03 aprel 2026 19:42
102

Ətrafınızdakıların sizi qocaltdıqlarını bilirdinizmi?

Stresin insanların bioloji yaşlanmasını sürələndirdiyi aşkarlanıb

ABŞ alimləri sosial münasibətlərin insan sağlamlığına təsirini araşdıraraq maraqlı nəticəyə gəliblər. Tədqiqat göstərib ki, insanın həyatında davamlı stress yaradan dost və ya qohumlar bioloji yaşlanmanı sürətləndirə bilər.

Araşdırma 18-103 yaş aralığında olan 2345 nəfərin üzərində aparılıb. İştirakçılardan gündəlik ünsiyyətdə olduqları, şəxsi və sağlamlıqla bağlı mövzuları paylaşdıqları şəxsləri qeyd etmələri istənilib. Eyni zamanda, onların həyatında tez-tez stress yaradan şəxslərin olub-olmadığı da müəyyənləşdirilib. Tədqiqat zamanı “sinir pozan” kimi təsnif edilən bu şəxslər yalnız davamlı şəkildə stress yaradan fərdlərdən ibarət olub. İştirakçıların təxminən 30 faizi həyatında ən azı bir, 10 faizi isə iki və ya daha çox belə insanın olduğunu bildirib.

Alimlər bioloji yaşlanmanı qiymətləndirmək üçün iştirakçıların tüpürcək nümunələrini iki meyardan istifadə edərək təhlil ediblər. Nəticələrə görə, insanın həyatındakı hər bir stress yaradan şəxs bioloji yaşın təxminən 9 ay daha çox görünməsi və yaşlanma sürətinin 1,5 faiz artması ilə birbaşa əlaqəlidir.

Tədqiqatın həmmüəlliflərindən biri, Nyu-York Universitetinin alimi Byungkyu Lee bildirib ki, ən diqqətçəkən məqam bu təsirin yalnız subyektiv stress hissi ilə deyil, həm də molekulyar səviyyədə ölçülən bioloji yaşlanma ilə bağlı olmasıdır. Araşdırma, həmçinin göstərib ki, stress yaradan şəxslər ailə üzvü olduqda təsir daha güclü olur. Bu isə insanların ailə daxilində uzunmüddətli münasibətlərdən uzaqlaşmaqda çətinlik çəkməsi ilə izah olunur.

Maraqlı məqamlardan biri də odur ki, həyat yoldaşı və ya partnyorların eyni səviyyədə mənfi təsir göstərmədiyi müşahidə edilib. Alimlər bunu yaxın münasibətlərdə müsbət emosional faktorların mənfi təsirləri qismən kompensasiya etməsi ilə əlaqələndirirlər.

Tədqiqatın nəticələrinə görə, qadınlar, tütün məmulatlarından istifadə edənlər, sağlamlıq vəziyyəti zəif olanlar və çətin uşaqlıq dövrü keçirmiş şəxslər belə stresli münasibətlərə daha çox məruz qalırlar.

Araşdırma müəllifləri vurğulayıblar ki, sosial əlaqələri gücləndirmək vacib olsa da, insanın psixoloji və fiziki sağlamlığı üçün stress yaradan münasibətləri də düzgün qiymətləndirmək və mümkün qədər məhdudlaşdırmaq önəm daşıyır.

Şahnigar Əhmədova, “İki sahil”