25 yanvar 2018 23:08
13529

Qan qrupu ilə insan xarakterini necə təyin etmək olar?

İnsan xarakterini müəyyən etmək, onu tanımaq üçün bir  çox vasitələrdən istifadə olunur. Bir çox xalqlardan  fərqli olaraq yaponlar isə qan qrupları vasitəsilə insanları tanımağa çalışırlar. Hesab edirlər ki, qan qrupları insanların xarakterində, sağlamlığında hətta əxlaqında özünü biruzə verir. Bu vasitə ilə insanların xarakterini daha dəqiq müəyyən etmək olar, nəinki bürclərin.

Qan qrupunun bir şəxsin xarakterinə  təsir etdiyi ilk fərziyyəni ilk dəfə yaponlar, sonra isə çinlilər gündəmə gətirdilər. 1971-ci ildə yaponiyalı jurnalist Nomi  “Sən hansı qan qrupundansan?” adlı kitabını yazdı. Qeyd etdi ki, qan bir şəxsin tək xarakterini deyil, qastronomik xüsusiyyətlərini, sağlamlığını hətta allergiyaya  meyilliliyini də ortaya çıxarır. Yaponlar qan qruplarına o qədər üstünlük verirlər ki, mühüm addımlar atanda, ailə quranda və işə götürəndə də bu amili nəzərdən qaçırmırlar.

Yaponlar 4 qan qrupunu  aşağıdakı kimi xarakterizə edirlər.

I qrup qanın  insan təbiətinə təsiri:

Birinci qrup qanı daşıyan insanlar bir çox özəllikləri ilə  fərqlənirlər. Onlar ən stresli hallarda belə düzgün qərar verə bilirlər. Çox aktiv həyat tərzi keçirdikləri üçün başqalarının görmədiklərini görə bilirlər. Məqsədə çatmaq üçün maneələrə fikir vermirlər. Düşmənlə də cəsarətlə mübarizə aparırlar. Kifayət qədər iddialıdırlar, karyera qurmaq və həyatda uğur qazanmaq üçün yorulmadan çalışa bilirlər. İxtisaslarını və fəaliyyət növlərini zamanına görə asanlıqla  dəyişə bilirlər.  Səyahəti və idmanı sevirlər, ünsiyyətə açıqdırlar.

Birinci qrup qan daşıyan insanlar  ən çox, mədə-bağırsaq traktının xəstəliklərinə və allergiyaya meyilli olurlar.

II qrup qanın insan təbiətinə təsiri:

İkinci qan qrupu olan insanlar sakit və dözümlü xarakterə malikdirlər. Ən çətin işlərdə də səbrlə çalışırlar. Öhdələrinə götürdükləri işi vicdanla yerinə yetirirlər. Yersiz mübahisələri sevmirlər, hamı ilə ümumi dil tapa bilirlər. Onlar evdə və iş yerində hər zaman qaydada, təmiz və təravətli olurlar. Dostluq eməyi, eyni zamanda çətinlikdə olan yoldaşlarına köməklik göstərməyi sevirlər. Problemlərdən qorxmurlar. Qənaətcil olmağı bacardıqları üçün hər şeyin yaxşısını alır, yaxşı yeməklər bişirirlər. Ona görə də dostları ikinci qrup qan daşıyan yoldaşları  haqqında tez-tez deyirlər : “Yaxşı dost, yaxşı ailə başçısı “.

Bu qan qrupunun daşıyıcılarının sağlamlıq problemləri çox olur. Tez-tez xəstələnirlər. Əsasən diabet, ürək-damar, qaraciyər və onkoloji xəstəliklərdən əziyyət çəkirlər.

III qrup qanın insan təbiətinə təsiri:

Üçüncü qrup qana  malik insanlar daha yaxşı bir həyat axtarışı ilə tez-tez yerlərini dəyişməkdən qorxmurlar. İfrat dərəcədə duyğusal olması  bəzən onlara zərər verir. Yeniliyi sevirlər,  əsasən yaradıcı insan olurlar.

Hər hansı bir məsələdə başqalarını dinləyə bilərlər ancaq son qərarı özləri verirlər. Haqsızlığı sevmirlər ancaq istəmədən özləri bu səhvi edə bilirlər. Sevdikləri şəxsi qorumağı bacarırlar. Qorxaq deyillər. Ancaq bu qan qrupunu daşıyanların  digərlərindən əsas fərqi tənbəl olmaları və əziyyətsiz iş axtarışında olmalarııdır.

Bu qan qrupunun daşıyıcıları başqa qan qruplarına nisbətdə daha sağlam olurlar.

IV qrup qanın insan təbiətinə təsiri:

Dördüncü qrup qanın yaşı o biri qruplara nisbətdə cavandır.

IV qrup qan daşıyan insanların əsas  xarakterik xüsusiyyətlərindən  biri yaxşı rəhbər və təşkilatçılıq bacarığının yüksək olmasıdır. Çətin və məsuliyyətli anlarda özlərini tez ələ almağı bacarırlar. Diplomatik səviyyələri kifayət qədər yüksəkdir. Yaxşı inkişaf etmiş intuisiyaya, iti ağıla, həssas təbiətə malikdirlər. Dost tapmaqda çətinlik çəkmirlər. Əsasən alicənab  və yaradıcı düşüncə sahibi olurlar.

Bu qan qrupunun daşıyıcıları sağlamlıqlarına düşkün olduqları üçün tez-tez infeksiyalar və soyuqdəymələrdən əziyyət çəksələrdə öhdəsindən asanlıqla gələ bilirlər.

Yaponların qan qrupları vasitəsilə  insan xarakterini  müəyyən etməsinə inanmaq mütləq deyil. Ancaq həqiqətlər də az deyil.

Şəmsiyyə Əliqızı, “İki sahil”