Son illərdə tərkibində şəkərin miqdarının çox olduğuna görə “zərərli” adlandırılan portağal şirəsi və digər meyvə şirələrinin sağlamlığa təsiri yenidən müzakirə mövzusuna çevrilib. Yeni araşdırmalar göstərir ki, düzgün və ölçülü istehlak edildikdə portağal şirəsi ürək və beyin sağlamlığı üçün faydalı ola bilər.
Türkiyəli kardioloq Erhan Gönen bildirib ki, portağalın tərkibindəki antioksidantlar və flavonoidlər damar sağlamlığının qorunmasında mühüm rol oynayır. Bu maddələr orqanizmdə iltihabi prosesləri azaldaraq ürək-damar xəstəlikləri riskini aşağı sala bilər.
Mütəxəssis vurğulayıb ki, meyvə şirəsi ilə meyvənin özü arasında ciddi fərq var. Bir stəkan portağal şirəsi hazırlanarkən bir neçə portağaldan istifadə olunur və bu prosesdə liflərin böyük hissəsi itirilir. Bu isə qanda şəkərin səviyyəsinin daha sürətli yüksəlməsinə səbəb ola bilər. Buna görə də imkan daxilində meyvənin özünün yeyilməsi daha məqsədəuyğun hesab edilir.
Araşdırmalara görə, gündə 100-200 ml portağal şirəsi qəbul edildikdə qanda şəkərin səviyyəsində ciddi sıçrayışlar müşahidə olunmur və bu, ürək sağlamlığına müsbət təsir göstərə bilər. Hətta bəzi tədqiqatların nəticələrinə əsasən, bu antioksidantlar beyin damarlarını qoruyaraq insult, alzheimer və parkinson kimi xəstəliklərin riskini azaltmağa kömək edə bilər. Bundan əlavə, portağalın tərkibindəki liflər bağırsaq mikroflorasını dəstəkləyir. Sağlam bağırsaq isə vitamin və faydalı maddələrin mənimsənilməsində mühüm rol oynayır. Bu baxımdan lifli qidaların qəbulu ümumi sağlamlıq üçün vacib hesab olunur.
Həkimlər qeyd edirlər ki, hər zaman ən doğru seçim meyvənin özünü yeməkdir. Lakin şirə istehlak ediləcəksə, evdə təzə sıxılmış meyvə şirələri paketli məhsullardan daha sağlam hesab olunur. Həftədə bir neçə dəfə təxminən 200-300 ml təzə portağal şirəsi qəbulunun faydalı ola biləcəyi bildirilib.
Mütəxəssis xatırladıb ki, hər bir qida kimi, meyvə şirələrinin də həddindən artıq istifadəsi zərərli ola bilər və əsas məsələ balansı qorumaqdır.
Şahnigar Əhmədova, “İki sahil”