13 aprel 2024 19:19
565

Bişkekdə Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan festival başlayıb

Qırğızıstanın paytaxtı Bişkekdə “Azərbaycan mədəniyyətinin təbliği günləri” festivalı başlayıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Orta Asiyada Azərbaycan Mədəniyyətinin təbliğinə çağırışlar - Bişkek festivalı” Qırğızıstan-Türkiyə Manas Universitetində təşkil olunub.

Türkiyə və Azərbaycanın Bişkekdəki diplomatik korpusunun əməkdaşları, Manas Universitetinin rəhbər heyəti, Qırğızıstan Axıska Türkləri Dərnəyi, Qırğızıstandakı Azərbaycan diaspor liderləri, universitetin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən festivalın açılış mərasimi hər üç ölkənin himnlərinin oxunması ilə başlayıb.

Manas Universitetinin prorektoru, professor Mehmet Sezai Türk açılış çıxışında üç qardaş ölkənin universitetdə bir araya gəlməsindən şərəf hissi keçirdiyini bildirib. O, festival boyunca Azərbaycan mədəniyyətini və kinosunun təbliğinin vacibliyinə diqqət çəkib. Prorektor çıxışında Qarabağ zəfərindən, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” sözlərindən bəhs edib, Bəxtiyar Vahabzadənin şeirlərindən sitat gətirib.

Açılış mərasimində çıxış edən “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı çıxışına “Biz oğuzuq, qıpçağıq, qazaxıq, qırğızıq, türkmənik, türkük” sözləri ilə başlayıb, Türk Dünyasının ortaq mədəniyyətə malik olduğunu qeyd edib.

Bişkek Festivalının layihəsinin rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxışına Azərbaycan Prezidenti İlham Əliyevin “Biz böyük türk ailəsinin üzvüyük” sözləri ilə başlayıb və Altaylardan Qafqazlara qədərki coğrafiyadakı türklərin birlik və bərabərliyinin önəmini vurğulayıb.

A.Ələsgər Türk Dünyasını bir araya gətirən layihələrə ehtiyac olduğunu bildirərək, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyinin Bişkek Festivalının baş tutmasına dəstək olan Azərbaycan Mədəniyyət Nazirliyinə, Azərbaycanın Qırğızıstandakı səfirliyinə, Qırğızıstan-Türkiyə Manas Universitetinə, “İpək yolu” İctimai Diplomatiya Vəqfinə təşəkkürünü bildirib.

“İpək yolu” İctimai Diplomatiya Vəqfinin başqanı Seyfullah Türksoy da çıxışında mədəniyyətin Türk Dünyasını bir araya gətirən ən önəmli faktor olmasına diqqət çəkərək, “Azərbaycan sənəti, mədəniyyəti, musiqisi, rəsmi, heykəltəraşlığı, kinosu ilə çox inkişaf etmiş xəzinədir” söyləyib.

Azərbaycanın Qırğızıstan konsulu Şahin İsgəndərov da çıxışında ortaq türk dilinin və mədəniyətinin inkişafına diqqət çəkib. Konsul Qarabağ zəfərinin Türk Dünyası üçün yeni mərhələnin açarı olduğunu vurğulayıb.

Açılış mərasimi Ulu Öndərin həyatından bəhs edən “Xatirələr işığında Heydər Əliyev” sənədli filmi və Festivalda yayımlanacaq filmlərin anonsu ilə başa çatıb.

Qeyd edək ki, üç gün davam edəcək Festival çərçivəsində Azərbaycanın “Dədə Qorqud”, “Dolu” və “Fəryad” filmləri tələbələr üçün yayımlanacaq.

Eyni zamanda, Manas Universitetində Azərbaycan mədəniyyətindən və tarixindən bəhs edən sərgi də festival boyu şagirdlərin ixtiyarında olacaq.