28 mart 2024 14:45
941

Qədr gecəsində oyaq qalmağın fəlsəfəsi nədir? - İlahiyyatçı cavablandırır

Ramazanın gecələrinin birində İslamın müqəddəs kitabı “Qurani-Kərim”in nazil olduğu ehtimal edilir. Həmin gecə “Qədr gecəsi” və ya “Əhya gecəsi” adları ilə də tanınır. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni martın 28-dən 29-na keçən gecəyə təsadüf edir. Qədr gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Ayların şahı Ramazan, günlərin şahı cümə günü, gecələrin şahı isə Qədr gecəsidir

Mövzu ilə bağlı Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Gülağa İsmayılov “İki sahil”ə  bildirib ki, Allah dərgahında ayların şahı Ramazan, günlərin şahı cümə günü, gecələrin şahı isə Qədr gecəsidir: “Qiyamətə qədər bütün insanlara dünya və axirətdə rəhbər olan bir kitabın yer üzünə eniş gecəsidir. Müqəddəs kitabınız Quranın-Kərimin Ramazan ayında və həmin ayın son on gününün gecələrinin birində nazil olmasını Uca Rəbbimiz özü aydın şəkildə bəyan etmişdir.

“…İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir”, – (“Bəqərə” surəsi, 2/185) 

Qurani-Kərimdə Qədr gecəsi haqqında müstəqil surə vardır. Bu surə Məkkədə nazil olub, beş ayədən ibarətdir. Adı ilk ayədə keçən Qədr, yəni “Qədr gecəsi” sözündən götürmüşdür.

-Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik! (Qədr surəsi, ayə 1).”

Məqam, şərəf, dəyər, əzəmət

İlahiyyatçı qeyd edib ki, Qədr sözü “məqam, şərəf, dəyər, əzəmət” mənalarına gəlir: “Bu surə Quranın nazil olmasından, gecənin böyük fəzilət və bərəkətindən, o gecə kainatı bürüyən ilahi mərhəmətdən bəhs edir:

1. Sən Qədir gecəsi nədir, bilirsən?!

2. Qədir gecəsi min aydan daha xeyirlidir!

3. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.

4. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır).”

G.İsmayılov vurğulayıb ki, Quranın Qədr gecəsi hansı şəkildə nazil olması barədə əsas iki rəy vardır:

“1. Qədr gecəsi Qurani-Kərim Lövhi-məhfuzdan dünya səmasına bütöv şəkildə nazil edilmişdir. Sora isə 23 il müddətində Həzrəti Peyğəmbərə (s) ehtiyac duyulduqca dünya səmasından Cəbrayil-Əmin vasitəsi ilə gətirilmişdir.

2. Qədr gecəsi Quran-Kərim bütünlüklə Lövhi məhfuzdan Həzrəti Peyğəmbərin (s) mübarək qəlbinə nazil olmuşdur.

Bütün dünya müsəlmanları bu gecə ibadət, itaət, zikir, dua münacatla oyaq qalaraq bəşəriyyəti zülmətdən nura çıxaran, ölmüş qəlblərə həyat verən, hidayət kitabı, İlahi vəhyin gəlişini qarşılayırlar. Elə bir kitab ki, səmanın mələklərinin müşayəti ilə Kainatın ən şərəflisi, Allahın sevimlisi Həzrəti Muhəmməd Əl-Mustafaya (s) nazil olur.”

Quran kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir

İlahiyyatçı onu da bildirib ki, Quran kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir: “Quran ləfzi və mənaları vəhyə istinad edən, Cəbrayıl (ə) vasitəsiylə son nəbi Hz.Məhəmmədə (s) endirilən, qiraətiylə ibadət edilən, özünə xas xüsusiyyətləri olan Fatihə surəsi ilə başlayıb Nas surəsi ilə bitən səmavi kitabdır. Qorunub saxlanmasını Vəhyin Sahibi Uca Rəbbimiz öz öhdəsinə götürdüyü, qiyamətə qədər təhrifə məruz qalmaqdan sığortalanan, Sonuncu Peyğəmbərimizə (s) nazil olan sonuncu səmavi kitabdır.

Həzrəti Peyğəmbərimiz (s) insanları küfür zülmətindən iman nuruna, cəhalət zülmətindən elm nuruna bu ilahi vəhy vasitəsi ilə dəvət etmişdir.

- Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. (Ənfal-22).

Həzrəti Məhəmməd peyğəmbərin ümmətə iki ağır əmanəti

Həzrəti Məhəmməd (s) peyğəmbər dünyadan köçən zaman ümmətə iki ağır əmanət qoyduğunu dönə-dönə vəsiyyət etmişdir: "Mən sizin aranızda iki ağır əmanət qoyuram, biri Allahın kitabı, digəri isə mənim Əhli-beytimdir. Onlardan möhkəm yapışın, Onlar qiyamət günü hovuzun kənarında mənə qovuşana qədər biri-birindən ayrılmazlar. Onalrın biri Allahın səmadan yerə uzatdığı, digəri isə yerdən səmaya uzanan ipidir. Onlardan möhkəm yapışın, parçalanmayın".

G.İsmayılov son olaraq qeyd etdi ki, bu gecə bizlər Allahın əmrinə tabe olaraq, Rəsulunun vəsiyyətinə sadiq qalaraq böyük sevinclə Müqəddəs kitabımızı başımızın üstündə tutaraq İlahi vəhyin gəlişini bayram edir, ona öz məhəbbət və ehtiamımızı nümayiş etdirərək müxtəlif məkanlarda xüsusən məscidlərdə cəm şəkildə sevincimizi ifadə edirik.

Orxan Vahidoğlu, "İki sahil"