03 aprel 2024 00:25
599

Ölümsaçan erməni “irs”i!

Beynəlxalq ictimaiyyət işğal dövründə minaladığı ərazilərin xəritələrini Azərbaycana təhvil verməsi üçün Ermənistana təzyiq göstərməlidir

Ermənistanla Azərbaycan arasında sülhə aparan yol hər iki tərəfin humanizm prinsiplərinə sadiqlik nümayiş etdirməsi ilə birbaşa bağlıdır. Ancaq 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən müddət göstərdi ki, Azərbaycandan fərqli olaraq Ermənistan sülh danışıqlarında qeyri-konstruktiv mövqe tutduğu kimi, beynəlxalq səviyyədə qəbul edilmiş humanist dəyərlərə də məhəl qoymur və bu sahədə hələ də cavabını gözləyən ciddi suallar var. Əgər Ermənistan etimad mühitinin formalaşmasında həqiqətən maraqlı idisə o zaman müharibədən dərhal sonra işğal dövründə minaladığı ərazilərin dəqiq xəritələrini Azərbaycana təhvil verməli idi. Gözlənildiyi kimi bu, baş vermədi. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA), həmçinin minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumlarının üç ildən artıqdır fasiləsiz fəaliyyət göstərməsinə baxmayaraq işğaldan azad edilmiş ərazilərimizdə ölümsaçan partlamamış hərbi sursatlar məsələsi hələ də ciddi problem olaraq qalır və ölkəmizin bu problemdən uzun müddət əziyyət çəkəcəyi qaçılmazdır. Çünki rəsmi hesabatlara əsasən, Azərbaycan Avropada Ukrayna, Bosniyavə Herseqovinadan sonra mina problemindən ən çox əziyyət çəkən üçüncü dövlətdir. Faktlar da problemin nə qədər ciddi olduğunu göstərir. Belə ki, mütəxəssislərin hesablamalarına görə, ermənilər 30 il ərzində Azərbaycan ərazisində 1.5 milyondan çox mina, partlamamış hərbi sursat basdırıblar. İşğaldan azad edilən ərazilərdə aşkar olunan minaların yerləşdikləri yerlər, hərbi sursatların növləri və digər texniki hallar minalanmanın mütəmadi olaraq davam etdirildiyini, hər il yenilərinin basdırıldığını deməyə əsas verir. Nəticədə Vətən müharibəsindən ötən müddətdə 346 nəfər minaya düşüb. 2024-cü ilə qədər minaların partlaması nəticəsində 50-si mülki şəxs və 15-i hərbçi olmaqla 65 nəfər həlak olub, 111-i mülki şəxs, 164-ü hərbçi olmaqla 275 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində 9-u uşaq və gənc, 1 nəfər isə qadındır.

Təkcə 2023-cü ildə Azərbaycanda 58 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub. Onlardan 19 nəfər dünyasını dəyişib, 39 nəfər yaralanıb. Mina partlayışları Ağdam, Xocavənd, Tərtər, Laçın, Şuşa, Cəbrayıl, Kəlbəcər, Xocalı, Füzuli və Tovuz ərazilərində baş verib.

Ümumilikdə 1991-ci ildən bu yana minaların partlamasından zərər çəkən azərbaycanlıların sayı isə artıq 3500-ə yaxınlaşır.

Ərazilərimizin düşmən tərəfindən minalarla kütləvi şəkildə çirkləndirilməsi işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin daha sürətlə həyata keçirilməsinə də ciddi maneə yaradır. Baxmayaraq ki, Ermənistan tərəfindən əvvəlcə 2021-ci il iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələr, daha sonra isə 2021-ci il noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilmiş üçtərəfli Soçi görüşünün nəticəsi olaraq dekabrın 4-də digər ərazilərin mina xəritələri Azərbaycana təhvil verilib. Ancaq mütəxəssislərin qısa araşdırmalarından sonra məlum oldu ki, bu xəritələrin dəqiqliyi təxminən 25 faizdən çox deyil. Bəzi hallarda isə xəritələr ümumiyyətlə, reallığı əks etdirmir. Halbuki hərbi ekspertlərin yekdil rəyi daha dəqiq xəritələrin olduğu qənaətini yaradır.

Faktlardan da göründüyü kimi, Ermənistanın təhvil verdiyi xəritələrin dəqiq olmaması ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsini ləngitməklə yanaşı, insan faktoru baxımından da ciddi təhlükə kimi qalmaqdadır. Təbii olaraq 30 ildən artıqdır ev-eşiyindən didərgin düşmüş keçmiş məcburi köçkünlər doğma yerləri görməyə can atır, nəticədə bəzi hallarda onların icazəsiz minalardan təmizlənməmiş ərazilərə, xüsusilə qəbiristanlıqlara daxil olmaları faciələrlə nəticələnir. Bundan başqa, minaların mövcudluğu həmin ərazilərdə hərbi qulluqçularımızın, dövlət qurumlarının bərpa-quruculuq işləri həyata keçirən çoxsaylı əməkdaşlarının da normal fəaliyyətinə problemlər yaratmaqdadır.

Minaların təmizlənməsi Azərbaycan dövlətinin xüsusi diqqət ayırdığı prioritet fəaliyyət istiqamətlərindəndir. Bunun nəticəsidir ki, 2020-ci ilin noyabr ayından 2024-cü il martın 1-dək görülən işlər nəticəsində ümumilikdə 123 min hektardan artıq ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib, 114 min 730 mina və partlamamış hərbi sursat aşkar edilib. Bu il isə daha 60 min hektar ərazidə minatəmizləmə əməliyyatlarının aparılması planlaşdırılır.

ANAMA-nın icra olunan əməliyyatlar barədə illik məlumatında bildirilir ki, agentlik əməkdaşları tərəfindən təkcə 2023-cü ildə işğaldan azad edilmiş ərazilərdə 53,1 min hektar ərazi minalardan təmizlənib. Nəticədə

23 min 49 ədəd partlamamış hərbi sursat aşkarlanıb ki, onlardan 5 min 34 ədədi tank, 3 min 495 ədədi isə piyadalar əleyhinə minadır.

Xüsusi vurğulamaq lazımdır ki, bu gün Azərbaycanda minatəmizləmə işləri dünyada mövcud olan ən müasir texnologiyalardan istifadə edilməklə həyata keçirilir. Üstəlik, bu fəaliyyətin 90 faizi ölkənin daxili resursları hesabına aparılır. Ancaq prosesin sürətlənməsi, ərazilərimizin mina və partlamamış döyüş sursatları ilə çirklənməsi probleminin daha effektli aradan qaldırılması üçün hələ də dəqiq xəritələrə ehtiyac var. Bu xəritələr isə Ermənistandadır. Odur ki, insan hüquqlarından dəm vuran, sözdə Cənubi Qafqazda sülh istədiklərini deyən Qərb dövlətləri, beynəlxalq humanitar təşkilatlar işğalçı Ermənistanı himayə etmək əvəzinə, ona təzyiq göstərməli, sözügedən mina xəritələrini Azərbaycana təhvil verməyə məcbur etməlidirlər. Ancaq edəcəklərmi? Çətin...

Mahir Rəsuloğlu, “İki sahil”