20 aprel 2024 20:20
272

Düşünülmüş və uğurlu xarici siyasət: Sülhməramlıların çıxarılması Rusiya ilə münasibətləri daha da gücləndirəcək

2020-ci il 10 noyabr üçtərəfli Bəyanatına müvafiq olaraq rus hərbi kontingenti 5 il müddətinə müvəqqəti olaraq Qarabağ dislokasiya olundu. O zaman cəmiyyətdə heç də birmənalı olmayan bir fikir formalaşdırmağa çalışırdılar ki, rus hərbçiləri heç vaxt Azərbaycan ərazilərini bir daha tərk etməyəcəklər və Rusiyanın ölkəmizdə hərbi bazası yerləşdiriləcək və s. Amma görünən odur və o zaman bizim mövqeyimiz bundan ibarət idi ki, bu reallıqlar nəzərə alınmaqla müəyyən bir müddət ərzində, ən geci 5 ilə həyata keçiriləcək. Yəni ən gec 2025-ci ilin noyabr ayına rus hərbi kontingenti Azərbaycan ərazisini tərk edəcək. Azərbaycan dövlətinin yürütdüyü çox doğru, məqsədyönlü siyasətin nəticəsi olaraq hətta 4 il belə tamam olmamış rus hərbi kontingentinin Azərbaycan ərazisini tərk etməsinə şahidlik etdik. Çünki 2020-ci ildə olan İkinci Qarabağ savaşından sonra həyata keçirilən bir sıra antiterror tədbirləri ilə bölgədəki erməni separatçılarının, terrorçularının silahlı dəstələri zərərsizləşdirilərək ərazilərimizdən çıxarıldılar. Nəticə etibarı ilə erməni əhalisi Azərbaycan tərəfinin qalmaq təkliflərinə baxmayaraq könüllü olaraq bölgəni tərk etdilər. Bundan sonra yeni reallıqlar artıq formalaşdı. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Mili İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirdi.

Arzuxan Əlizadə qeyd etdi ki, yeni reallıqlar da onu deməyə əsas verir ki, rus hərbi kontingentinin artıq bölgədə qalmasına bir o qədər də ehtiyac qalmadı. İkitərəfli razılaşma əsasında Azərbaycan və Rusiya ali rəhbərliyinin qərarı ilə rus hərbi kontingenti ərazilərimizi artıq tərk etməsinə start verildi. Artıq kifayət qədər texnikalar, digər hərbi təyinatlı qurğular Rusiyaya daşınır və rus əsgərləri də bölgəni təkr etməkdədirlər. Bütövlükdə bu proses bir daha onu göstərdi ki, Azərbaycanın uğurlu xarici siyasəti var. Bu illər ərzində Azərbaycan Qarabağ 30 il ərzində işğalda qalan ərazilərinin azad edilməsi istiqamətində siyasi iradə nümayiş etdirərək olduqca doğru-düzgün siyasət yürütmüşdür. Nəticə etibarı ilə biz hədəflərimizə çatdıq və artıq belə demək olarsa, potsovet məkanında öz ərazisində digər dövlətin hərbi kontingentinin olmadığı bir ölkəyə çevrildik.

AMİP sədri bildirdi ki, əslində Azərbaycan Konstitusiyası ilə də digər dövlətlərin ölkəmizin ərazilərində hərbi kontingentinin, hərbi bazasının olması yasaqlanır. 10 noyabr 2020-ci ildə bağlanmış müqaviləyə əsasən yalnız 5 il müddətinə o dövrün reallıqları nəzərə alınaraq rus hərbi kontingentinin Azərbaycan ərazsində yerləşdirilməsinə razılıq verilmişdi. Artıq bu proses yekunlaşıb. Təbii ki, bu, Azərbaycan dövlətinin uğurlu siyasətinin nəticəsidir. Bundan sonrakı dönəmdə də Azərbaycana artıq regionun əsas söz və güc  sahibi olaraq bölgədə reallıqları öz xeyrinə dəyişib. Azərbaycan bölgədə sülhün və sabitliyin qarantı olan bir dövlətə çevrilməklə prosesi irəliyə doğru aparmaqdadır. Hesab edirəm ki, sülhməramlıların çıxarılması Azərbaycanla Rusiya arasında münasibətləri daha da gücləndirəcək.

Cavid Əkbər, “İki sahil”