Nizami rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, Bakı Şəhər Təhsil İdarəsinin və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə Badminton üzrə açıq turnir keçirilib.
“İki sahil” xəbər verir ki, turnirdə Bakı şəhəri üzrə müxtəlif idman məktəblərini təmsil edən 3 yaş qrupundan 100-dən çox idmançı iştirak edib. Turnir olimpiya sistemi üzrə keçirilib, oğlan və qız idmançılar üzrə qaliblər müəyyənləşdirilib.
Yarışın bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və başqaları bildiriblər ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı.
Çıxışlardan sonra mükafatlandırma mərasimi olub.
Qaliblərə medallar, diplomlar, hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim olunub.