18 aprel 2024 13:42
454

"Cığır" romanı ədəbiyyatımızda bir hadisədir - Kənan Hacı

"Yunus Oğuz müstəqillik dövrü ədəbiyyatımızda tarixi romanlar ustası kimi tanınır. Bir neçə il bundan öncə onun "Səfəvi şeyxi" romanını oxumuşdum. Şah İsmayıl haqqında mərhum yazıçımız Fərman Kərimzadə və Əlisa Nicat romanlar yazıblar və bu əsərlər geniş oxucu kütləsinə kifayət qədər məlumdur. "Səfəvi şeyxi" romanı isə Şah İsmayılın taxta çıxmasına qədərki dövrdə baş verən hadisələrin mahiyyətinə, Səfəvi xanədanının ideoloji əsaslarına ayna tutur. Bu ideoloji konsepsiyanı Şeyx Cüneyd hazırlayıb və onun tariximizdəki rolu ilk dəfə Azərbaycan nəsrində öz əksini tapır."

“İki sahil” xəbər verir ki,  bu sözləri şair-yazıçı, tərcüməçi Kənan Hacı  Yunus Oğuzun  "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün  Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə  münasibət bildirərkən  deyib:

"Cığır" romanının fabulasında, forma və məzmununda da yazıçının peşəkarlığı qabarıq şəkildə hiss olunur. Romanda tarixi şəxsiyyətlər təsvir edilir, amma bu tarixi şəxsiyyətlər günümüzün yaşayan canlı qəhrəmanları, ictimai xadimləridir. Oxucu tarixi roman dedikdə adətən, əsrlərin dərinliklərinə səyahətə fokuslanır, "Cığır" romanında biz şahidi olduğumuz hadisələrin yazıçı rakursunda özünəməxsus bədii həllini görürük. Cığırın Yola çevrilməsinin şahidi oluruq. Əsər Pənahəli xanın Qarabağ xanlığının əsasını qoymaq üçün axtarışa çıxmasıyla başlayır. Onun qarşısına çoban Nəsrəddin çıxır və ona məlum cığırı göstərir, həmin cığırla qalxırlar və Pənahəli xan orada Şuşa qalasının əsasını qoyur. Bu cığırın sirri nəsildən-nəslə ötürülərək bu günümüzə qədər gəlib çıxır. Yazıçı əsər boyu bədnam qonşularımızın məkrli planlarını ifşa edir, tarixi xronika yaddaşımızı təzələyir. Qacarın Şuşa qalasına hücumu və məğlubiyyəti, 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalı və bu işğalın səbəbləri, iyirmi səkkiz il ərzində dünya birliyinin bu ədalətsizliyə susması, nəhayət, 8 noyabr Zəfəri romanda canlı epik lövhələrlə təsvir edilir.

Şuşanın azad edilməsi zamanı bizim döyüşçülərin "kölgə oyunu" düşməni vahiməyə salır. Ordunun hərbi qüdrətini simvolizə edən kölgə detal olaraq yazıçının uğurlu tapıntısıdır. Düşmən ağlını itirmək həddinə çatır, sanki canlı əsgərlərlə deyil, ruhlarla üzbəüz gəldiklərini qorxu içində pıçıldayırlar.
Bu dəfə də çoban Nəsrəddinin xələfi Nəsrəddin o müqəddəs Cığırı göstərir. Müzəffər Ordumuzu Qələbəyə o Cığır aparır."