30 aprel 2024 15:48
474

Hotellərin ulduz dərəcəsi ilə təklif etdikləri xidmətlər üst-üstə düşmür - Agentlikdən İRAD

İqtisadiyyatın digər sahələri kimi turizmdə də tələb və təklif mütənasibliyi əsas rol oynadığından bu sahədə birbaşa dövlətin qiymət tənzimlənməsi mövcud deyil. Dövlətin bu istiqamətdə strategiyası bazarda təkliflərin həcminin artması üçün əlverişli şərait yaradaraq sağlam rəqabətlilik mühitinin formalaşmasına dəstək vermək, bununla da hər seqmentə və büdcəyə uyğun təkliflərin formalaşmasına dəstək verməkdir.

Dövlət orqanı olaraq Dövlət Turizm Agentliyi qiymətlərin formalaşdırılması prosesində iştirak etmir və bu prosesdə iştirak və ya prosesə müdaxilə etmək səlahiyyətlərinə malik deyil. Ümumiyyətlə, turizm sahəsində qiymətlərin dövlət tənzimlənməsi, yəni qiymətlərin formalaşması və tətbiqi prosesinə qanunvericilik, inzibati və maliyyə-büdcə tədbirləri vasitəsilə təsir etmək mexanizmi mövcud deyil. Belə bir mexanizmin mövcudluğu turizm üzrə sahibkarlıq mühitində qeyri-sağlam rəqabətə və ya rəqabətin məhdudlaşdırılmasına yol aça bilər. Əlbəttə, dövlət orqanı olaraq tövsiyəmiz qiymətlərin daha münasib və əlçatan olması, bütün vətəndaşların büdcələrinə uyğun olmasıdır. Həmçinin önəmli məqamlardan biri də infrastrukturla təklif edilən xidmətlərin üst-üstə düşməsidir. 

Bunu “İki sahil”in sorğusuna cavabında  Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bildirib. 

Aydındır ki, xidmət səviyyəsinin keyfiyyəti hotellərin ulduz dərəcələri ilə birbaşa əlaqəlidir. Təəssüf ki, bir sıra hotellərin ulduz dərəcəsi ilə təklif etdikləri xidmətlər üst-üstə düşmür, bəzi hallarda ulduzlaşma ümumiyyətlə aparılmayıb. Bunları nəzərə alaraq beynəlxalq standartlar və meyarlar əsas götürülərək, yerli şərait nəzərə alınaraq milli ulduz sistemi yaradılıb.

Bu yaxınlarda “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” da təsdiq olunub. Hazırda Azərbaycan Hotel Assosisiyası tərəfindən hotellərə ulduz verilməsi prosesi davam edir. Bu, istehlakçıların real və etibarlı ulduz dərəcələrinə malik hotelləri seçərək ödədikləri məbləğə müvafiq xidmət almaqlarını təmin edəcək. Qeyd etmək lazımdır ki, bazarda hər seqmentə uyğun qiymətlər və təkliflər formalaşıb. İnsanların asudə vaxtlarını səmərəli keçirtməsi üçün bu təkliflərin həcminin artırılması istiqamətində tədbirlər görülür. Həmçinin onu da qeyd etmək lazımdır ki, hotel olmayan yerləşmə vasitələri, kənd evləri son dövrlərdə alternativ variant kimi çıxış edir.

Yaqut Ağaşahqızı, “İki sahil”