18 aprel 2024 01:57
255

Erməni dilində «danışan» Fransa

Rəsmi Paris ölkəmizdəki səfirini geri çağırmasını lazım bilirsə, adekvat cavab aydındır: Azərbaycan da eyni addımı ata bilər

Qərbin rəsmi İrəvanı Rusiya ilə müttəfiqlikdən ayırmaq cəhdlərinin ifadəsi olan Brüsseldə keçirilən Ermənistan-Avropa İttifaqı (Aİ) -ABŞ müştərək konfransının bölgədə gərginliyi artıracağı proqnozu özünü doğruldur. Görüşlə bağlı rəsmi Bakının mövqeyini konfrans iştirakçıları ABŞ Dövlət katibi Antoni Blinkenə, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə çatdıran Prezident İlham Əliyev bu «təşəbbüsü» işğalçıya dəstək kimi, dəyərləndirərək narahatlığını bildirmişdi. ABŞ-ın və Aİ-nın təmsilçiləri bu görüşün rəsmi Bakının maraqlarına zidd olmadığını bildirsələr də konfransın keçirildiyi zaman erməni silahlılarının Azərbaycanın şərti sərhədində yerləşən mövqelərini atəşə tutmasına, əsgərimizin yaralanmasına adekvat cavab olaraq qarşı tərəfin dörd hərbçisini itirməsi «arxayınçılıq» vədinə etimadı azaldır.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfərdən sonra çoxəsrlik havadarı, dəstəkçisi Rusiyaya arxa çevirərək Qərbə üz tutan, ABŞ və Aİ-ni özünün əsas tərəfdaşı hesab etdiyi üçün arxayınlaşan Ermənistanın şərti sərhədə qoşun” yığması, hərbi infrastruktur yaratması hayların yeni müharibə hazırlaşdığından xəbər verir.

Qeyri-şəffaf, pərdəarxası gizlin məqamları ilə diqqəti çəkən Brüssel konfransının Cənubi Qafqazda sülhə, əməkdaşlığa təhdid olduğunu təsdiqləyən hərbi ekspertlərin vurğuladıqları kimi, Qərb ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir”. Prezident İlham Əliyev rəsmi Bakının 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş Bəyanata və Alma-Ata Bəyannaməsinə sadiq qaldığını bildirsə də, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə təsdiqləsə də Qərbdən qaynaqlanan «Stop!» əmri, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı əsası olmayan iddialar sülh sazişinin qarşısına qırmızı sədd çəkir. Danılmaz faktdır ki, Qərb Ermənistan üzərindən Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaqda” maraqlıdır. Brüssel konfransı ilə bağlı mövqeyini Xarici İşlər Nazirliyinin açıqlaması ilə bildirən rəsmi Moskva hesab edir ki, bu konfrans Qərbin Ermənistanın Rusiya ilə müttəfiqliyinin pozulmasına cəhdlərin bir hissəsidir. Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dayandırması ilə bağlı anonsunun müəllifləri də ABŞ və Avropa İttifaqıdır. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın «Biz indi Brüssel və Vaşinqtonla iqtisadi və siyasi əlaqələri dərinləşdiririk. Biz öz təhlükəsizliyimizi və inkişafımızı demokratik yol və institutlar üzrə təmin etməyə çalışırıq və bunun üçün Qərbdə yaxşı tərəfdaşlar olduğunu görürük» sözləri də reallığı əks etdirir. Başqaları tərəfindən idarə olunan Ermənistanda Rusiya və Qərb tərəfdaşları arasında yaranan fikir ayrılığı ölkədaxili vəziyyəti daha da gərginləşdirir. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan hesab edir ki, Qərblə Rusiyanın qarşıdurması şəraitində Brüssel görüşü regionda vəziyyəti daha da kəskinləşdirəcək. Nikol Paşinyanın Qarabağdan İrəvana köçmüş ermənilərin «mühacirət hökuməti» barədə narahatlığı ölkədə vəziyyəti, yerli və gəlmə ermənilər arasındakı qarşıdurmanı daha da gərginləşdirib. Nikol Paşinyan bildirib ki, ölkəsində Ermənistan hökumətindən başqa heç bir hökumət mövcud ola bilməz. Baş nazirin sözlərinə görə, əgər Ermənistanda kimsə özünü «hökumət kimi qələmə verirsə» bu, Ermənistanın milli təhlükəsizlik problemidir və «cavabsız qala bilməz.» Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcəyini dəfələrlə beynəlxalq səviyyələrdə səsləndirən Prezident İlham Əliyev ölkəmizin müstəqilliyinə, suverenliyinə təhdid olan bütün cəhdlərin qarşısını İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərlə aldı, bir günlük antiterror tədbirləri nəticəsində erməni separatizminin, «miatsum», «artsax» kimi daşnak sayıqlamalarının kökünü birdəfəlik kəsdi. Amma regiona sabitlik gətirəcək Zəngəzur dəhlizinin bərpası kimi həllini gözləyən məsələlər hələ də gündəmdədir.

Bəllidir ki, beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin bərpasına mane olmaq Qərblə ABŞ-ın «Ermənistan himayədarlığı»nın başlıca ssenarisi olmaqla Orta Dəhliz layihəsinə də təhdiddir. ABŞ kəşfiyyatının qərəzli açıqlamasında qeyd edildiyi kimi, Azərbaycanın digər rayonlarını respublikamızın tarixi ərazisi olan Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılmasında israrlı olması guya «silahlı münaqişə ehtimalını» artırır.

Bəzi siyasi şərhçilər dəhlizlə bağlı daha düzgün açıqlama verərək bildirirlər ki, Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin bərpası ilə bağlı yekdil qərarın qəbul olunmaması regionda gərginliyi artıra bilər. Azərbaycan respublikanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana Ermənistandan keçməklə sərhəd-gömrük nəzarəti olmayan dəhlizin açılmasının tərəfdarıdır. Ermənistan isə rəsmi Bakıya yol verməyə hazırdır, ancaq öz nəzarəti altında. Rusiya isə bu yola özü nəzarət etmək istəyir və onun bu istəyi də 10 noyabr üçtərəfli Bəyanatında əksini tapıb. Fransa, ABŞ, Aİ isə məsələyə öz maraqları baxımından yanaşaraq bu dəhlizin bərpasını istəmirlər.

Göründüyü kimi, saxta müəmmalarla, bəhanələrlə bilərəkdən « zənginləşdirilən və tündləşdirilən» bu məsələnin də arxasında Cənubi Qafqaza sahiblənmək iddiaları, qərəzli yanaşmalar dayanır. Ermənistanın siyasi çevrələrində Azərbaycanın Zəngəzur dəhlizini açmaq üçün güc tətbiq edəcəyi ilə bağlı müzakirələr davam etsə də Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Rəsmi Bakı Zəngəzur dəhlizindən öz şərtləri əsasında istifadə etmək niyyətindən geri çəkilmədiyini gizlətmir, amma israrla vurğulayır ki, bunu güc yolu ilə həyata keçirmək istəmir: «Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq.»

Rəsmi İrəvanın Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün Ermənistana genişmiqyaslı hücuma keçəcəyi ilə bağlı məqsədi Qərb dövlətlərindən siyasi və hərbi dəstək almaq, eyni zamanda, ölkəmizə qarşı mənfi münasibətləri daha da tündləşdirməkdir. Reallıq budur ki, Qarabağın tam azad olunmasından sonra regional stabilliyin təmin olunmasında maraqlı olan rəsmi Bakı üçün Orta Dəhliz və COP29 kontekstində ölkəyə yeni investorların gəlməsi, Azərbaycanın beynəlxalq arenada imicinin yaxşılaşması daha önəmlidir.

Halbuki, Zəngəzur dəhlizinin bərpası üçün əsas tərəflər olan Azərbaycanla Ermənistan eyni dərəcədə maraqlı olmalıdır. Dəhlizin bərpası ilə Ermənistanın regionda həyata keçirilən iri infrastruktur layihələrindən istifadəsi reallaşacaq, bölgədəki tədricinə son qoyulacaq, iqtisadi səmərə əldə edəcək. Azərbaycanın əzəli torpağı olan Naxçıvanla, Türkiyə ilə əlaqəsi bərpa olunacaq. Türkiyə ilə Ermənistan arasında illərdən bəri bağlanan sərhədlər açılacaq.

Amma Cənubi Qafqazdan çox-çox uzaqlarda yerləşən qüvvələrin bölgəyə qərəzli müdaxiləsi beynəlxalq əhəmiyyətə malik bu kommunikasiyanın bərpasına əngəl törədir. Daha dəqiq deyilsə, rəsmi İrəvanı Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdıran Fransanın İkinci Qarabağ müharibəsindən sonra daha da güclənən anti-Azərbaycan münasibətləri revanşistləri daha daruhlandırır.     Fransa Senatında Azərbaycan əleyhinə qəbul olunan bəyanatlar, qondarma «arsax»ın tanınması ilə bağlı çağırışların səslənməsi, rəsmi Parisin üzvü olduğu    BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamələrin qəbulu üçün göstərdiyi canfəşanlıq, Avropa İttifaqında , Avropa Parlamentində rəsmi Bakının əleyhinə aparılan təxribatlarda, qətnamlərin qəbulunda fəallıq göstərməsi, Qarabağ ermənilərinə «humanitar yardım» bəhanəsi ilə Laçın yolunda formalaşdırdığı «siyasi blokada» şousu yaxın zamanlarda baş verən Fransa məkrinin kiçik məqamlarıdır. Ermənistanı silahlandırmaqla yeni müharibəyə hazırlayan rəsmi Parisin çağırışlarına qoşulan erməni separatçılarının sayının artması bölgədə sabitliyin pozulmasına yönəlmiş məkrli niyyətlərdir. Keçmişə nəzər saldıqda bir həqiqət təsdiqlənir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin pozulmasına yönəlmiş bütün addımların arxasında Fransa dayanır.

Fransada getdikcə güclənən anti-Azərbaycan siyasəti, islamofob meyilləri bu ölkənin özünü Avropanın mədəniyyət mərkəzi, demokratiya beşiyi adlandırması iddiasını təkzib edir. Bu reallığı ölkənin Evian-le Bən şəhərindəki «Azərbaycan parkı»nda ucaldılmış Xurşidbanu Natəvanın heykəlinə qarşı edilən vandallıq da təsdiqləyir. Çox təəssüf ki, məsələyə nə rəsmi Paris, nə də mədəni irsin mühafizəsinə cavabdehlik daşıyan orqanlar tərəfindən münasibət bildirilmədi. Belə ki, Azərbaycanla bütün körpüləri yandırmaqda israrlı olan, Ermənistan kartından istifadə etməklə Cənubi Qafqazda sabitliyin yaranmasına hər vasitə ilə əngəl törədən Fransanın ABŞ və Avropa İtfiaqından istifadə etməklə ölkəmiz əleyhinə təxribatlarını genişləndirməsi bölgəyə, xüsusilə Ermənistana yaxşı heç nə vəd etmir.

Azərbaycanın razılığı əsasında ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçilik missiyasını erməni separatizmini dəstəkləmək prinsipi əsasında «yerinə yetirən» Fransa 2020-ci il Vətən müharibəsindən sonra anti-Azərbaycan təxribatları ilə daha da radikallaşıb.

Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Parisə qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb.

Fransa xüsusilə son 3 il yarım müddətində atdığı addımları ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.

Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın ölkəmizdəki səfirinin geri çağırılması ilə bağlı yerli mətbuat nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib.

Mətbuat katibi diqqətə çatdırıb ki, Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübuta yetirib.

Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə bu ölkənin parlamentində ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sual altına qoyan və onlara xələl gətirən, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr qəbul edildiyini xatırladan Ayxan Hacızadə vurğulayıb ki, bu müddət ərzində Fransada mövcud azərbaycanofob mühitin nəticəsi olaraq səfirliyimizə qarşı dəfələrlə hücumların edilməsi və səfirliyin binasına zərər yetirilməsi, hökumət tərəfindən bu cür təxribatların qarşısının alınmaması, tədbirlərin görülməməsi rəsmi Parisin ölkəmiz əleyhinə təxribat kampaniyasının tərkib hissələridir.

Eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır.Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır.

«Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid, təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir» söyləyən XİN sözçüsü vurğulayıb ki, Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarışılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasına tərəfdardır, amma hansısa ölkə bunun əksini edirsə, bu o ölkənin öz problemidir. Fransa səfirin çağırılmasını lazım bilirsə, Azərbaycan da eyni addımı ata bilər.

Xuraman İsmayılqızı, «İki sahil»