23 yanvar 2018 14:34
1118

İdxalı azaldacaq, ixracı artıracaq yeni bir sahə

Dövlət Statistika Komitəsinin məlumatına görə, dekabr ayında qiyməti ucuzlaşan ərzaq məhsulları arasında sitrus meyvələrindən limon, portağal, naringi də yer alıb. Bunu təklifin çoxluğu  ilə əlaqələndirmək olar. Lakin təəssüflər olsun ki, təklifin bir hissəsi hələ də idxal hesabına formalaşır.

Xatırladaq ki, ötən il çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair Lənkəranda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyev bu məsələyə toxunaraq  2016-cı ildə ölkəmizə 17  milyon dollar dəyərində 27 min ton sitrus meyvələri idxal edildiyinə diqqət çəkmiş,  idxaldan asılılığı aradan götürmək üçün  ilkin mərhələdə  əlavə olaraq  bu qədər sitrus meyvələrinin yetişdirilməli olduğunu bildirmişdi.

Dövlət başçısı bu sahənin inkişafının idxalı aradan qaldırmaqla bərabər, ixrac imkanlarına da malik olduğunu bildirmişdi: “Biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək bu məbləğə qənaət etmiş olarıq. Bu, birinci vəzifədir, birinci mərhələdir. Əsas məsələ ondan ibarətdir ki, biz böyük ixrac potensialı da yaradaq”.

Qeyd edək ki, sitrus bitkilərinin meyvəsi yeyilməklə bərabər ondan şirə, mürəbbə, kompot, cem və digər konservləşdirilmiş məhsullar hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabığından kosmetika, əczaçılıq və yeyinti sənayesində işlədilən efir yağı  alınır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2016-cı ildə dünya üzrə 146 milyon ton sitrus meyvələri istehsal olunub. Siyahıda ilk yerdə Çin (38 milyon ton), Braziliya (20 milyon ton) , Hindistan (12 milyon ton), Meksika (8 milyon ton) kimi ölkələr qərarlaşıb. Türkiyə (4,3 milyon ton) isə sitrus meyvələri istehsalına görə 8-ci yerdədir. Bu göstərici ilə qardaş ölkə Avropada İspaniyadan (7 milyon ton) sonra ikincidir. 

Sitrus meyvələrinin ixracını dünya üzrə 13,5 milyard dollar dəyərində  süfrə və 8,5  milyard dollar dəyərində sənaye sortlarını özündə birləşdirir. Braziliya sənaye sortlarının ixracında  dünya lideridir (2 milyard dolları ötür). Türkiyə süfrə sortlarının ixracından ildə 900 milyon dollar qazana bilirsə, sənaye sortları üzrə bu rəqəm 40 milyon tondur.

Onu da qeyd etmək lazımdır ki, bu sahədə böyük gəlir əldə edən ölkələr arasında sitrus meyvələri yetişdirilməyən ölkələr də var. Məsələn, Belçika və Niderlandda sitrus meyvələrinin yetişdirilməsinə rast gəlinməsə də, bu ölkələr sitrus meyvələrindən hazırlanan şirə ixracından illik 700-800  milyon dollar gəlirə sahibdirlər.

Azərbaycanda isə sitrus meyvələrinin yetişdirilməsinə ötən əsrin 20-ci illərinin sonundan başlanılsa da, Sovet İttifaqının dağılması ərəfəsində bu sahə demək olar ki, tənəzzülə uğrayıb. Lakin müstəqillik illərindən başlayaraq  kənd təsərrüfatının ənənəvi sahələrindən olan sitrus meyvələri istehsalı əhalinin bu məhsullara tələbatının ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və son məhsul çeşidlərinin artırılması istiqamətində dövlət dəstəyini gücləndirmək məqsədi ilə bir sıra əhəmiyyətli tədbirlər görülüb və uğurlu nəticələr əldə olunub. Bununla belə, mövcud şərtlər bu sahənin daha da inkişaf etməsinə ehtiyac yaradır. Bu məqsədlə Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ötən il imzalanmış Sərəncamında bu sahədə dayanıqlı inkişafın təmin edilməsi, tələbatın yerli istehsal hesabına təmin olunması, habelə ixrac imkanlarının genişləndirilməsi üçün əkin sahələrinin və məhsuldarlığın artırılması, toxumçuluq və tingçilik təsərrüfatlarının inkişafı, informasiya-məsləhət xidmətlərinin, kadr potensialının gücləndirilməsi, investisiyaların və ixracın təşviqi, zəruri infrastruktur və maliyyə resursları ilə təminat səviyyəsinin daha da yüksəldilməsi, suvarma sistemlərinin təkmilləşdirilməsi tədbirlərinin sürətləndirilməsinin zəruruliyi vurğulanıb və müvafiq qurumlara tapşırıqlar verilib.

Ceyhun Piriyev, “İki sahil”