Liderin mənim həyat salnaməmdə özünüməxsus yeri vardır: ”Mən o dahi şəxsiyyətlə bir neçə dəfə görüşmüşəm, onun rəhbərliyi ilə keçən iclaslarda çıxış etmişəm. Hər görüşüm də yaddaşımda xoş xatirə kimi həkk olunub. İndiki kimi yadımdadır, torpaq islahatları ilə bağlı iclasların birində gərgin müzakirələr gedirdi. Mütəxəssislər, alimlər, dövlət rəsmiləri fikirlər söyləyirdilər. Mən də çıxış etmək üçün əlimi qaldırdım. Ulu Öndərə məlumat verdilər. O, isə öz növbəsində çıxış etmək istəyənin kimliyini soruşdu. Qubadan gələn fermer olduğumu bilib, dərhal çıxış etməyimə icazə verdi. Məni çox diqqətlə dinlədi, bəzi suallar ünvanladı. Çünki torpaq islahatları ilə bağlı müzakirələrdə yerli təsərrüfatçıların, fermerlərin fikirlərinə böyük önəm verirdi. Ulu Öndər haqqında olan təəssüratlarımı və xatirələrimi  günlərlə danışsam  tükənməz”.

İldırım Məmmədov həmçinin vurğulayıb ki, Qubanın meyvəçilik rayonu kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. ”Təkcə bir faktı xatırladım ki, ötən əsrin70-ci illərində Quba rayonunda 14 min hektar sahədə intensiv tipli yeni bağlar salınıb. O vaxtadək Azərbaycanın heç bir rayonunda intensiv tipli bağ yox idi. 1984-cü ildə Quba bağbanları intensiv tipli bağlardan rayonun tarixində ilk dəfə 100 min tondan çox meyvə toplamağa müvəffəq olublar. Ümumiyyətlə, respublikamızın hər guşəsində Ulu Öndərin izləri vardır. 
Bəli, bizim həqiqətən də bəxtimiz gətirib. Bəxtimiz gətirib ki, Ulu Yaradan  xalqımıza Ulu Öndər Heydər Əliyevi  bəxş edib. Tanrı sanki Onu xüsusi missiya - Azərbaycanı qurmaq, yaratmaq, inkişaf etdirib dünyaya tanıtmaq üçün yaratmışdı. Ona görə hər gün Allaha yüz yol şükür edirəm. Əks halda, kim bilir Azərbaycanı hansı fəlakətlər gözləyirdi”. 

Müsahibimiz qeyd edib ki, bütün varlığı ilə Vətəninə, mənsub olduğu xalqına bağlı olan dünyaşöhrətli dövlət xadimi Heydər Əliyev qəlblərdə daimi sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb: “Azərbaycanın hər bir guşəsində, həmçinin dünyanın bir sıra ölkələrində Ümummilli Liderin şərəfinə abidələrin ucaldılması, adının əbədiləşdirilməsi bu sevginin, bu əbədiliyin təzahürüdür.
Yeri gəlmişkən, Ulu  Öndərin yarımçıq qalmış arzu və əməlləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti ilə tam reallaşıb. Azərbaycan öz ərazisində suverenliyini də tam  bərpa edib.  Tarixin gedişatını baxın. Özü də bu, Prezidentimizin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə “Heydər Əliyev İli” elan edilmiş 2023-cü ildə. Bununla Ulu Öndərin müqəddəs ruhu bir daha şad olub”. 
Quba Rayon Ağsaqqallar Şurasının sədri söhbətinin sonunda deyib: “Bəli, mən də həyatım boyu Ulu Öndərin ideyalarının reallaşmasına öz əməyimlə töhfələr verməyə çalışmışam. Bundan sonrakı fəaliyyətimdə də müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq dövlətimizin və xalqımızın gələcəyi naminə Prezidentimizin, Müzəffər Ali Baş Komandanın etimadını doğrultmağa çalışacağam”. 

Qvami Məhəbbətoğlu, “İki sahil”