18 aprel 2024 02:17
268

Birliyimizin növbəti rəmzi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin  yaradılmasına dair Anlaşma Memorandumu”nu təsdiq etməklə bu sahədə səylərin birləşdirilməsinin ölkələrimizin davamlı  uğurlarında rolunu bir daha təsdiqlədi

“Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.» Dövlət başçısı İlham Əliyev 7 fevral növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra ilk səfərini qardaş Türkiyəyə etməklə bir daha dünyanın diqqətini qardaşlığımızın, dostluğumuzun sarsılmazlığına yönəltdi. Tarixi Zəfərimizdən sonra iki dost ölkənin münasibətlərində yeni səhifənin açılması qarşılıqlı səfərlərin davamlılığında, eyni zamanda, imzalanan sənədlərin say tərkibində və əhatə etdikləri sahələrdə özünün aydın ifadəsini tapır.  Həmin səfər çərçivəsində  Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nu  qeyd edə bilərik.

Aprelin 16-da  Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzaladı. Fərmana əsasən, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edildi. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.

Cənab İlham Əliyev səfər çərçivəsində mətbuata bəyanatında bildirdi ki,  ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra münasibətlərimiz  yeni yüksək zirvəyə qalxdı.   Bu reallıq da hər zaman önə çəkilir ki, Azərbaycan və Türkiyə Prezidentlərinin şəxsi qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Təbii ki, bu əlaqələrin möhkəm təməlinin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Bu məqamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında xüsusi qeyd etdi. « Seçkilərin nəticələrinin Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm» söyləyən Türkiyə Prezidenti vurğuladı  ki,  Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük. 

Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır. Hər zaman biri-birinin yanında olan iki dost ölkə atdığı addımları ilə  belə bir reallığı da təsdiqləyirlər ki, dünyada onlardan yaxın ikinci ölkələr yoxdur. Bu, özünü İkinci Qarabağ müharibəsi, həmçinin bir günlük lokal antiterror tədbirləri zamanı bir daha nümayiş etdirdi. Vətən müharibəsinin hər anı bizimlə bərabər qardaş Türkiyədə də diqqətlə izlənildi, tariximizə yazılan uğur səhifələri onları  da ruhlandırdı. Türkiyə Prezidentinin ilk andan «Azərbaycan tək deyil» mesajı dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, ölkəmizə  güc verdi. Azərbaycanın 30 illik işğala son qoymasını, həmçinin bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində atdığı addımları önə çəkən  Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatı mühüm məqamları ilə  yadda qaldı. Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağını böyük inam hissi ilə vurğulayan Türkiyə Prezidenti bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət etdiklərini diqqətə çatdırdı. O da xüsusi qeyd edildi ki,  Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Rəcəb Tayyib Ərdoğan bu mesajı çatdırdı: «Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik.»

Azərbaycan da hər zaman Türkiyənin yanında olduğunu real addımları ilə nümayiş etdirir. Təkcə ötən ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan dövlətinin, xalqının keçirdiyi hissləri,  ilk andan dəstəyini yada salmaq kifayətdir.  Dövlət başçısı İlham Əliyevin  tapşırığına uyğun olaraq Türkiyəyə lazımi dəstək üçün bütün imkanlar səfərbər olundu.  Heydər Əliyev Fondu  tərəfindən də  Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımlar edildi. Bu diqqət və qayğı yalnız dövlət səviyyəsində deyil, vətəndaşlarımız tərəfindən də yüksək fəallıqla  göstərildi. Əsas çağırış bu oldu ki, «Qardaş Türkiyə, səninləyik!» Dünya növbəti dəfə bu dostluğun, qardaşlığın nümunəsinin şahidinə çevrildi. Azərbaycan Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyini hazırda da davam etdirir. Kahramanmaraş vilayətində tikinti işləri aparır.  Mətbuata bəyanatında «Əziz Qardaşımın şəxsində bütün Azərbaycan xalqına ötən il 6 fevral zəlzələləri zamanı millətimizə göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm» bildirən Türkiyə Prezidenti onu da vurğuladı ki, digər yardımları ilə yanaşı, Azərbaycan Kahramanmaraşda 32 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa etməkdədir. Kahramanmaraşa etdiyimiz səfərdə “Azərbaycan bulvarı”nda həyata keçirilən işlər barədə məlumat aldıq.

Bütün bunlar onu göstərir ki, Azərbaycan və Türkiyə ayrı-ayrı sahələrdə əməkdaşlıq əlaqələrini möhkəmləndirməklə yanaşı, biri-birinin hər anını diqqətlə izləyir, yanında olmağa çalışır. Bu birlik, həmrəylik regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Daim ədalətin və beynəlxalq hüququn yanında olan hər iki qardaş ölkə nə qədər dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsalar da sonda ədalətin zəfər çalacağına böyük inamla yanaşır, daha da güclənir, qüdrətlənir. Dövlət başçısı İlham Əliyev hazırda qardaş Türkiyənin dünya çapında yeri və roluna diqqəti yönəldərək bildirdi ki, hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən genişmiqyaslı inkişaf prosesini izləyir. Prezident Rəcəb Tayyib Ərdoğanın  səyləri nəticəsində Türkiyə yeni zirvələri fəth edir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan qardaş Türkiyənin  uğurlarına öz uğurları kimi sevinir.

Prezidentlər həm keçirdikləri geniş tərkibdə görüşlərdə, həm də mətbuata bəyanatlarında türk dünyasının birliyinin önəminə də diqqəti yönəltdilər.  Prezident Rəcəb Tayyib Ərdoğanın «Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm» fikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirdi ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Türk Dövlətləri Təşkilatının Zirvə görüşü bu ilin iyul ayında Şuşada  keçiriləcək. Dövlət başçısı İlham Əliyev bu inamı da ifadə etdi ki, onun dəvəti ilə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin Zirvə görüşündə müşahidəçi statusunda iştirakı ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.

Dövlət başçısı İlham Əliyev yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində xarici siyasətimizin prioritetlərini açıqlayarkən «Bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq» söyləyərək bu mühüm məqamı da xüsusi qeyd  etdi ki, bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və  siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir: «Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.»

Türk dünyasının birliyində Azərbaycan və Türkiyənin töhfələri davamlılığı ilə diqqətdədir. İyul ayında bu birliyimizə, həmrəyliyimizə Azərbaycanın döyünən ürəyi Şuşa şahidlik edəcək.

İki qardaş ölkənin əlaqələrinin inkişafında imzalanan sənədlər əhəmiyyətli rola malikdir. Ölkələr arasında əməkdaşlıq əlaqələrindən bəhs edərkən ilk olaraq iqtisadi əməkdaşlıq önə çəkilir. Bu baxımdan Azərbaycan və Türkiyənin birgə səyləri, siyasi iradəsi sayəsində reallığa çevrilən enerji layihələri regional əməkdaşlığın möhkəmləndirilməsində, həmçinin dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında öz sözünü deyir. Bu birlik sayəsində reallığa çevrilən layihələr ölkələr, xalqlar arasında körpü rolunu möhkəmləndirməklə regionda sabitliyin, təhlükəsizliyin qarantına çevrilib. Artıq bu əməkdaşlığın coğrafiyası genişlənərək beynəlxalq miqyas alıb. Artıq bu gün çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın genişləndirilməsi əsas çağırışlar sırasındadır.

Tarixi Zəfərimizdən sonra  daha da aktuallaşan sahələrdən biri də media sahəsində əməkdaşlıq idi. Hər iki qardaş ölkə daim  ermənilərin və ermənipərəst qüvvələrin qərəzli təbliğatları ilə üz-üzədirlər. Azərbaycana qarşı  ərazi iddiası ilə çıxış edən Ermənistan qardaş Türkiyəyə qondarma «erməni soyqırımı»ndan bir təzyiq vasitəsi kimi istifadə edir. Bu təbliğata qarşı diasporumuzun birgə fəaliyyəti ilə yanaşı, media orqanlarının da əməkdaşlığının möhkəmləndirilməsi  vacib məsələ kimi gündəmə gətirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin 10 dekabr tarixində ölkəmizdə keçirilən Zəfər paradında iştirak etmək üçün Azərbaycana səfəri çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Bunlardan biri də media sahəsində əməkdaşlığa dair Memorandum idi. Bu sənədə uyğun olaraq Ortaq Media Platforması yaradıldı.

Tarixi Zəfərimizdən sonra daha da aktuallaşan istiqamətlərdən biri də hər iki ölkənin gənclərinin daha yaxından biri-biri ilə əməkdaşlığı və bu birliyin Azərbaycan-Türkiyə münasibətlərinə töhfələri məsələsidir.  2022-ci ildə Azərbaycan “TEKNOFEST Azərbaycan” festivalına ev sahibliyi etdi. Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında bildirmişdir ki, bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır: «Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar.»

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə «Bu gün “TEKNOFEST”i ölkə xaricində ilk dəfə Can Azərbaycanda təşkil etməyin həyəcanını və haqlı qürurunu sizinlə bölüşürük. Bura Azərbaycan gəncliyinin bacarığını, istedadını nümayiş və inkişaf etdirməsi üçün önəmli bir platformadır» söyləyərək belə bir əminliyi də ifadə etmişdir ki,  Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı davam edəcəyik. “TEKNOFEST Azərbaycan”da Türk Dövlətləri Təşkilatını təmsil edən qonaqlarımızın da yer alması məmnunluğumu daha da artırır. Türk dünyasının ən müasir texnologiyalar istehsal edəcək gənc nəsillərlə mühüm nailiyyətlər əldə edəcəyinə ürəkdən inanıram: “TEKNOFEST”çilər bu günə qədər Türkiyədə son dərəcə gözəl layihələrə imza atdılar. Azərbaycanda da eyni uğuru əldə edəcəyimizə şübhə etmirəm. Türk Dövlətləri Təşkilatının da bu cür platformalarda təməlləri qoyulacaq yeni və daha böyük əməkdaşlıqlarla ortaq gələcəyimizdə daha güclü bir mövqeyə çatacağına inanıram.»

Göründüyü kimi, elə bir sahə yoxdur ki, Azərbaycan -Türkiyə əlaqələri yüksələn xətlə inkişaf etməsin. Azərbaycan-Türkiyə Universitetinin yaradılması iki qardaş ölkənin təhsil sahəsində əməkdaşlığının daha da dərinləşdirilməsində əhəmiyyətli rol oynayacaq.

Məhz bu dostluğun, qardaşlığın, müttəfiqliyin, ümumilikdə bütün sahələri əhatə edən əlaqələrin fonunda 2021-ci ilin 15 iyun tarixində Azərbaycan-Türkiyə Müttəfiqlik sazişi imzalandı. Azərbaycan və Türkiyə  sözdə, əməldə qardaşdır, müttəfiqdir. 

Qısa təhlil əsasında belə bir ümumiləşdirməni apara bilərik ki, tarixi Zəfərimizdən sonra münasibətlərdə baş verən yeniliklər gələcəyə daha böyük inamla, çağırışlarla addımlamağa stimul olur. Hər bir ölkənin inkişafında təhsilin rolunu nəzərə alsaq təcrübə mübadiləsi, səylərin birləşdirilməsi hədəflərə yüksək səviyyədə nail olmağa stimul olacaq. Əvvəldə də qeyd etdiyimiz kimi, təhsil sahəsində əməkdaşlıq gələcəyə yönəlmiş təşəbbüsdür.

Yeganə Əliyeva, «İki sahil»