07 aprel 2024 12:45
436

Ermənistanı cəsarətləndirənlər: ABŞ və Aİ-nin məqsədi regionda müharibəni yenidən alovlandırmaqdır

Ermənistan şərti sərhəddə vəziyyəti gərginləşdirməkdə davam edir. Belə ki, son 7 gündə Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdən mövqelərimizi müxtəlif çaplı atıcı silahlardan dəfələrlə atəşə tutublar. Təkcə bir faktı qeyd edək ki, Brüsseldə ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransı keçirildiyi gün, daha doğrusu, aprelin 5-də Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə məruz qalıb.

Aprelin 6-da isə 16 dəfə müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub. Aİ-nin Ermənistandakı “mülki” missiyası da bütün bunları görməməzliyə vurur. Yəni, vəziyyətin “sabit və sakit olduğu” haqda məlumat yayırlar. Üstəlik, Ermənistan Xarici İşlər Nazirliyi ölkəmizi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirir. Şübhəsiz, Ermənistanın törətdiyi təxribatlar bu ölkənin təcavüzkar mövqeyindən  əl çəkməməsinin, erməni xislətinin hələ də dəyişməməsinin  əyani sübutudur.  

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti də müşahidə olunur. Aprelin 1-dən iyunun 28-dək Ermənistanda ehtiyatda olan 5 minə yaxın şəxs  hərbi təlimlərə çağırılıb. Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması da özünü büruzə verir.
Qeyd edilən hadisələrin fonunda Qərb, xüsusilə Fransa tərəfindən birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması davam edir. Bu mənada  Qərbin Ermənistana əlavə hərbi güc qazandırmaq səylərinin onların yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə şərait yaradacağı şübhə doğurmamalıdır. Digər tərəfdən, bütün bunlarla Hayastan, eləcə də Qərb elə təəssürat yaratmağa çalışırlar ki, guya bölgədə qarşıdurma var, Azərbaycan təhlükə yaradır. Halbuki, rəsmi Bakı dəfərlərlə bəyan edib ki, Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə, Cənubi Qafqazda möhkəmlənmək istəyən Qərbin və bu məsələdə alət kimi istifadə etdikləri Ermənistanın yalanlarından başqa bir şey deyil. 

Şübhəsiz, bütün bunlar 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata Bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyən Ermənistanın öz havadarlarının cəhdləri ilə yenidən müharibəyə hazırlaşdığının, ölkəmizə qarş təhlükə yaratdığının təsdiqidir. Bəli, Ermənistan ənənəsinə sadiq qalaraq ikili oyunlar oynamaqda davam edir. Yəni, təcavüzkar ölkə bir tərəfdən bölgədə sabitliyin bərpa olunmasından,  iki ölkə arasında münasibətlərin tənzimlənməsindən danışır, digər tərəfdən isə belə təxribatlara rəvac verir. Görünən budur ki, Qərb, eləcə də ABŞ Hayastanın bu ikili mövqeyini dəstəkləyir. Əgər belə olmasaydı ki, Aİ və ABŞ ərazilərimizi viran qoymuş və minalarla çirkləndirmiş Ermənistana maliyyə yardımları etməklə onu mükafatlandırmazdı. Şübhəsiz, bu da Qərbi Azərbaycan İcmasının bəyanatında deyildiyi kimi,  təcavüzkar ölkəni Azərbaycana qarşı yeni hücumlara cəsarətləndirir: “Aİ və ABŞ Ermənistana etdiyi maliyyə yardımı ilə bu ölkənin həyata keçirdiyi irimiqyaslı silahlanma proqramını maliyyələşdirir”.

Elə Ermənistanın son günlər cəsarətlənməsində və Azərbaycana qarşı bir neçə saat ərzində müxtəlif istiqamətlərdə 30 dəfə atəşkəsi pozmasında da Brüsseldə keçirilən 5 aprel görüşünün izləri vardır. Bütün bunlar bir daha sübut edir ki,  Rusiyanı bölgədən sıxışdırmağı qarşısına məqsəd qoymuş Qərb geosiyasi rəqabətin Cənubi Qafqaza gətirilməsi, regionda ayırıcı xətlərin yaradılması ilə vəziyyəti gərginləşdirməyə xidmət edir. Yəni, ABŞ və Aİ-nin məqsədi Ermənistanı Rusiyadan uzaqlaşdırmaqla yanaşı, həm də Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaqdır.  Cənubi Qafqaza yeni reallıqlar gətirmiş Azərbaycan isə öz növbəsində bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə almaqda israrlıdır. 

Qvami Məhəbbətoğlu, “İki sahil”