16 aprel 2024 14:42
173

Sumqayıtda sosial aksiya keçirilib

Korporativ sosial məsuliyyətə xüsusi önəm verən “PAŞA Həyat” bayramlar ərəfəsində Qızıl Aypara Cəmiyyəti (QAC) ilə birgə əhalinin bütün təbəqələrini diqqət mərkəzində saxlayaraq növbəti sosial aksiya keçirib.

“İki sahil” xəbər verir ki, şirkət hər il olduğu kimi bu Ramazan bayramında da cəmiyyətin həssas qruplarını unutmayıb və Sumqayıt şəhərində ehtiyacı olan ahıl şəxslərinə bayram bağlamalarının hazırlanmasında Qızıl Aypara Cəmiyyətinə öz dəstəyini göstərib.

Belə ki, QAC Sumqayıt Regional Mərkəzinin və “PAŞA Həyat”ın nümayəndələri tərəfindən bayram sovqatları sözügedən şəxslərə paylanılıb. Bundan əlavə, yataq xəstələri olan ahıl şəxslər də evlərində ziyarət olunaraq, şirkətlər tərəfindən bayram sovqatları ilə sevindirilib. Bölmədə Sumqayıt Dövlət Universitetin təcrübə keçən tələbələri könüllü qismində ahıllara ərzaqların daşınmasında yardımçı olublar.

Qeyd edək ki, QAC Sumqayıt Regional Mərkəzin koordinatoru Mətanət Məhərrəmova “Paşa Həyat” ASC-nin əməkdaşı Aysun Şahəliyevanı salamlamış, hər bayramda bölmə ahıllarına göstərdikləri diqqət üçün onlara bölmə və ahıllar adından minnətdarlığını bildirib. Bayram sovqatları alan ahıllar da öz növbələrində xeyriyyəçi təşkilat nümayəndəsinə onları bu əziz bayramda sevindirdikləri üçün təşəkkür edərək, xeyir-dualarını veriblər.