02 aprel 2024 12:23
468

Orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil - EKSPERTDƏN İRAD

Təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir. Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən bu tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır.  Araşdırmalarıma görə, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahənin yeni olmasıdır. Yəni, orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, maariflənmə işi daha da geniş formada aparılmalıdır. İkinci bir məsələ psixoloqların psixoloji işi aparması üçün şəraitlərinin olmamasıdır.

Bu fikirləri "İki sahil"ə özəl açıqlamasında təhsil eksperti Kamran Əsədov  bildirdi.

Orta məktəb psixoloqları da bilməlidir ki, nə formada işləmək lazımdır

Təhsil ekspertinin sözlərinə görə, bir qisim orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs demək və belə deyək də, öz işləri ilə yanaşı başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar. Bir də psixoloqun ştat vahidinin müəyyən olunması, bu da psixoloji işin daha yaxşı görülməsində bir motivasiya vasitəsi olacaq. Çünki ştat vahidi mən düşünürəm ki, qaldırılmalıdır. Orta məktəbdə çalışan psixoloqun aldığı əməkhaqqı da, digər müəllimlərin aldığı məvacibə, müəyyən qədər bərabər tutulmalıdır. Bu işlərin həll olunması, eyni zamanda, orta məktəbdə çalışan psixoloqların təlimləri, treninqləri mütəmadi olaraq keçirməsi vacibdir. Çünki orada, uşaqlarla yanaşı, yeniyetmələr də təhsil alır. Və onların da içərisində elə uşaqlar var ki, konkret olaraq psixoloji rahatsızlıqları ilə yanaşı həm davranış, ünsiyyət problemləri var, həm də çətin tərbiyə olunan uşaqlardır. Orta məktəb psixoloqları da bilməlidir ki, nə formada işləmək lazımdır və onlar bu haqda bilgilənməlidir. Bunların hamısı nəzərə alınmalıdır. 

Psixoloqun məktəbdə öz otağı olmalıdır

Kamran Əsədov vurğuladı ki, son illər ərzində Elm və Təhsil Nazirliyi tərəfindən orta məktəb psixoloqlarına xüsusi  qayğı göstərilir. Təlimlər keçirilir, indi də davam etdirilir. Məsələ burasındadır ki, ştat vahidinin verilməsi bir az zaman alan bir məsələdir. Düşünürəm ki, bunu həyata keçirərlər. Çünki, eyni bir proses səhiyyədə də baş verir. Klinik psixoloqlar səhiyyə tibb müəssisələrində çalışırlar. İndi məsələ qoyulur ki, onlar da həkimlər qədər əməkhaqqı alsınlar. Eləcə də orta məktəbdə, onların ştat vahidi, səhv etmirəmsə, həftəlik 12 saat götürürlər və düşünürəm ki, bunu artırmaq olar. Yenə də deyirəm, şərait yaratmaq lazımdır və bunun müqabilində psixoloq da işini yaxşı bilməlidir ki, uşaqlarla işini görə bilsin. Yəni konkret olaraq psixoloqun öz otağı olmalıdır ki, testlər edilə bilsin, fərdi söhbətlərlə yanaşı, yeri gəlsə ailə ilə də söhbətlər edə bilsinlər. 

100 şagirdi olan məktəbdə də 1 psixoloq olacaq, 999 şagirdi olan məktəbdə də

Təhsil eksperti diqqətə çatdırdı ki, ümumilikdə orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Nazirlər Kabineti tərəfindən orta məktəblərdə psixoloqların ştatı artırıldı. Bu, əlbəttə olduqca müsbət bir addımdır. İndi şagird sayına görə məktəblərdə psixoloqlar fəaliyyət göstərəcək. Belə ki, min nəfərə qədər şagirdi olan məktəbdə 1, iki minə qədər şagirdi olan məktəbdə 2, üç minə qədər şagirdi olan məktəbdə 3 psixoloq ştatı olacaq. Amma bunun özü də azdır. Təklif edirəm ki, orta məktəblərdə ibtidai siniflər üzrə ayrı, IX sinifə qədər təhsil alan şəgirdlər üçün ayrı, X-XI siniflər üçün ayrıca, hətta oğlan və qız şagirdlər üçün ayrı-ayrı psixoloq ştatı ayrılmalıdır. Bu gün cəmiyyətdə baş verən hadisələr, informasiya bolluğu şagirdlərdə aqressiya halların genişlənməsinə səbəb olur. Ona görə də onlarla individual məşğiı ola biləcək psixoloqlara ehtiyac var. Yeniliyin çatışmayan cəhəti də odur ki, 100 şagirdi olan məktəbdə də 1 psixoloq olacaq, 999 şagirdi olan məktəbdə də. Düşünürəm ki, bu say bölgüsünü dəyişmək lazımdır. Hal-hazırda ölkədə 4447 orta məktəb var və şagird sayı 3 mindən çox olan məktəblərin sayı çox deyil.

Yaqut Ağaşahqızı, "İki sahil"