Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub.
“İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 24-dək davam edəcək 60-cı Venesiya Biennalesi “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında keçirilir.
Azərbaycan pavilyonu Venesiyada XVI əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşir və “Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunaraq, biennalenin şüarını özündə əks etdirir.
Pavilyonun açılışında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ötən müddətdə Azərbaycan rəssamlarına Fond tərəfindən göstərilən dəstək layihələrini xatırladıb. Bildirib ki, Heydər Əliyev Fondu, həmçinin Venesiya Biennalesində Azərbaycanın pavilyonlarının ərsəyə gəlməsində iştirak edir.
Anar Ələkbərov pavilyonumuzun yaradılmasında iştirak edənlərə, o cümlədən layihənin kuratoru - müasir incəsənət sahəsi üzrə tənqidçi, sənətşünaslıq professoru, 53-cü Venesiya Biennalesində İtaliya pavilyonunun kuratoru olmuş Luka Beatrisə, Azərbaycanın Mədəniyyət Nazirliyinə, həmçinin Azərbaycanın İtaliyadakı səfirliyinə təşəkkürünü bildirib.
Venesiya sərgisində Azərbaycan pavilyonunun kuratoru Luka Beatris isə Azərbaycanın müasir memarlığının tarixlə dialoqda olduğunu, incəsənətimizin isə gələcəyə yönələn münasibətin ən sadiq güzgüsü olduğunu bildirib. Luka Beatris tədbir iştirakçılarını qədim ölkəmizdəki mədəni və bədii coşqunu anlamaq üçün Bakıya səfər etməyə çağırıb.
Sonra qonaqlar Azərbaycan pavilyonu ilə tanış olublar.
Pavilyonumuzu ziyarət edənlər arasında BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Venesiya Biennalesində təmsil olunan Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid Al Qassimi də olub.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Venesiya Biennalesi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid Al Qassimi və digər ölkələrdən olan həmkarları ilə görüşüb. Görüşlərdə mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, birgə mədəni layihələrlə bağlı fikir mübadilələri aparılıb.
Ölkəmiz müasir incəsənət sahəsində dünyanın məşhur platformalarından olan Venesiya Biennalesində 2007-ci ildən iştirak edir. 60-cı Venesiya Biennalesindəki Azərbaycan pavilyonunda Əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam Vüsalə Ağaraziyevanın əsərlərinin zəngin palitrası vasitəsilə əcnəbilik mövzusu tədqiq edilir, həmin mövzunun Azərbaycan üçün aktuallığı diqqətə çatdırılır.