19 aprel 2024 15:41
272

Buraxılış imtahanlarında suallar ASAN OLUB?

Qəbul imtahanlarının keçid balları artacaqmı? -EKSPERT DƏYƏRLƏNDİRİR

Martın 3-də və 10-da keçirilmiş  buraxılış imtahanlarının nəticələri kifayət qədər ciddi rezonans doğurdu. Azərbaycanın təhsil tarixində keçirilmiş buraxılış imtahanlarında indiyə qədər belə rekord nəticə qeydə alınmamışdı.Belə ki, buraxılış imtahanları həm  ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi,  həmçinin on birinci sinifi bitirdikdə attestata yazılacaq ballardır. Burada imtahan iştirakçılarına 300 bal toplamaq imkanı verilir və bizim kifayət qədər böyük sayda  - 53  şagirdimiz onlara təqdim edilmiş bütün test tapşırıqlarına doğru cavab verdi.

Bu fikirləri “İki sahil”ə açıqlamasında təhsil eksperti Kamran Əsədov  bildirdi.

Göstəricilər birdən-birə bu qədər artmasının səbəbi...

Təhsil ekspertinin sözlərinə görə, əvvəlki illərlə müqayisə edəndə görürük ki, hər il ən yaxşı halda 4-5 nəfər  buraxılış imtahanından maksimum bal toplayırdı. Bu il isə göstəricilər birdən-birə kifayət qədər artdı. Bunun bir neçə səbəbi var. Birinci səbəbi, son 3 il ərzində baxmayaraq ki, pandemiyanın nəticələri tam aradan qalxmayıb Elm və Təhsil  Nazirliyi mütəmadi olaraq məktəblərdə buraxılış imtahanları modelində monitorinq imtahanları keçirib. İndiyə qədər belə bir hal yox idi, son 3 il ərzində Elm və Təhsil Nazirliyi orta məktəblərdə təhsil sisteminə nəzarət və  təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük işlər görür. Xüsusən məktəbdaxili  qiymətləndirmələr, həmçinin mütəmadi  olaraq monitorinqlərin keçirilməsi və monitorinqlərdə təqdim edilmiş test tapşırıqlarının  birbaşa buraxılış imtahanları modelində olması kifayət qədər məhz qəbul imtahanlarının nəticələrinə öz təsirini göstərir yəni, indiyə qədər abituriyentlər  o qədər də test tapşırıqları ilə tanış deyildilər, artıq onlar test tapşırıqları ilə kifayət qədər yaxından tanışdılar. Məhz bu qədər tanışlıq,  şagirdlərin imtahan nəticələrini də öz təsirini göstərib. Qeyd edim ki, 2008-ci ildən ölkədə tətbiq edilən kurikulum  standartları ilə qiymətləndirmə ilk dəfə idi ki, bu qədər maksimum nəticəni müşahidə edirdi. Yəni, 2008-ci ildə orta məktəbə gedən şagirdlər 2019-cu ildə məzun oldular. Onlar kurikulum qaydaları ilə ilk dəfə imtahan vermişdilər. Təbii ki, birdən-birə belə nəticə gözlənilmirdi. Proqnozda belə bir gözlənti yox idi ki, bu qədər çox şagird yüksək nəticə toplasın.

Sual modelləri müəllimlərə, repetitorlara artıq bəllidir

Həmsöhbətimiz qeyd etdi ki, Dövlət İmtahan Mərkəzinin imtahanda tətbiq etdiyi sual modelləri müəllimlərə, repetitorlara artıq bəllidir. Qiymətləndirmə meyarları və standartları artıq bəllidir. Yəni, artıq bizim müəllimlərimizə, şagirdlərimizə bu imtahan modelləri tanış olduğu üçün belə nəticələr gözləniləndir. Artıq biz bilirik ki, Dövlət İmtahan Mərkəzi açıq tipli sualların qiymətləndirilməsi zamanı daha çox nələrə diqqət edir. Yəni, müəllimlər artıq Dövlət İmtahan Mərkəzinin sirrini çözüblər. Bu, imtahan nəticələrinə də öz təsirini göstərir.  Əlbəttə, bu, nəticələrin yüksək olması qəbul imtahanlarına xüsusən dördüncü və birinci  ixtisas qrupu üzrə yüksək balların formalaşmasına təsir edəcək. Çünki yüksək bal toplayanların böyük əksəriyyəti birinci və dördüncü ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istiqamətində düşünən və bu istiqamətdə gələcək karyerasını proqnozlaşdıran abituriyentlərdir. Onlar riyaziyyatı daha yaxşı bilirlər və məhz  bu da imtahan nəticələrinə öz təsirini göstərib. Bu illəri tibb ixtisası üzrə müəyyən qədər proqnozlaşdıra bilərik ki, balların əvvəlki illərlə müqayisədə təkrarlanmaması ehtimalı var. Amma, digər ixtisaslarda bal yüksəlişi gözlənilmir. Yəni,  kütləvi şəkildə balların qalxma ehtimalı yoxdur. Buna səbəb isə bu il ali təhsil müəssisələrinin qəbul  plan yerində də kəskin artım müşahidə olunacaq.

Qarabağ Universiteti, Türkiyə- Azərbaycan Universiteti fəaliyyətə başlayacaq

Yəni, bu illəri universitetlərimizin qəbul plan yerləri 60 mindən çox olacaq. Məsələn, 2010-cu ildə ali təhsil müəssisələrinə qəbul plan yeri 29 min idi. Bu il isə 60 mindən çox olacaq. Həmçinin, Qarabağ Universiteti,  Türkiyə- Azərbaycan Universiteti fəaliyyətə başlayacaq. Bu o deməkdir ki, bizim yeni universitetlər birmənalı şəkildəqəbul  plan yerinə öz təsirini göstərəcək. Ona görə də kütləvi və ciddi şəkildə bal artımını gözləmirik. Həmçinin, imtahan iştirakçılarının sayına baxanda da görürük ki, 114 min nəfər imtahanda iştirak edir və onlar arasında  53  nəfər maksimum bal toplayır. Ortalama bal o qədər ciddi şəkildə qalxmayacaq. Azərbaycan şagirdləri üçün orta göstərici  120 bal ətrafındadır. 

Dövlət İmtahan Mərkəzi bunkerində olan sualların hamısını ictimaiyyətə açıqlayıb

30-40 faiz test tapşırıqlarında asanlaşma var idi

Kamran Əsədov  vurğuladı ki, sualların asan olması bilavasitə ballara təsir göstərib. Heç kim inkar edə bilməz ki, bu illəri keçirilən buraxılış imtahanlarında təqdim edilmiş test tapşırıqlarının ağırlıq səviyyəsi keçən illə eyni idi. Xeyr, kifayət qədər yəni 30-40 faiz test tapşırıqlarında asanlaşmalar var idi. Bu da nəticələrə öz təsirini göstərib. Builki nəticələrin yüksək olması birinci səbəbi əlbəttə ki, məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsidirsə, ikinci də sualların artıq tanış olması, üçüncü isə sualların asan olmasıdır. Yəni, Dövlət İmtahan Mərkəzi demək olar ki,  test bankını ictimaiyyətə açıqlayıb. Hər il keçirilən qəbul, buraxılış və sınaq  imtahanları, həmçinin test bankı, siniflər üzrə testlər, yəni, Dövlət İmtahan Mərkəzi özünün bunkerində, bazasında  olan sualların hamısını ictimaiyyətə açıqlayıb. Müəllimlər, şagirdlər, valideynlər suallarla tanışdılar. Ona görə də gözlənti belədir ki, növbəti illərdə də  bu nəticələr təbii ki, təkrarlanacaq. Amma, plan yerlərinin qalxması ümumi nəticələrə öz təsirini birmənalı şəkildə göstərməlidir və göstərəcək də. Biz kütləvi bal artımını gözləmirik. Nə qədər bal artımı yüksəlsə belə plan yerlərinin çoxluğu bunu tənzimləyəcəkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”