16 aprel 2024 11:35
160

Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı günü”

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə ictimai maraq nəzərə alınaraq, aprelin 16-da Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı günü” keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Sumqayıt şəhər prokuroru Mürvət Həsənov qonaqları salamlayaraq, təşkil olunmuş tədbirin əhəmiyyətindən bəhs edib, eləcə də şəhər prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış zamanı prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib.

İnzibati bina barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

İştirakçıların sualları ətraflı cavablandırılmaqla, onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş etdirilib.

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah edilib.

Sonda xatirə fotoşəkli çəkdirilib.