02 aprel 2024 23:31
402

Qısa videolara baxaraq müxtəlif emosiyalara köklənirlər: Problemi necə həll edək?

Artıq 21-ci əsrin reallıqlarından biridir ki, sosial şəbəkələr, saytlar insanların hər saniyə məlumat əldə etməsi üçün bir mənbəyə çevrilib. Bu mənbələrin bu qədər əlçatan olması daim insan beyninin düşünməsinə və məşğul olmasına səbəb olur. Bu mənbələrdən gələn mənfi məlumatlar insanlarda gərginlik və stress yaradır. Eyni zamanda, bütün bunlar həyatımızın daha sürətli olmasına və anın dadını çıxarmağımıza mane olur.

Bəs bu problemin qarşısını almaq və həll etmək üçün nə etməliyik?

Psixoloq Gülər Məmmədova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, hər bir insan öz maraqlarına və idrak proseslərinə uyğun yaşam tərzini seçir. Hər kəsin öz marağı, meyli və məqsədləri var. İnsanlar sosial şəbəkələrdə və müəyyən saytlarda məlumatları oxuduqca, videoları izlədikcə dünyada baş verən hadisələrlə mütəmadi məlumatlanırlar. Qısa-qısa videolara baxaraq müxtəlif emosiyalara köklənirlər. Bu emosiyalar karuseli gün ərzində dəfələrlə təkrarlanır. Bəzən insan tükürpədən ölüm və başqa təhlükəli hadisələrlə bağlı rastlaşdığı video və ya məlumatın bir müddət təsirində qalır, özünü həmin şəxslərin yerinə qoyur. Məhz belə insanlar bilmədən bu mənbələri izləyərək mənfi və ya müsbət emosiyalara köklənirlər. Bütün bu seçimlər hər bir insanın təfəkkür potensialından asılı olur. Əgər insan vaxtının çoxunu sosial şəbəkələr və internet kimi məlumat mənbələrində keçirirsə, təbii ki, o, özünün bütün idrak proseslərini bu platformaya kökləyəcək və sanki bura ilə qidalanacaq. Doğrudur, bu problemi hər kəsə şamil etmək olmaz. Çünki bir çox insanın məsul işi və peşəsi olduğu üçün onu icra etdikcə özünə gərəkli olan informasiyalara daha çox aludə olur. Ancaq xüsusilə təsir altına düşə bilən, zəif xarakteri olan, maraqları tez-tez dəyişən, öz məqsədlərini müəyyən edə bilməyən, konkret həyat tərzi olmayan insanlar mütəmadi bu problemlərlə üzləşirlər. Təbii ki, bu problemlə hər kəs üzləşə bilir. Lakin bu problemlərlə üzləşməyi və özlərinə limitlər qoymağı bacaranlar var. Bəziləri yalnız vaxtını vizual baxışlara sərf edir və kiminsə həyatını izləyərək onun kimi yaşamaq arzusu ilə yaşayır. Bu, artıq onun təbiətindəki tənbəlliyi ilə bağlıdır. İnsan onsuz tənbəl və həvəssizdir. Axına düşdükdə isə həyat tərzini də belə qurur. Ancaq idrak proseslərinə bu rəngarəng hadisələrin nə qədər toksik təsir göstərdiyini nəzərə almır. Bu toksiklik insan davranışlarına da təsir edir.

Psixoloq hesab edir ki, hər kəs bunun həlli üçün özü seçim etməlidir. Biz fərd olaraq nə insanların maraqlarının iştirakçısı ola, nə də onlara mane ola bilərik. İnsanların bu maraqları da bir vaxta qədər davam edir. Onlar psixoloji cəhətdən yorulduqdan və zamanının çox hissəsini bu platformada keçdiyinin fərqinə vardıqdan sonra ortaq məxrəcə gəlməyi bacarırlar. Bu gün sözügedən məsələ dünyanın aktual problemidir. Ona görə də insanlar sosial şəbəkədən ona fayda verəcək və zərurət bildiyi halda istifadə etməli, zamanını və həyatını daha keyfiyyətli işlərə sərf etməlidir.

Sayalı Abasova, “İki sahil”