28 mart 2024 01:57
424

Yeni Zəfərin formulu: 4+4

Erməni işğalındakı kəndlərin Azərbaycana təhvil verilməsi yaxın vaxtlarda reallaşa bilər

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh danışıqları prosesinin indiki mərhələsində əsas diqqət çəkən məqam erməni işğalı altında olan səkkiz kəndimizin geri qaytarılması ilə bağlı müzakirələrin intensivləşməsidir. Hadisələrin gedişi göstərir ki, Ermənistan hakimiyyəti sözügedən kəndlərdən dördünün – Qazax rayonunun inzibati ərazisində yerləşən və anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin Azərbaycana təhvil verilməsində mövqeyini qətiləşdirib. Bu addımın reallaşması sərhədlərin delimitasiyası və demarkasiyasının startına da rəvac vermiş olacaq və nəhayət, uzun illərdən sonra sülh sazişinin imzalanması reallaşa bilər. Bəs Ermənistanın baş naziri Nikol Paşinyanın bu addımı atmağa vadar edən səbəblər hansılardır? Anklav olmayan kəndlərin geri qaytarılması nə zaman həyata keçirilə bilər?

Əvvəlcə xatırladaq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinə daxil olan səkkiz kəndi ermənilər tərəfindən Birinci Qarabağ müharibəsi dövründə işğal edilib. Bunlardan Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki və Qazax rayonunun Bağanıs Ayrım kəndləri 1990-cı ildə, Qazax rayonunun Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri isə 1992-ci ildə erməni faşizminin qurbanına çevrilib. Bu kəndlərdən dördü Ermənistan ərazisində Azərbaycanın anklavlarıdır. Bağanıs Ayrımın 40, Sofulunun 22, Kərkinin 19,2, Qızılhacılının 11, Barxudarlının 10,1, Aşağı Əskiparanın 9,1, Yuxarı Əskiparanın 8,6, Xeyrimlinin 4,1 kvadrat kilometr ərazisi var.

44 günlük Vətən müharibəsindən və 2023-cü ildə Qarabağda separatçılara qarşı həyata keçirilmiş antiterror tədbirlərindən sonra erməni işğalında qalmış səkkiz kəndin taleyi yenidən aktuallaşdı. Azərbaycan bu məsələdə də qəti və dəyişməz mövqe nümayiş etdirərək həmin kəndlərin geri qaytarılmasını tələb etdi. Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 10-da yerli telekanallara müsahibəsində də bildirdi ki, işğal altındakı səkkiz kəndinin məsələsi daim gündəlikdədir: “Orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir.”

Dövlət başçısının bu bəyanatı bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanan öz haqlı tələbinin həyata keçirilməsində israrlıdır və Ermənistan sülh istəyirsə sözügedən kəndləri qeyd-şərtsiz geri qaytarmalıdır. Bu, martın 7-də sərhəddə iki ölkənin baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşündə də erməni tərəfinə danışıqların sonrakı inkişafını şərtləndirən əsas tələb kimi təqdim edildi. 

Bundan cəmi bir neçə gün sonra, martın 12-də Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında əlində ölkəsinin xəritəsinin maketini nümayiş etdirərək Azərbaycana məxsus kəndlərin geri qaytarılacağının anonsunu verdi. Prosesi tezləşdirmək məqsədilə Tavuş rayonuna səfər edən Paşinyan orada yerli sakinlərlə görüşündə də kəndlərimizi təhvil verməyin zəruriliyindən danışdı və erməni ictimaiyyətinə əks halda Ermənistan üçün arzuolunmaz nəticələrlə yekunlaşa biləcək silahlı toqquşmaların mümkünlüyü barədə xəbərdarlıq etdi. Onun öz vətəndaşlarını müharibə ilə qorxutması birmənalı qarşılanmasa da ictimai rəyə təsirsiz də ötüşmədi. Çünki Paşinyanın çıxışları erməni ictimaiyyətinə real vəziyyətin izah edilməsi idi. Odur ki, cəmiyyətin də baş nazirin anonsunu verdiyi mümkün müharibədən çəkindiyi üçün müxalifətin arzuladığı “müqviməti” göstərməyəcəyi şübhə doğurmur.

İlkin olaraq dörd kəndin nə vaxt Azərbaycana təhvil veriləcəyinə gəlincə, Ermənistan mediası Paşinyanın komanda üzvləri ilə qapalı görüşdə kəndlərin yaxın günlərdə qaytarılmasından bəhs etdiyini yazır. Görüşdə iştirak etmiş hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Lilit Minasyan “konkret tarixdən” bəhs edilmədiyini desə də əlavə edib ki, illərlə vaxtımız yoxdur və biz müəyyən müddət ərzində bu problemi həll edə biləcəyik.

Prosesin uzunmüddətli olmayacağını şərtləndirən bir neçə amil mövcuddur. Əvvəla, rəsmi İrəvan yaxşı başa düşür ki, Bakı onun bu məsələdə imitasiya etdiyini anlayarsa hərbi varianta əl ata bilər. Çünki bu addımı atmaq Azərbaycanın legitim hüququdur.

İkincisi, hazırda sülh sazişinin imzalanması prosesində ciddi irəliləyişlər və mövqe yaxınlaşması müşahidə edilir. Belə bir məqamda sərhədlərin delimitasiyasına dair fikir ayrılığının ortadan qalxması, eyni zamanda, anklav və qeyri-anklav ərazilərlə bağlı razılığın əldə edilməsi yekun sənədin imzalanmasına imkan yarada bilər.

Nəhayət, Ermənistan dörd kəndin qaytarılmasından sonra Tavuş istiqamətində delimitasiya prosesini başlatmaq və istədiyi “güzgü prinsipi” (qoşunların geri çəkilməsi) məsələsində praktiki irəliləyişə nail olmaq istəyir. Paşinyanın Tavuşda ermənilərlə görüşdə dediklərindən belə başa düşmək olar ki, tərəflərin təmaslarında kəndlərin qaytarılmasından sonra bu məsələnin müzakirə mərhələsinə keçə biləcəyi istisna edilməyib.

Yeri gəlmişkən, Ermənistan paralel olaraq rəsmi Tbilisi ilə də sərhəd mübahisələrini həll etmək qərarına gəlib və ermənilərin vaxtilə ələ keçirdikləri Ciliza kəndini Gürcüstana qaytarmağa hazırlaşır. Ermənistanın “Joqovurd” qəzetinin yazdığına görə, Nikol Paşinyan hökuməti təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla sərhədlərin demarkasiyasına hazırdır. Buraya xüsusilə Alaverdi bölgəsində yerləşən Gürcüstan sərhədindəki Ciliza kəndi aiddir.

Səbəb nə olursa-olsun Ermənistan ərazisindəki və sərhəddə erməni işğalında qalmış kəndlərin mərhələli şəkildə qaytarılması Azərbaycanın növbəti siyasi və hərbi uğurudur. Bu, həm də onu göstərir ki, Ermənistan hakimiyyət də daxil olmaqla regionda maraqlı olan bütün qüvvələr Azərbaycanın ədalətli mövqeyi ilə razılaşmağa, haqlı tələbləri qarşısında geri çəkilməyə məcburdurlar. Çünki hər bir tərəf əks halda nələr ola biləcəyinin fərqindədir.

Mahir Rəsuloğlu, “İki sahil”