16 aprel 2024 12:25
258

Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib- FOTO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtın bütün rayonlarını əhatə edən məhəllələrarası minifutbol turnirinə start verilib.

“İki sahil”in məlumatına görə, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 - rayon və şəhər mərhələlərindən ibarət olan yarışın əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

Turnirlər Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında təşkil olunur. Olimpia sistemi üzrə keçirilən yarışda ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda iştirak edir.

Birinci tur aprelin 20-nə kimi paytaxt rayonlarında baş tutacaq, daha sonra rayon yarışlarının qalibləri Bakı şəhər mərhələsində mübarizə aparacaqlar. Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 3-də final oyunları ilə yekun vurulacaq. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Rayon mərhələlərinə artıq start verilib. Açılış mərasimlərində iştirak edən rəsmilər, idman mütəxəssisləri yarışlar barədə məlumat verib və yeniyetmələrə uğurlar arzulayıblar.